2017-ci ilin
aprel-dekabr ayları ərzində "AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC)
həyata keçirdiyi ixrac əməliyyatları üzrə 60 552 unsiya qızıl və 86 806
unsiya gümüş ixrac edib. Qiymətli metalların ixracı ölkə iqtisadiyyatına
121 milyon manatdan artıq gəlir gətirib.
Bu barədə "AzerGold”un yaydığı məlumatda qeyd olunub.
Bildirilib
ki, qiymətli metalların dünya bazarında satışının təşkili üçün
beynəlxalq affinaj şirkətlərinin tələb etdiyi KYC (Know Your Customer)
və təhlil ("due diligence”) prosedurlarını uğurla keçərək "AzerGold” QSC
cari ilin aprel ayında İsveçrənin məşhur "Argor-Heraeus” şirkəti ilə
qiymətli metalların saflaşdırılmasına dair müqavilə imzalayıb.
2016-cı
ilin iyul ayında fəaliyyətə başlayan "AzerGold” QSC qısa müddət ərzində
birsıra əhəmiyyətli işlərin görülməsinə nail olub. Belə ki, Daşkəsən
rayonu ərazisində yerləşən Çovdar filiz emalı sahəsində müxtəlif
təyinatlı təmir-tikinti işləri sayəsində yatağın fəaliyyəti bərpa
edilib, optimallaşdırılıb, istehsalat 24 saatlıq iş rejiminə keçirilib,
hasilat işlərinə start verilib. Ərazidə ekoloji tarazlığın qorunması
üçün 6 mindən artıq ağac və kol əkilib və digər işlər görülüb. Çovdar
mədənində işlərin düzgün və səmərəli aparılması, insanların əmək
şəraitinin yaxşılaşdırılması üçün lazımi bütün işlər görülüb və
infrastruktur yaradılıb. 2020-ci ildə yatağın yerüstü (oksid)
mərhələsinin istismarı başa çatandan sonra 2021-ci ildə hasilata
verilməsi planlaşdırılan yeraltı (sulfid) mərhələsinin hasilatına dair
texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması üzrə beynəlxalq
məsləhətçi şirkət ilə əməkdaşlıq edilir.
"AzerGold” QSC-nin
strateji hədəfi Azərbaycanda əlvan metal sənayesinin dayanıqlı və
davamlı inkişafını təmin etməkdir. Bu məqsədlə, Balakən rayonu ərazisində yerləşən və mis, sink, gümüş, qızıl, qurğuşun ehtiyatlarının həcminə görə nəinki Azərbaycan, hətta Avropa
üçün böyük strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə
ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi
şirkət tərəfindən hazırlanmaqdadır.
Növbəti illərdə metallurji, laborator, geotexniki, hidroloji və ekoloji tədqiqatların aparılması planlaşdırılır. Bundan başqa, Balakən rayonu ərazisində yerləşən digər yataqda – Mazımçayda ehtiyatların hesablanması üçün buruq-qazma işləri həyata keçirilib.
Naxçıvan
Muxtar Respublikası ərazisində yerləşən Göydağ-Əlincə filiz qovşağının
Ortakənd sahəsində kompleks geofiziki tədqiqatlar aparılmış və yaxın
gələcəkdə buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması
nəzərdə tutulub. Daşkəsən-Göygöl
ərazilərində filizsaxlayan süxurlardan götürülmüş sınaq nümununələri
beynəlxalq sertifikatlaşdırılmış laboratoriyada analiz olunur və
analizlərin nəticələrinə uyğun kəşfiyyat işlərinin planı hazırlanır. Bu
istiqamətdə növbəti illərdə də geoloji tədqiqatlar davam etdiriləcək.
Cəmiyyətin fəaliyyətinin təşkili üçün bu gün 300-ə yaxın insan daimi
işlə təmin olunub.
"AzerGold” QSC-nin sosial məsuliyyət üzrə
siyasətinin reallaşdırılması, o cümlədən yerli icmaların ehtiyaclarının
öyrənilməsi və ödənilməsi üçün Korporativ Sosial Məsuliyyət Komitəsi
yaradılıb. Eyni zamanda təcrübə mübadiləsinın aparılması və kadr
potensialının formalaşdırılması üçün Cəmiyyət elm və təhsil ocaqları ilə
əməkdaşlıq etməkdədir.