Azərbaycanın
özəlləşdirmə tarixində ən mühüm yeniliklərdən biri baş verib. Artıq
özəlləşdirmədə iştirak edib əmlak almaq üçün hərracın keçirildiyi yerə
gəlməyə ehiyac qalmır.
Ölkə vətəndaşları istənilən yerdən – evdən, iş yerindən hətta xarici
ölkələrdən belə internet vasitəsilə hərraca qatılaraq dövlət əmlakını
ala bilirlər. Bu, Əmlak Məsələləri Dövlət Komitəsinin
dövlət başçısının tapşırıqlarına uyğun olaraq həyata keçirdiyi yenilik
olan "Elektron Hərrac” sayəsində mümkün olub. Özü də bu imkandan təkcə
Azərbaycan vətəndaşları deyil, xarici investorlar da istifadə edə bilər.
XəzərXəbər Komitəyə istinadən xəbər verir ki, elektron və ya onlayn hərraclar
Azərbaycanda dövlət əmlakının özəlləşdirilmə prosesində tətbiq edilən ən
böyük yenilikdir. Onlayn hərracın tətbiqi özəlləşdirmə prosesində zaman
və məkan məhdudiyyətini tamamilə aradan qaldırır. Belə ki, bunun köməyi
ilə istənilən şəxs, ölkə daxilində və ya xaricində, işdə, evdə və ya
istirahətdə olmasından asılı olmayaraq istənilən vaxt müraciət edərək
tamamilə elektron şəkildə hərraca qatılmaq hüququ əldə edir. Bu model
dövlət əmlakının şəffaf şəkildə özəlləşdirilməsinə şərait yaratmaqla
əhaliyə və investorlara yeni imkanlar açır. Elektron hərraclar
özəlləşdirmə prosesində yeni mərhələnin başlanması deməkdir. Bu yenilik
müasir texnologiyalar vasitəsilə əhalinin, investorların bu prosesə cəlb
edilməsinə imkan verəcək.
Onlayn qatılmaqla yanaşı hərraclarda
elektron qaydada qeydiyyatdan keçmək, iştirakçı statusu qazanmaq üçün
sifariş vermək, qeydiyyatdan keçmədən onlayn izləmək imkanları
mövcuddur. Bütün prosesləri Komitənin rəsmi səhifəsi olan emdk.gov.az,
eləcə də privatization.az saytına daxil olmaqla yerinə yetirmək
mümkündür. Bununla da hərrac prosesi tam elektronlaşır. Qeyd edilməlidir
ki, prosesə həm elektron, həm də canlı olaraq da qatılmaq mümkündür.
Elektron
Hərrac vasitəsilə nəqliyyat vasitələrinə, həmçinin kiçik dövlət
müəssisələrinə, səhmdar cəmiyyətlərin səhm paketlərinə, qeyri-yaşayış və
torpaq sahələrinə sahib olmaq mümkündür. Hərracların elektron qaydada
keçirilməsi bu prosesdə optimallığı daha da artırır, yerli və xarici investisiyaların cəlb olunması imkanlarını genişləndirir, çevikliyi təmin edir, şəffaflıq prinsiplərini qoruyur.
Bu
amil 26 dekabr tarixində keçirilən növbəti hərracda da özünü göstərib.
Belə ki, budəfəki hərracda dövlət əmlakının 4-ü Elektron Hərrac
vasitəsilə özəlləşdirilib. Həmin əmlaklar isə Bakının Nəsimi, Yasamal, Suraxanı
rayonlarında yerləşən qeyri-yaşayış sahələri və UAZ-31519 markalı
nəqliyyat vasitəsi olub. Ümumilikdə isə bu hərracda 22 dövlət əmlakı
sahibini tapıb. Bunlardan 2-i kiçik dövlət müəssisə və obyekti, 16-ı
qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir. Bakı
şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi, 12 istifadəsiz qeyri-yaşayış
sahəsi, 4 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları
üzrə 1 kiçik dövlət müəssisəsi və 4 istifadəsiz qeyri-yaşayış sahəsi
özəlləşdirilib.
Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə
ki, paytaxtın Nəsimi rayonunda yerləşən sahəsi 25 kv.m olan
qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 3 min 500 manat olsada 10
min 500 manata sahibini tapıb. Eyni zamanda Nəsimi rayonunda yerləşən
sahəsi 15,2 kv.m olan digər qeyri-yaşayış sahəsinin ilkin qiyməti 2 min
250 manat olmasına baxmayaraq edilən təklif 6 min 350 manatadək
yüksəlib. Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən qeyri-yaşayış
sahələrinin 12-si paytaxtda, 4-ü isə regionda yerləşir. Paytaxtda
özəlləşdirilən qeyri-yaşayış obyektinin 6-ı Nəsimidə, 2-i Yasamalda, 2-i
Nizamidə qalanı isə müvafiq olaraq Suraxanı
və Nərimanov rayonlarında yerləşir. Keçirilən hərracların nəticələri
ilə tanış olmaq üçün privatization.az portalından "Nəticələr” bölməsinə
daxil olmaq kifayətdir.
Qeyd edilməlidir ki, iştirakçı Elektron
Hərraca qoşulmaq üçün bir sıra sadə elektron prosedurlardan keçir.
Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin
rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az )
daxil olaraq müvafiq bölməni seçir. Hərracda iştirak qaydaları ilə
tanış olduqdan sonra davam etmək üçün müvafiq düyməni seçərək qaydaları
qəbul etmiş olur. Sifariş verdiyi əmlakın ilkin satış qiymətinin 10 faiz
beh məbləği haqqında məlumatla tanış olduqdan sonra telefon nömrəsini,
poçt ünvanını daxil edir və sifariş verir. Sifariş blankındakı
məlumatların düzgünlüyünü yoxladıqdan sonra behi ödəyir. Beh
ödənildikdən sonra istifadəçiyə Təsdiqetmə bildirişi təqdim edilir və
təhlükəsizlik kodu poçt ünvanına göndərilir. Sifarişlərin qəbulu
hərracın başlanmasına ən gec üç bank günü qalmışa qədər bitməlidir.
Onlayn
rejimdə iştirak etmək istəyən şəxs Komitənin rəsmi səhifəsində Elektron
xidmətlər portalında, «Onlayn hərrac» bölməsinə daxil olaraq "Lotların
idarə edilməsi” bölməsini seçir. "Sifarişlərim” menyusuna keçərək
"Hərraca qoşul” düyməsini sıxır. Onlayn hərrac da adi hərrac kimi,
iştirakçılar tərəfindən qiymətlər təklif edilməklə aparılır. Müvafiq
xanaya təklif edəcəyi məbləği qeyd edir. Hərrac rəqabətli keçdikdə,
istifadəçilər məbləği addım-addım artırırlar. Hər addımda artırılan
məbləğ özəlləşdirilməyə çıxarılan əmlakın qiymətinin 1%-dən az
olmamalıdır. Hərrac iştirakçısı yeni təklifini 60 saniyə ərzində
etməlidir.
Bu zaman «İştirakçı nömrəsi» və «Cari qiymət»
xanalarında hər bir iştirakçının lot nömrəsi və təklif etdiyi qiymət
görünür. Hərracda ən yüksək qiymət təklif etmiş iştirakçı qalib elan
edilir. Ekranda hərracın tarixi, əmlakın satılması barədə məlumat, satış
qiyməti və qalib alıcının nömrəsi qeyd olunur. Hərracın qalibi 30 bank
günü müddətində əmlakın pulunu ödəməlidir. Bundan sonra əmlak alıcının
adına rəsmiləşdirilir. Məbləğ ödənilmədikdə isə hərracın nəticəsi ləğv
edilir, beh geri qaytarılmır, əmlak isə satıcının sərəncamında qalır.
Hərraca qatılmayan şəxslər də internet vasitəsilə hərracı canlı olaraq
izləyə bilərlər. Bunun üçün
https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkinə daxil olmaq
lazımdır. Qiymətlərə gəlincə isə qeyd edilməlidir ki, əmlakın ilkin
start qiyməti bazara uyğun olaraq müəyyənləşdirilib.