"2018-ci il və
ortamüddətli dövr Azərbaycanda yeni iqtisadi inkişaf modelinə keçid və
dayanıqlı iqtisadi artıma nail olmaq baxımından mühüm əhəmiyyət kəsb
edir. Bu dövrdə makroiqtisadi və maliyyə sabitliyinin qorunması
dayanıqlı iqtisadi artım üçün baza şərti olacaqdır”.
XəzərXəbər-in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov
ilin yekunları ilə bağlı iclasda çıxışı zamanı bildirib. O qeyd edib
ki, Mərkəzi Bank mandatına uyğun olaraq özünün stabilizasiya xarakterli
balanslı pul siyasəti ilə əldə olunmuş makroiqtisadi və maliyyə
sabitliyinin dayanıqlığının təmin edilməsinə zəruri dəstək verəcək,
hökumətlə birlikdə öz siyasətini inflyasiyanın birrəqəmli səviyyədə
saxlanılmasına yönəldəcək, inflyasiyaya təsir imkanlarını artırmaq üçün
pul siyasətinin strateji və əməliyyat çərçivəsini daha da
təkmilləşdirəcək, bununla əlaqədar bütün istiqamətlərdə zəruri
islahatların aparılması diqqətdə saxlanılacaqdır.
E. Rüstəmov
əlavə edib ki, hökumətin birrəqəmli inflyasiya proqnozunu da nəzərə
almaqla sərəncamındakı alət və mexanizmlərdən istifadə edərək Mərkəzi
Bank 2018-ci ildə inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaq:
"Fiskal siyasətdəki nisbi yumşalmanı nəzərə almaqla Mərkəzi Bank
konservativ pul siyasətini davam etdirəcək. Bunun üçün Mərkəzi Bank
adekvat monetar şəraitin formalaşmasını təmin edəcək. Xarici şokları
effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq Mərkəzi Bank
çevik məzənnə rejimini saxlayacaq. Mərkəzi Bank milli valyutanın
fundamental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli
dəyişkənliyinin qarşısının alınması məqsədilə məhdud sayda və həcmdə
valyuta bazarına müdaxilə edə bilər.
Pul təklifinin həcmi
iqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında
gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla
tənzimlənəcək. Bununla belə ödənişlərin fasiləsizliyini təmin etmək,
iqtisadiyyatın zəruri həcmdə likvidliyə olan tələbatını ödəmək bundan
sonra da diqqətdə saxlanacaq”.