Xəzər Xəbər

Daha 148 dövlət əmlakı hərraca çıxarılıb

İqtisadiyyat | 11:51 • 22 Yanvar 2018
Daha 148 dövlət əmlakı hərraca çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən fevralın 20-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Budəfəki hərracda müxtəlif çeşidli 148 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 25-i səhmdar cəmiyyət, 71-i kiçik dövlət müəssisə və obyekti, 52-si istifadəsiz qeyri-yaşayış sahəsidir.

Komitədən xezerxeber.az-a bildirilib ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların işini xeyli sadələşdirib. Sistem sərmayəçilərə hərraclara internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları yaradır. Elektron hərracda iştirak etmək istəyən şəxs ƏMDK-nın rəsmi saytına (e-emdk.gov) və ya "Elektron hökumət” portalına (e-gov.az) daxil olaraq müvafiq bölməni seçir. Ümumilikdə isə hərracda qeydiyyatdan keçmək, sifariş vermək elektron qaydada həyata keçirilir. Hərraclara qeydiyyatdan keçmədən onlayn olaraq https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkinə keçid etməklə canlı izləmək imkanı da var.

Hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərə "Salyan Broyler”, "Qax Taxıl”, "Zərdab Aqrotexservis”, "Bərəkət”, "Ağdaş Quşçuluq”, "Yevlax Yük Avtonəqliyyat”, "Cəlilabad Məişət” və digər bu kimi səhmdar cəmiyyətlər aiddir. Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində də yerləşir.

Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 faizini təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirilməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak "Salyan Broyler” Açıq Səhmdar Cəmiyyətidir. Bu əmlakın səhminin 30 faizi 170 min manata yaxındır. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Yevlax, İsmayıllı, Sabirabad, Zərdab, Şirvan, Xızı və digər bölgələrdə yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 19 kvadratmetr ilə 4 min 386 kvadratmetr arasında dəyişir.

Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar paytaxtla yanaşı, Ağcabədi, Astara, Salyan, Şəki, o cümlədən digər şəhər və rayonlarında yerləşir. Özəlləşdirilməyə çıxarılan müəssisələr sırasında İsmayıllı Təmir-Tikinti Sahəsi, Balakəndə olan Əmlak kompleksi kimi iri dövlət əmlakları var.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Mingəçevirdə yerləşən Quşçuluq yardımçı təsərrüfatını nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün yeyinti sənayesində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 4 min 386 kvadratmetrə, torpaq sahəsi isə 44 min kvadratmetrə yaxındır. Qeyd edək ki, bu əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilir.

Şəki istirahət zonası investorlar üçün turizm sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 372 kvadratmetrə, torpaq sahəsi isə 10 min kvadratmetrə yaxındır.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 37-si paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 10 kvadratmetr ilə 547 kvadratmetr arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı http://privatization.az/index.php/az/component linkindən əldə etmək mümkündür.

Qeyd edək ki, xarici investorları nəzərə alaraq, hərracların elanları ingilis dilinə də tərcümə edilib və portalın ingilis dili bölməsində yerləşdirilib.

Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, komitənin rəsmi saytı, "facebook”dakı rəsmi səhifəsi və "privatization.az” səhifəsi vasitəsilə aparılır.

Prosesə çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə Özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşdirmədə fəal iştirak etməyə dəvət edir.

Xəbər lenti