Xəzər Xəbər

OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçiriləcək

İqtisadiyyat | 12:00 • 13 Yanvar 2018
OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçiriləcək

Yanvarın 21-də Omanda Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin - OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçiriləcək.


AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, iclasda OPEC+ razılaşmasından mümkün mərhələli çıxış yolları müzakirə ediləcək.


"Neftin qiymətindəki mövcud artım qısa müddətlidir və bu, gələn həftə Omanda OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında da müzakirə olunacaq. Hesab etmirəm ki, hər hansı ölkə OPEC+ sazişindən mümkün çıxış yollarının müzakirəsinə qarşı çıxacaq. İclasda bu məqsədlə mümkün mexanizmlər nəzərdən keçiriləcək”, - deyə nazir bildirib.


A.Novak qeyd edib ki, neft bazarında tarazlıq yaranır: "Hasilatdakı artımın azaldığını müşahidə edirik. Lakin bazar hələ tam balanslaşmayıb. Ona görə də, bu vəziyyətin monitorinqini davam etdirməliyik”.


Qeyd edək ki, neft hasilatının azaldılmasına dair sazişin icrasına nəzarət və onun şərtlərinin təshih edilməsinə dair tövsiyələrin hazırlanması üçün Nazirlərin Birgə Monitorinq Komitəsi yaradılıb və iki aydan bir toplaşır. Komitəyə Venesuela, Küveyt, Əlcəzair, Oman, Rusiya, Səudiyyə Ərəbistanı və OPEC-in baş katibi daxildir.


Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyini ötən ay da yerinə yetirib.

Xəbər lenti