Xəzər Xəbər

Qax-Zaqatala yolunda işlər yekunlaşmaq üzrədir - FOTO

İqtisadiyyat | 12:14 • 30 Yanvar 2018
Qax-Zaqatala yolunda işlər yekunlaşmaq üzrədir -

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan respublika əhəmiyyətli R16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin əsaslı şəkildə yenidən qurulması yekunlaşaraq, son tamamlanma işləri görülür.

Bu barədə xezerxeber.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, layihənin başlanğıcı R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri (Qax şəhərinin girişi), sonu isə M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 125-ci kilometridir.

Ümumi uzunluğu 29,8 kilometr olan yol 3-cü texniki dərəcəyə uyğundur. Həmçinin yol 2 hərəkət zolaqlı və hərəkət hissəsinin eni 7 metr, çiyinlərin eni isə 2,5 metr olmaqla ümumi eni 12 metrdir.

Tikinti layihəsinə əsasən, yolda qazma və dolğu işləri, yeni yol yatağının və yol əsasının tikintisi işləri yekunlaşdırılaraq asfalt döşənməsi işləri görülüb, 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Layihə çərçivəsində, Qum çayı üzərində uzunluğu 23,2 metr və Süzgənc çayı üzərində uzunluğu 46 metr olan dəmir-beton körpülər inşa edilib, Dərnə, Atagar, Muxax və Lekit çayları üzərində yerləşən mövcud körpülərdə isə əsaslı bərpa və bərkitmə işləri aparılıb.

Hazırda yol boyu yaşayış məntəqələri hüdudlarında uzunluğu 5940 metr olan ikitərəfli və 1900 metr uzunluğunda birtərəfli piyada səkilərinin və 16 yerdə avtobus dayanacaqlarının tikintisi, çiyin hissələrin hamarlanması işləri görülür. Yolun hərəkət hissəsinin yağlı boya ilə xətlənməsi, məlumatverici və göstərici nişanların quraşdırılması isə yaxın müddət ərzində yekunlaşdırılacaq.

Qax-Zaqatala avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyi ilə uzanır və ölkənin ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Mühüm turizm marşrutuna daxil olmaqla yanaşı, yol əhatə dairəsinə xüsusilə Qax-Zaqatala rayonlarının 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsində nəqliyyat xidmətini yaxşılaşdırmağa imkan verəcək. Eləcə də, Qax və Zaqatala rayonları arasında hazırda mövcud olan yol məsafəsi xeyli qısalacaq.

Xəbər lenti