Xəzər Xəbər

ABŞ-ın neft ehtiyatları 1,6 faiz artıb

İqtisadiyyat | 14:52 • 1 Fevral 2018
ABŞ-ın neft ehtiyatları 1,6 faiz artıb

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 6,8 milyon barrel (1,6 faiz) artaraq 418,4 milyon barrel olub.


AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 100 min barrel artması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 1,1 milyon barrel azalmışdı. ABŞ-ın strateji neft ehtiyatları keçən həftə 200 min barrel artaraq 664,7 milyon barrel təşkil edib.


Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 2 milyon barrel (0,8 faiz) azalaraq 242,1 milyon barrelə geriləyib. Bazar proqnozları ehtiyatların 1,8 milyon barrel artması istiqamətində idi. Əvvəlki həftədə isə benzin ehtiyatları 3,1 milyon barrel artmışdı.


Hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 41 min barrel artaraq 9,92 milyon barrelə çatıb. Ölkənin neft idxalı əvvəlki həftəyə görə gündəlik 389 min barrel çoxalaraq 8,43 milyon barrel olub. ABŞ-ın xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə gündəlik 354 min barrel artaraq 1,76 milyon barrel təşkil edib.

Xəbər lenti