Xəzər Xəbər

Bütün kriptovalyuta birjaları yoxlanacaq - SƏBƏB

İqtisadiyyat | 09:30 • 1 Fevral 2018
Bütün kriptovalyuta birjaları yoxlanacaq -

Yaponiyanın maliyyə nəzarətçisi 530 milyon dollar məbləğində kriptovalyuta oğurluğundan sonra bütün kriptobirjaları yoxlayacaq. Xatırladaq ki, ötən həftə hakerlər "Coincheck” birjasından ən böyük kriptovalyuta oğurluğunu həyata keçiriblər. Bu, tarixdə ən böyük kriptovalyuta oğurluğu hesab edilir. Həmin birja yanvarın 19-da bitkoinlər istisna olmaqla, digər valyutaların hərracını dayandırıb. Bazar günü birja oğurlanan vəsaitin 90 faizini bərpa edəcəyini bildirib. Kriptobirjanın məlumatına görə, hadisə kriptovalyutanın daha təhlükəsiz olan və internetdən kənarda yerləşən "soyuq pul kisəsi” əvəzinə "isti pul kisəsi”ndə saxlanması səbəbindən baş verib.

AZƏRTAC xəbər verir ki, Yaponiya Maliyyə Xidmətləri Agentliyi "Coincheck” birjasından hadisə barədə hesabatı və belə halların qarşısını almaq məqsədilə atılacaq addımların siyahısını fevralın 13-dək hazırlamağı tələb edib. Eyni zamanda, tənzimləyici kriptobirjanın oğurlanan vəsaiti bərpa etmək imkanını araşdırmaq məqsədilə yoxlama keçirəcək.

2014-cü ildə Tokionun "MtGox” kriptobirjası 450 milyon dollar məbləğində itkidən sonra bankrot olduğunu elan etmişdi. Bu yaxınlarda Cənubi Koreyanın "Youbit” birjası da kriptovalyutaların oğurlanmasından sonra fəaliyyətini dayandırıb.

Yaponiya 2017-ci ildə bitkoini və digər kriptovalyutaları rəsmi ödəniş vasitəsi kimi qəbul edən ilk ölkədir.

Xəbər lenti