Xəzər Xəbər

Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığı müzakirə olunub

İqtisadiyyat | 16:20 • 23 Yanvar 2018
Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığı müzakirə olunub

Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Azər Talıbov və Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahil Babayev videokonfrans formatında Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər.


AZƏRTAC RF İqtisadi İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, videokonfransda qarşılıqlı əməkdaşlıq məsələlərinin geniş dairəsi nəzərdən keçirilib. Gündəlikdə duran bütün məsələlər əlaqədar şirkət və ekspertlərin cəlb edilməsi yolu ilə iki ölkənin eyni profilli idarələri tərəfindən işlənib hazırlanacaq. Birgə işin nəticələri barədə hesabat növbəti iclasda verilməlidir.


Bundan əlavə, Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəliyi Bakıdakı Rusiya Ticarət Mərkəzi ilə birlikdə ekspertlər üçün silsilə təlim-seminarlar keçirməyi planlaşdırır.


Azər Talıbov söhbətin sonunda qeyd edib ki, idarələrarası əlaqələrin yeni formatı dinamik dəyişən iqtisadiyyatın müasir tələblərinə cavab verən səmərəli dialoq pəncərəsi açmağa imkan verəcək.


İkitərəfli Rusiya-Azərbaycan ticari-iqtisadi məsələlərinin operativ həlli üçün işçi qrupunun yaradılması haqqında qərar Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin 2017-ci ilin dekabrında Azərbaycana səfərinin yekunlarına əsasən qəbul edilib.

Xəbər lenti