Prezident İlham Əliyev
Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yeni kənd
təsərrüfatı texnikasının alınması üçün 160 milyon manat vəsait nəzərdə
tutulduğunu bildirib.
Ölkə başçısı qeyd edib ki, buraya əsasən taxılbiçən, pambıqyığan kombaynlar, traktorlar, qoşqular, digər avadanlıq daxildir.
Prezident
kənd təsərrüfatının inkişafı üçün dövlət dəstəyinin vacibliyini
vurğulayaraq deyib: "Dövlət vəsait ayırır, texnika gətirir, lizinq yolu
ilə fermerlərə verir. Yəni, kənd təsərrüfatı dövlətin dəstəyi olmadan
inkişaf edə bilməz. Bunu hamı bilməlidir. Əlbəttə ki, rentabellilik
olmalıdır. Bəzi sahələr rentabelli sahələrdir, bəzi sahələr subsidiya
hesabına yaşamalıdır. Bu, inkişaf etmiş ölkələrdə də belədir. Orada da
subsidiyalar var, orada da dövlət fermerləri dəstəkləyir ki, ərzaq
təhlükəsizliyi təmin edilsin, iş yerləri yaradılsın. Biz də bu yolla
gedirik. Ona görə əgər hansısa kənd təsərrüfatı sahəsində istehsal o
qədər də rentabelli deyilsə, bu, böyük faciə deyil, bundan faciə
düzəltmək lazım deyil. Dövlət ilkin mərhələdə öz dəstəyini göstərir,
bundan sonra hər şey yoluna düşəcək. Necə ki, biz indi kənd
təsərrüfatının istehsalında bu artımı görürük”.
Prezident
qeyd edib ki, əgər dövlət lazım olan vaxtda öz dəstəyini göstərməsəydi,
bu gün kənd təsərrüfatında 4,1 faiz artımdan söhbət belə gedə bilməzdi
və əksinə, bəlkə də bu sahə tənəzzülə uğrayardı. "Biz indi meliorativ
tədbirlər də görürük. Biz unudulmuş sahələri də bərpa edirik, o cümlədən
zeytunçuluğu. Bu il minlərlə hektarda zeytun bağları salınacaq.
Arıçılığın da çox böyük ixrac potensialı var. Azərbaycan dünya
miqyasında arıçılıq, bal istehsalı sahəsində önəmli yer tuta bilər,
müvafiq göstərişlər verilib. Əminəm ki, 2018-ci ildə yaxşı nəticələr
olacaqdır”, - deyə dövlət başçısı bildirib.