Xəzər Xəbər

Elman Rüstəmovun sədirliyi ilə iclas keçirildi – Manatın məzənnəsi müzakirə edilib

İqtisadiyyat | 15:06 • 3 Fevral 2018
Elman Rüstəmovun sədirliyi ilə iclas keçirildi

Azərbaycan Mərkəzi Banknın (AMB) İdarə Heyətinin 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir. Baş Bankdan Banker.az-a daxil olan məlumatda bu deyilir. Çəlumata görə,AMB-nin struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov giriş nitqi ilə çıxış edib.

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin ölkənin makroiqitisadi vəziyyəti və sosial-iqtisadi inkişafına dair qaldırdığı məsələləri çıxışında önə çəkən Baş bankir bildirib ki, yeni qlobal iqtisadi reallıqlara uyğun olaraq son illərdə həyata keçirilən davamlı stabilləşdirmə tədbirləri nəticəsində ölkədə makroiqtisadi sabitlik və dayanıqlığın əsasları yaradılıb. Tədiyə balansı tarazlaşmış, valyuta ehtiyatlarına təzyiq azalmış, milli valyutanın xarici dəyəri sabitləşmiş və inflyasiya gözləntiləri nisbətən səngimişdir. Bu müsbət nəticələr dərin makroiqtisadi manevr və çevik koordinasiya olunmuş makroiqtisadi siyasət çərçivəsinin tətbiqi sayəsində mümkün olmuşdur.

E.Rüstəmov qeyd etdi ki, Prezident İlham Əliyev ölkədə makroiqtisadi vəziyyətin sabitləşdiyini, inflyasiyanın səviyyəsinin aşağı olmasını, eləcə də manatın məzənnəsinin sabit olduğunu vurğulamış və ölkənin hərtərəfli inkişafı ilə bağlı bir sıra mühüm göstərişlər vermişdir. Bununla əlaqədar, Mərkəzi Bankın 2017-ci ilin yekunlarına həsr olunmuş toplantısının əsas məqsədinin həm ötən ilin yekunlarını qiymətləndirmək, həm də son müşavirədə cənab Prezidentin tapşırığından irəli gələn vəzifələri müəyyənləşdirmək olduğunu bildirdi. Vurğulandı ki, 2017-ci ildə Mərkəzi Bank yeni pul siyasəti rejimi çərçivəsində makroiqtisadi dayanıqlığa yönəldilmiş siyasət həyata keçirmiş, siyasət faiz dərəcəsi və pul təklifi mənbələri makroiqtisadi sabitlik və milli iqtisadiyyatın inkişafının təmin edilməsi hədəflərinə uyğun şəkildə tənzimlənmişdir.

2017-ci ildə makroiqtisadi sabitlik meyillərinin yaranması qeyri-neft sektorunda iqtisadi artımın bərpasına şərait yaratmışdır. Belə ki, ötən il qeyri-neft sektorunda ümumi daxili məhsul real olaraq 2.7% artmışdır. Xarici tələblə yanaşı daxili tələb iqtisadi artımda mühüm rol oynamış, dövlət büdcəsi xərcləri daxili tələbə təsir edən mühüm amillərdən biri olmuşdur.

2017-ci ildə inflyasiya gözləntiləri stabilləşmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə valyuta bazarının sabitləşməsi, hətta manatın məzənnəsinin möhkəmləndiyi şəraitdə inzibati qiymətlərin və dünya ərzaq qiymətlərinin artması, bir sıra əmtəə qrupları üzrə tələb-təklif nisbətinin dəyişimi inflyasiyanın səviyyəsinə təsir edən başlıca amillər olmuşdur.

2017-ci ildə monetar şərait əsasən fiskal sektorun və bank sisteminin likvidliyə olan ehtiyaclarının təsiri altında formalaşmışdır. Pul siyasəti alətləri inflyasiya və pul təklifi üzrə hədəflər, eləcə də pul siyasətinin transmissiyası xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilmişdir. 2017-ci ilə pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 8.7% artmışdır ki, bu da qeyri-neft sektoru üzrə iqtisadi artım tempini əhəmiyyətli üstələyir. İl ərzində iqtisadiyyatda ödənişlərin vaxtlı-vaxtında həyata keçirilməsi üçün daim kifayət qədər pul olmuşdur. Dəyər ölçüsü və ödəniş vasitəsi funksiyası ilə yanaşı, hesabat ilində manat müəyyən qədər yığım vasitəsi funksiyasını da bərpa etməyə başlamışdır.

Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində manat ilin əvvəlindən 4% möhkəmlənmişdir ki, bu da inflyasiya gözləntilərinə və dollarlaşmaya azaldıcı təsir göstərmişdir.

Tədiyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaratmışdır. Strateji ehtiyatlar 2017-ci ilin əvvəlinə nəzərən 4,2 mlrd.$ artaraq ilin sonuna 42 mlrd. ABŞ dolları təşkil etmişdir. Mərkəzi Bankın valyuta ehtiyatları isə 34% artaraq ilin sonuna 5.3 mlrd. ABŞ dolları təşkil etmişdir.

Çıxışda qeyd edildi ki, xarici şoklara adekvat olaraq həyata keçirilmiş siyasət tədbirləri nəticəsində 2017-ci ildə yeni makroiqtisadi sabitlik çərçivəsi formalaşdırılmış, ölkənin xarici və daxili balansı yaxşılaşmağa başlamışdır. Bu prosesdə Maliyyə Sabitliyi Şurası makroiqtisadi koordinasiya üçün effektiv platforma rolunu oynamışdır.

Həmçinin bildirildi ki, pul siyasəti alətləri inflyasiya, inflyasiya gözləntiləri, pul təklifi üzrə hədəflər, maliyyə bazarlarında proseslər, habelə pul siyasətinin transmissiyasının xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilmişdir. Mərkəzi Bank il ərzində faiz dəhlizinin parametrlərini bir neçə dəfə müzakirə etmiş və uçot dərəcəsini dəyişməz saxlamışdır. Pula tələbin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlamışdır. İl ərzində pul siyasəti əməliyyatları üzrə təminat kimi qəbul edilən qiymətli kağızların yeni siyahısı təsdiq edilmiş, çərçivə və açıq bazar əməliyyatlarının siyahısı genişləndirilmişdir. 2017-ci ildə iqtisadi gözləntilərin effektiv idarə olunması üçün Mərkəzi Bank pul siyasətinin kommunikasiyası alətlərindən aktiv istifadə etmişdir.

Sonra E.Rüstəmov vurğuladı ki, Mərkəzi Bank öz fəaliyyətinin qanunvericiliklə müəyyən edilmiş digər funksional istiqamətlərində də vəzifələrin yerinə yetirilməsini təmin etməklə ölkəmizin hərtərəfli inkişafına zəruri dəstək vermişdir.

İclasda daha sonra Mərkəzi Bankın ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə məruzələr dinlənildi, geniş müzakirələr aparıldı, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Müzakirələrdə qeyd edildi ki, Mərkəzi Bankın fəaliyyətinin bütün istiqamətlərinin müasirləşdirilməsi üzrə intensiv iş aparılmış, pul proqramı üzrə əməliyyat hədəflərinin reallaşması təmin edilmiş, Mərkəzi Bankın mandat və funksiyalarına uyğun istiqamətlər üzrə tədqiqatlar aparılmış, monetar idarəetmə, onun statistik bazası daha da təkmilləşdirilmiş, institusional inkişaf prosesi sürətlənmiş, müasir elektron infrastruktura əsaslanan, fasiləsizlik prinsipi ilə işləyən və daim təkmilləşən ödəniş sistemləri fəaliyyət göstərmiş, iqtisadiyyatın nağd pula tələbatı tam təmin edilmiş və onun idarə olunması daha da təkmilləşmiş, insan resurslarının inkişafına diqqət artırılmış, funksional və biznes proseslərinin səmərəli yerinə yetirilməsi üçün layihələr həyata keçirilmişdir.

E.Rüstəmov iclasa yekun vuraraq Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələrə diqqəti çəkdi. Bildirdi ki, Möhtərəm prezidentin irəli sürdüyü inkişaf strategiyasına, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin başlıca hədəf və vəzifələrinə, eləcə də Mərkəzi Bankın 2018-ci il və orta müddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatına uyğun olaraq makroiqtisadi sabitliyin dayanıqlığının gücləndirilməsi qarşıda duran başlıca vəzifədir.

Həmçinin qeyd etdi ki, 2018-ci il və ortamüddətli dövr Azərbaycanda yeni iqtisadi inkişaf modelinə keçid və dayanıqlı iqtisadi artıma nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu dövrdə makroiqtisadi və maliyyə sabitliyinin qorunması dayanıqlı iqtisadi artım üçün baza şərti olacaqdır. Mərkəzi Bank mandatına uyğun olaraq özünün stabilizasiya xarakterli balanslı pul siyasəti ilə əldə olunmuş makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlığının təmin edilməsinə zəruri dəstək verəcək, hökumətlə birlikdə öz siyasətini inflyasiyanın birrəqəmli səviyyədə saxlanılmasına yönəldəcək, inflyasiyaya təsir imkanlarını artırmaq üçün pul siyasətinin strateji və əməliyyat çərçivəsini daha da təkmilləşdirəcək, bununla əlaqədar bütün istiqamətlərdə zəruri islahatların aparılması diqqətdə saxlanılacaqdır.

Daha sonra bildirdi ki, hökumətin birrəqəmli inflyasiya proqnozunu da nəzərə almaqla sərəncamındakı alət və mexanizmlərdən istifadə edərək Mərkəzi Bank 2018-ci ildə inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaqdır. Fiskal siyasətdəki nisbi yumşalmanı nəzərə almaqla Mərkəzi Bank konservativ pul siyasətini davam etdirəcəkdir. Bunun üçün Mərkəzi Bank adekvat monetar şəraitin formalaşmasını təmin edəcəkdir. Xarici şokları effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq Mərkəzi Bank çevik məzənnə rejimini saxlayacaqdır. Mərkəzi Bank milli valyutanın fundamental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər. Pul təklifinin həcmi iqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tənzimlənəcəkdir. Bununla belə ödənişlərin fasiləsizliyini təmin etmək, iqtisadiyyatın zəruri həcmdə likvidliyə olan tələbatını ödəmək bundan sonra da diqqətdə saxlanacaqdır.

Pul siyasəti hədəflərinə nail olmaq üçün Mərkəzi Bank sərəncamındakı alətlərdən makroiqtisadi vəziyyətə adekvat istifadə edəcək, bu alətlər üzrə kəmiyyət parametrləri proqnozlaşdırılan və faktiki inflyasiya arasındakı fərqdən asılı olaraq çevik dəyişdiriləcəkdir. Mərkəzi Bank banklar tərəfindən likvidliyin effektiv idarə edilməsinə şərait yaratmaq və pul siyasəti hədəflərinə nail olmaq üçün özünün müxtəlif müddətli çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayacaqdır. Alətlərdən istifadə bank sistemindəki likvidlik vəziyyətindən asılı olacaqdır. Struktur likvidlik profisiti olduğu təqdirdə Mərkəzi Bankın sterilizasiya əməliyyatları üzrə portfeli genişlənə bilər. Faiz dəhlizinin parametrləri iqtisadi tsikl göstəriciləri, inflyasiya riskləri balansının təhlili və maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər nəzərə alınmaqla müəyyənləşdiriləcəkdir. Mərkəzi Bank inflyasiyanın dinamikasını və inflyasiya gözləntilərini nəzərə alaraq uçot dərəcəsinin real səviyyəsinin pozitiv zonada qalmasına üstünlük verəcəkdir.

Siyasət qərarları qəbul edilərkən pul siyasətinin transmissiyası xüsusiyyətləri də nəzərə alınacaq, qərarlar qabaqlayıcı rejimdə qəbul ediləcəkdir. Pul bazarının inkişaf səviyyəsindən asılı olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsi davam etdiriləcəkdir. Əməliyyat hədəfinə effektiv şəkildə nail olmaq, alətlər üzrə kəmiyyət parametlərini adekvat müəyyən etməyə imkan verən likvidliyin monitorinqi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi işləri davam etdiriləcəkdir.

Pul siyasətinin transmissiya effektinin gücləndirilməsi və maliyyə sektorunun resurs bazasının möhkəmləndirilməsindəki rolunu nəzərə alaraq Mərkəzi Bank nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir. Ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair Mərkəzi Bank tərəfindən hazırlanmış dövlət proqramının qəbul edilərək reallaşması yaradılmış müasir ödəniş infrastrukturundan istifadəni əhəmiyyətli yaxşılaşdıra bilər. Mərkəzi Bank son dövrlərdə sürətlə populyarlaşan blokçeyn texnologiyalarının tətbiqi üzrə beynəlxalq prosesləri də izləyir və bu texnologiyalar əsasında maliyyə sektorunda müştəri-bank münasibətlərində rəqəmsal identifikasiya sisteminin yaradılması üzrə pilot layihənin reallaşdırılması nəzərdə tutulur.

Mərkəzi Bankın vacib funksional fəaliyyət istiqamətlərindən olan nağd pul sferası üzrə 2018-ci ildə tədavüldə nağd pulun strukturunun optimallaşdırılması, pul nişanlarının mühafizə sistemlərinin gücləndirilməsi, yübiley və əlamətdar hadisələrə həsr olunmuş xatirə pul nişanlarının tədavülə buraxılması və bütövlükdə nağd pul idarəedilməsi sistemlərinin effektivliyin artırılması və avtomatlaşma səviyyəsinin daha da yüksəldilməsi diqqət mərkəzində olacaqdır.

E.Rüstəmov eyni zamanda yeni çağırışlardan, xüsusilə də Ölkə Prezidentinin son çıxışlarında irəli sürdüyü inkişaf vəzifələrindən, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsindən, Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının qəbul etdiyi Tədbirlər Planından, eləcə də Mərkəzi Bankının 2018-ci il və orta müddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatından irəli gələn aidiyyəti vəzifələrin uğurla icrasında Mərkəzi Bankda strateji planlaşmanın, tədqiqat, analitik və proqnozlaşdırma bazasının, yeridilən siyasət və fəaliyyətin kommunikasiyasının, risk idarəetməsinin, insan kapitalının, idarəetmə proseslərinin, hüquqi dəstəyin daha da müasirləşməsi və inkişafının vacib rol oynayacağını bildirdi.

Xəbər lenti