Xəzər Xəbər

Azərbaycan OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında iştirak etməyəcək

İqtisadiyyat | 11:14 • 15 Yanvar 2018
Azərbaycan OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında iştirak etməyəcək

Azərbaycan yanvarın 21-də Omanda keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin - OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında iştirak etməyəcək.

Bu barədə xezerxeber.az-a Energetika Nazirliyindən bildirilib.

Qeyd edək ki, iclasda OPEC+ razılaşmasından mümkün mərhələli çıxış yollarının müzakirəsi nəzərdə tutulur.

Xatırladaq ki, neft hasilatının azaldılmasına dair sazişin icrasına nəzarət və onun şərtlərinin təshih edilməsinə dair tövsiyələrin hazırlanması üçün Nazirlərin Birgə Monitorinq Komitəsi yaradılıb və iki aydan bir toplaşır. Komitəyə Venesuela, Küveyt, Əlcəzair, Oman, Rusiya, Səudiyyə Ərəbistanı və OPEC-in baş katibi daxildir.

2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.

2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunmuşdu. Ötən ilin noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyini ötən il tam yerinə yetirib.

Xəbər lenti

Çox oxunanlar