Xəzər Xəbər

Bu il Mingəçevir, Qəbələ və Ağdaş şəhərlərinin içməli su və kanalizasiya problemi tam həll olunacaq

İqtisadiyyat | 10:30 • 30 Yanvar 2018
Bu il Mingəçevir, Qəbələ və Ağdaş şəhərlərinin içməli su və kanalizasiya problemi tam həll olunacaq

İçməli su və kanalizasiya layihələri ilə bağlı işlər davam etdiriləcək. Bu il ən azı üç şəhərin içməli su və kanalizasiya problemi tam həll olunacaq. Mingəçevir, Qəbələ və Ağdaş şəhərlərində işlərin, layihələrin tamamlanması nəzərdə tutulur.

Xezerxeber.az məlumat verir ki, bunu Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində deyib.

Bununla paralel olaraq, daha 20 şəhərdə içməli su və kanalizasiya layihələrinin icra ediləcəyini vurğulayan dövlətimizin başçısı qeyd edib ki, bu şəhərlər arasında da bu il başa çatacaq layihələr ola bilər.

"Fasiləsiz su ilə təmin olunan əhali 67 faizdir, Bakı şəhərində 81, bölgələrdə 43. Bu məsələni həll etmək üçün, eyni zamanda, çaylarboyu yerləşən kəndlərdə müasir sutəmizləyici qurğuların tikintisi nəzərdə tutulur. Əvvəlki illərdə də belə layihələr icra edilib və çaylarboyu yerləşən kəndlərdə yüz minlərlə əhali bu imkanlardan faydalanıb. Bu il də bu layihələrin icrası nəzərdə tutulur və ən azı 300 subartezian quyusu qazılmalıdır. Vətəndaşlar bundan həm məişətdə, həm də kənd təsərrüfatında istifadə edirlər”, - deyə Prezident İlham Əliyev bildirib.

Xəbər lenti