"2017-ci ilin ilk 11
ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi
12 faiz artaraq 21,8 milyard ABŞ dolları təşkil edib, əmtəə ixracı isə
19 faiz artaraq 14 milyard ABŞ dollarını üstələyib"
XəzərXəbər xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.
S.Şərifov bildirib ki, yola saldığımız 2017-ci il Prezident İlham Əliyevin
rəhbərliyi altında makroiqtisadi sabitlik və maliyyə dayanıqlılığının
təmin edilməsi, xarici şokların ölkə iqtisadiyyatına təsirlərinin
neytrallaşdırılması, mənfi fəsadlarının aradan qaldırılması və iqtisadi
artımın bərpa olunması üçün münbit şəraitin yaradılması istiqamətində
görülən işlər və əldə edilən nailiyyətlər baxımından da əlamətdar olub:
"Belə
ki, operativ statistik məlumatlara əsasən, 2017-ci ilin ilk 11 ayında
keçən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 12
faiz artaraq 21,8 milyard ABŞ dolları təşkil edib, əmtəə ixracı isə 19 faiz artaraq 14 milyard ABŞ
dollarını üstələyib. Məmnunedici hal kimi qeyri-neft əmtəə ixracının 24
faiz artmasını xüsusi qeyd etmək lazımdır. Bütövlükdə ticarət hesabında
6 milyard ABŞ dollarından çox müsbət saldo yaranıb və nəticədə dövlətin məcmu valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 4,5 milyard ABŞ dolları və ya 13,3 faiz artıb”.
Nazir
qeyd edib ki, xarici şokların iqtisadiyyata mənfi təsirlərindən təkcə
Azərbaycanda deyil, bütün region ölkələrində ən çox bank sektoru zərər
çəkib: "Lakin digər ölkələrdən fərqli olaraq, ölkəmizdə özəl kommersiya
banklarında sığortalanmış əmanətlərə 2016-cı ildə xüsusi olaraq qəbul
edilmiş Qanuna əsasən dövlət 100 faiz zəmanət verir. Bunun nəticəsində
bank əmanətçilərinin mütləq əksəriyyəti zərərlərdən tam qorunub. Bu
əsasda bank sektorunda sağlamlaşdırma tədbirləri nəticəsində fəaliyyəti
dayandırılmış bir sıra banklarda qorunan əmanətlərin qaytarılması
məqsədilə dövlət büdcəsindən Əmanətlərin Sığortalanması Fonduna 545
milyon manat məbləğində vəsait köçürülüb. 2017-ci ilin dövlət büdcəsinin
gəlirləri və xərcləri təsdiq olunmuş proqnoza qarşı 98 faiz
səviyyəsində icra olunub və müvafiq olaraq 16 milyard 447 milyon manat
və 17 milyard 588 milyon manat təşkil edib”.
Maliyyə naziri əlavə
edib ki, büdcə proqnozu ilə nəzərdə tutulan mədaxil mənbələrindən 736
milyon manat az vəsait daxilolmasına baxmayaraq, gömrük daxilolmalarının
16 faiz və ya 359 milyon manat çox olması, əlavə həcmdə dövlət
qısamüddətli istiqrazlarının daxili bazarda satılması və büdcə
xərclərinin səmərəliliyinin artırılması hesabına büdcə təşkilatlarının
təqdim etdikləri məxaric sifarişləri dövlət büdcəsinin təsdiq olunmuş
xərcləri çərçivəsində tam icra olunub:
"Dövlət büdcəsinin kəsiri
təsdiq olunmuş yuxarı həddən 34 milyon manat az olub. İcmal büdcənin
icrasında əldə edilmiş müsbət dinamika xüsusilə qeyd olunmalıdır. Belə
ki, təsdiq olunmuş icmal büdcənin kəsiri 7,6 milyard manat və ya ÜDM-in
11,1 faizi səviyyəsində proqnozlaşdırılırdısa, ilin nəticələrinə əsasən
həmin kəsir ÜDM-in 1,5 faizinədək daralaraq 1 milyard manat təşkil
edib”.
S.Şərifov deyib ki, 2017-ci ildə sosial sahənin prioritet
qaydada maliyyələşdirilməsi məqsədilə 5 milyard 52 milyon manat və ya
dövlət büdcəsi xərclərinin 28,7 faizi həcmində vəsait yönəldilib: "Bu
vəsait çərçivəsində maliyyələşdirilmiş bir sıra sosial xərcləri xüsusilə
qeyd etmək istərdim. Ümumtəhsil məktəblərində çalışan müəllimlərin
bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi yolu ilə əmək
haqlarının əhəmiyyətli dərəcədə artırılması təmin edilir. Bu istiqamətdə
2014-cü ildən başlanılmış işlər uğurla davam etdirilib və dövlət
büdcəsindən 164 milyon manat vəsaitin yönəldilməsi ilə dəstəklənib.
2018-ci il yanvarın 1-i vəziyyətinə 140 min müəllimin bilik və
bacarıqlarının qiymətləndirilməsi başa çatdırılıb ki, bunun da 41 min
nəfərdən çoxu 2017-ci ilin payına düşür.
Səhiyyə sisteminin idarə
olunmasının təkmilləşdirilməsi və əhaliyə göstərilən tibbi xidmətlərin
keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə Mingəçevir şəhərinin və Yevlax
rayonunun inzibati ərazilərində 1800-dən çox müayinə, müalicə,
diaqnostika, cərrahiyyə əməliyyatı və digər tibbi xidmətləri özündə
birləşdirən icbari tibbi sığortanın tətbiqinə başlanılıb və 2017-ci il
dövlət büdcəsindən bu məqsədə 36,0 milyon manat vəsait yönəldilib”.
Nazir
bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin
gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün
2017-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 326,0 milyon manat, o
cümlədən dövlət büdcəsindən 221,0 milyon manat, Dövlət Neft Fondunun
büdcəsindən 105,0 milyon manat vəsait ayrılıb: "Bu səpkidə Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Bakı və Abşeron
yarımadasında qəzalı binalarda məskunlaşmış 4 mindən çox məcburi köçkün
ailələrinin yeni təhlükəsiz mənzillərə köçürülməsi ilə bağlı nəcib
təşəbbüsü xüsusilə təqdirəlayiqdir. Həmin təşəbbüsə cavab olaraq
ölkəmizin bir sıra özəl şirkətləri öz vəsaitləri hesabına bir neçə
yaşayış kompleksi inşa edib məcburi köçkünlərin sərəncamına verilməsi
barədə qərar qəbul ediblər”.
Nazir qeyd edib ki, 2017-ci ildə
sosial təminat və əmək bazarı sahələrində də bir sıra islahatlara
başlanılıb: "Belə ki, 2017-ci ilin ortalarından etibarən əmək
pensiyaları haqqında qanunvericiliyə dəyişikliklərin qüvvəyə minməsi ilə
yeni pensiya sisteminə keçilib, İşsizlikdən Sığorta Fondunun,
qeyri-rəsmi əmək bazarı üzrə komissiyanın yaradılması, yeni peşə təlimi
mərkəzlərinin açılması və passiv əmək bazarı proqramlarından aktiv
proqramlara keçilməsi istiqamətində atılan addımlar əhalinin sosial
təminatının və əmək bazarının daha da yaxşılaşdırılmasına xidmət edir.
Möhtərəm Prezident,
xüsusi diqqətiniz sayəsində ölkəmizin müdafiə qabiliyyətinin
gücləndirilməsi, hərbi potensialımızın artırılması dövlətimizin ən ümdə
vəzifəsi kimi gündəmdə qalmaqdadır. Sizin tapşırığınıza əsasən müdafiə
xərclərinə ayrılan vəsaitlərin həcmi ilbəil artırılmaqla dövlət
büdcəsinin xərclərinin tərkibində böyük xüsusi çəkiyə malik olur”.
S.Şərifov
vurğulayıb ki, dövlət orqanlarının fəaliyyətində şəffaflığın
artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli və
sürətlə həyata keçirilməsi üçün müstəsna rola malik olan "ASAN xidmət”in
maliyyə təminatı üçün 2017-ci ildə 45,0 milyon manat vəsait yönəldilib:
"2017-ci ilin dövlət büdcəsinin vəsaiti hesabına investisiya
xərclərinə 2 milyard 690 milyon manat vəsait yönəldilməklə, nəzərdə
tutulan bütün layihələrin maliyyələşdirilməsi təmin edilib. Bu mənbədən
elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət
təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 651,0 milyon
manat, ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal,
meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 1
milyard 237 milyon manat vəsait ayrılıb”.
Nazir deyib ki, hesabat
dövrü ərzində dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya
layihələrinin maliyyələşdirilməsi üçün 67,0 milyon manat vəsait sərf
edilib. Bu, 2016-cı illə müqayisədə 35,0 milyon manat və ya 2,1 dəfə
çoxdur:
"Kənd təsərrüfatına dövlət dəstəyinin daha da
artırılması, pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün və
heyvandarlığın kompleks inkişafının genişləndirilməsi, ərzaq
təhlükəsizliyinin daha da gücləndirilməsi üçün 2017-ci ilin dövlət və
icmal büdcələrindən üst-üstə 581,0 milyon manat vəsait ayrılıb.
Pambıqçılığa dəstək məqsədilə xüsusi təyinatlı kənd təsərrüfatı
texnikalarının alınmasına son iki ildə dövlət büdcəsindən 295,0 milyon
manat vəsait ayrılıb, pambıq istehsalına görə 30,0 milyon manatadək
subsidiya verilib. Kənd təsərrüfatı dövriyyəsinə əlavə suvarılan torpaq
sahələrinin daxil edilməsi, meliorativ sistemin müasir tələblər
səviyyəsinə uyğun modernləşdirilməsi və mütərəqqi suvarma üsullarının
tətbiqi üçün 2017-ci ilin dövlət və icmal büdcələrindən ayrılan vəsait
və xaricdən cəlb edilmiş kreditlər hesabına cəmi 461,0 milyon manat
vəsait yönəldilib.
2018-ci ilin dövlət büdcəsi Qanunu ilə
birlikdə 2018-ci ilin yanvar ayının 1-dən ölkə üzrə ehtiyac meyarının
həddi orta hesabla 12 faiz artırılaraq 130 manat səviyyəsində müəyyən
edilməsi, bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı ilə minimum əməkhaqqının yuxarı həddinin də eyni səviyyəyə
qaldırılması, habelə həmin Sərəncamla dövlət büdcəsindən maliyyələşən
təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması üzrə
təkliflərin üç ay müddətində Nazirlər Kabineti tərəfindən hazırlanaraq təqdim edilməsi barədə tapşırığınız Azərbaycan xalqının sosial və maddi rifahının Sizin, cənab Prezident, daim gündəliyinizdə yüksək prioritetə malik olmasının bariz sübutudur”.