Xəzər Xəbər

Azərbaycanda 100-dən çox Çin şirkəti fəaliyyət göstərir

İqtisadiyyat | 16:00 • 5 Fevral 2018
Azərbaycanda 100-dən çox Çin şirkəti fəaliyyət göstərir

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.


Səfərin ilk günü - fevralın 5-də İqtisadiyyat naziri Şahin Mustafayev bir sıra görüşlər keçirib.


AZƏRTAC xəbər verir ki, Çinin nəqliyyat naziri Li Siaopan ilə keçirilmiş görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Çin ilə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti Çinə 5 səfər edib, dövlət başçısının səfərləri zamanı mühüm razılaşmalar əldə olunub, 2015-ci ildə "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair sənəd imzalanıb. Azərbaycan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdəndir.


Nazir Şahin Mustafayev Azərbaycan-Çin iqtisadi əlaqələri barədə məlumat verib, ölkələrimizin ticarət, investisiya, maliyyə və texniki əməkdaşlıq sahələrində əməkdaşlıq etdiyini, Çin şirkətlərinin Azərbaycanda müxtəlif layihələrdə iştirakını diqqətə çatdırıb. Azərbaycanın böyük nəqliyyat-tranzit potensialına malik olduğunu qeyd edən Şahin Mustafayev ölkəmizdə enerji resurslarının daşınması üçün müvafiq infrastrukturun yaradıldığını, Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyət göstərdiyini, Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan TANAP və TAP layihələrinin icrasının davam etdirildiyini bildirib. Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində ötən il Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə verilib. Azərbaycanın hava, avtomobil və dəniz nəqliyyatı barədə danışan iqtisadiyyat naziri ölkəmizdə 6 beynəlxalq müasir hava limanının fəaliyyət göstərdiyini, Azərbaycanın Xəzər dənizində ən böyük donanmaya sahib olduğunu, Ələt Limanının tikintisinin davam etdirildiyini qeyd edib.


Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun üstünlüklərini diqqətə çatdıran Şahin Mustafayev bu marşrutun coğrafi-iqtisadi, məsafənin və müddətin qısa olması, müvafiq infrastrukturun mövcudluğu baxımından əlverişli olduğunu deyib. İqtisadiyyat naziri Azərbaycan nümayəndə heyətinin sabah Pekində təşkil olunan "Kəmər və Yol" təşəbbüsünün reallaşmasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rolu"na həsr edilən beynəlxalq konfransda iştirak edəcəyini bildirib.


Nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Çinin "Kəmər və Yol" təşəbbüsünün tərkib hissəsi olaraq dəstəklənməsində maraqlıdır. Bundan başqa, "Kəmər-Yol" təşviqinə dair Azərbaycanda tədbir keçirilə, Çin şirkətləri Ələt azad ticarət zonasına cəlb oluna, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ilə konteyner terminalının tikintisi və idarə edilməsi üzrə əməkdaşlıq həyata keçirilə bilər.


Çinin nəqliyyat naziri Li Siaopan ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikirlərini bildirib, Azərbaycan tərəfinin təkliflərinin öyrənilib reallaşdırılması üçün tədbirlər görüləcəyini vurğulayıb.


Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.


Çinin kommersiya nazirinin müavini, Beynəlxalq ticarət məsələləri üzrə nümayəndəsi Fu Ciyin ilə keçirilmiş görüşdə iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, iqtisadi-ticarət sahəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin 43 faiz artdığını, ölkəmizdə 100-dən çox Çin şirkətinin fəaliyyət göstərdiyini, 2016-cı və 2017-ci illərdə Çinin Honq-Konq, Quancou və Şanxay şəhərlərinə Azərbaycanın ixrac missiyalarının təşkil edildiyini, şərablarımızın vahid ölkə stendi ilə nümayiş olunduğunu qeyd edib. Azərbaycan və Çin iş adamlarının iştirakı ilə 8 biznes-forum keçirilib. Bu tədbirlərin nəticəsi olaraq, Çinə şərab ixracına dair müqavilə imzalanıb, Azərbaycan şərabı mükafat alıb.


Bildirilib ki, Çinlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan şirkətləri öz məhsulları ilə bu il Çində "Sial China 2018", "Çin-Avrasiya" və "China Internatıonal Import Expo" sərgilərində iştirak edəcək. Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində fevralın 6-da növbəti biznes-forum keçiriləcək. Hazırda Şanxay Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində "Azərbaycan Şərab Evi"nin açılmasına dair danışıqlar aparılır. Bütün bunlar, eləcə də bu gün rəsmi açılışı olan Azərbaycanın Çində Ticarət Nümayəndəliyi əlaqələrin inkişafında önəmli olacaq.


Nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, Azərbaycanın bir sıra kənd təsərrüfatı və emalı, sənaye məhsullarının Çinə ixracı üçün böyük potensialı var və bu məhsulların ixracına dair müvafiq icazələrin verilməsinə Çin tərəfinin dəstəyi əhəmiyyətlidir. Bildirilib ki, Çin iş adamlarının Azərbaycanda yaradılan sənaye parklarında və aqroparklarda, tikinti sektorunda reallaşdırılan layihələrdə iştirakı, birgə müəssisələrin yaradılması, xüsusilə kənd təsərrüfatı avadanlıqlarının istehsalı üzrə, pambıqçılıq, qida sənayesi məhsullarının birgə istehsalı, İKT, Çinin "Huawey" şirkəti ilə əməkdaşlığın genişləndirilməsi, turizm sahəsində əməkdaşlıq imkanları genişdir.


Azərbaycan nümayəndə heyəti ilə görüşündə Çinin kommersiya nazirinin müavini, Beynəlxalq ticarət məsələləri üzrə nümayəndəsi Fu Ciyin Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığına önəm verildiyini vurğulayıb, əlaqələrin inkişafı istiqamətində fikirlərini bildirib.


Azərbaycan nümayəndə heyətinin Şenjen Şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyası və Çin Dəmir Yolunun XIX Bürosunun nümayəndələri ilə görüşündə Şenjen Şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyasının fəaliyyəti barədə Azərbaycan tərəfinə məlumat verilib, qeyri-neft sektorunun müxtəlif sahələrində, xüsusilə sənaye sahəsində əməkdaşlıq, eləcə də 2017-ci ildə Qaradağ Rayon İcra Hakimiyyəti ilə Şenjen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyası arasında Ələt qəsəbəsində Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyinin yaradılmasına dair imzalanmış saziş barədə müzakirələr aparılıb.

Xəbər lenti