Xəzər Xəbər

60 saniyəyə əmlak sahibi ola bilərsiniz!

İqtisadiyyat | 13:42 • 16 Yanvar 2018
60 saniyəyə əmlak sahibi ola bilərsiniz!

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən yanvarın 16-da növbəti hərrac keçirilib. Budəfəki hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 7 qeyri-yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirilən 7 istifadəsiz qeyri-yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi Bakıda, 2 kiçik dövlət müəssisəsi isə respublikanın digər şəhərlərində yerləşir.

Komitədən XəzərXəbər-ə verilən məlumata görə, ƏMDK tərəfindən tətbiq edilən yeniliyə görə alıcılar elektron qaydada sifariş verə, onlayn olaraq qoşula bilərlər. Beləliklə alıcının heç bir yerə getməsinə ehtiyac qalmır. Bu isə məkan məfhumunu aradan qaldırır. Onlayn rejimdə iştirak edən şəxs 60 saniyə ərzində təklifini irəli sürməklə əmlak sahibi olur. Hərrac rəqabətli keçdikdə isə alıcılar əmlakın ilkin satış qiymətinin 1 faizindən az olmayan yeni təklif edirlər.

Özəlləşdirmə hərraclarının onlayn rejimdə elektron formasiya şəkilində tətbiq edilməsi bu prosesdə optimallığı daha da artırır, yerli və xarici investisiyaların cəlb olunması imkanlarını genişləndirir, çevikliyi təmin edir, şəffaflıq prinsiplərini qoruyur.

Elektron hərracın tətbiqi prosesə olan marağı artırır. Bu isə öz növbəsində hərracı daha da rəqabətli edir. Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, Bakının Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 12 min 500 manata olduğu halda ən son 17 min 200 manat təklif edilib. Paytaxtın Nəsimi rayonunda yerləşən sahəsi 68,2 kvadratmetr olan qeyri-yaşayış sahəsində də analoji hal müşahidə edilib. Belə ki, həmin əmlakın ilkin start qiyməti 12 min 500 manat olsa da 17 min manata sahibini tapıb.

Qeyd edək ki, ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi Bakının Səbail rayonunda yerləşən sahəsi 170,7 kvadratmetr olan qeyri-yaşayış sahəsi olub.

Xidmət sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi də özəlləşdirilib. Gəncə şəhərində yerləşən 176 saylı mağaza bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 450,6 kvadratmetr təşkil edir.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilir. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır.

Qeyd edək ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin hamısı paytaxtda yerləşir. Bakıda özəlləşdirilən qeyri-yaşayış obyektinin 2-si Nəsimi, 2-si Binəqədi rayonunda, digərləri isə müvafiq olaraq Səbail, Qaradağ və Xətai rayonlarında yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 17 kvadratmetr ilə 170 kvadratmetr arasında dəyişir.

Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri sahəsi 17 kvadratmetr olan Bakının Binəqədi rayonunda yerləşən qeyri-yaşayış sahəsidir.

Hərracda müxtəlif markalı nəqliyyat vasitələri də özəlləşdirilib. Özəlləşən avtomobillər Rusiya, İtaliya istehsalı olan maşınlar olub. Buraxılış tarixləri isə 2006-2007-ci illəri əhatə edib.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün "privatization.az” və ya "emdk.gov.az” portalına daxil olmaq kifayətdir. Bu isə özəlləşdirmə prosesində ictimai agahlıq və şəffaflıq prinsiplərini təmin edir.

Elektron hərracın köməyi ilə istənilən şəxs, ölkə daxilində və ya xaricində, işdə, evdə və ya istirahətdə olmasından asılı olmayaraq, istənilən vaxt müraciət edərək tamamilə elektron şəkildə hərraca qatılmaq hüququ əldə edir. Qoşulmaq üçün də prosedurlar olduqca sadədir. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya "Elektron hökumət” portalına (e-gov.az) daxil olaraq müvafiq bölməni seçir. Sifariş verdiyi əmlakın ilkin satış qiymətinin 10 faiz məbləğində behi ödəyir. Behi ödənildikdən sonra istifadəçiyə təsdiqetmə bildirişi təqdim edilir və təhlükəsizlik kodu poçt ünvanına göndərilir.

Hərraca qatılmayan şəxslər də internet vasitəsilə hərracın gedişatını izləyə bilərlər. Bunun üçün https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkinə daxil olmaq lazımdır.

Qiymətlərə gəlincə, əmlakın ilkin start qiyməti bazara uyğun olaraq müəyyənləşdirilib.

Xəbər lenti