"Dövlət əmlakının özəlləşdirilməsində elektron hərracların tətbiqi: müasirlik və şəffaflıq” mövzusunda təqdimat keçirilib.
XəzərXəbər xəbər verir ki, bu layihənin reallaşdırılması nəticəsində bütün növ
dövlət əmlakını heç bir yerə getmədən bir virtual məkandan Elektron
Hərrac vasitəsilə özəlləşdirmək mümkündür. Başqa sözlə nəinki nəqliyyat
vasitələrinin, həmçinin kiçik dövlət müəssisələrinin, səhmdar
cəmiyyətlərin səhm paketlərinin, qeyri-yaşayış və torpaq sahələrinin
hərracı tam elektronlaşdırılıb. Bundan sonra ölkə vətəndaşları və iş
adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn
qatılıb bütün növ dövlət əmlakının özəlləşdirilməsində iştirak edə
bilərlər. Qeydiyyatdan keçmək, hərraclarda iştirak etmək üçün sifariş
vermək, hərracın gedişatını birbaşa olaraq onlayn şəkildə izləmək kimi
proseslər elektron müstəviyə keçib.
Tədbirdə media, qeyri
hökumət və daşınmaz əmlak sahəsində fəaliyyət göstərən ictimai
təşkilatların iştirakı ilə təqdimat keçirilib. Təqdimatda çıxış edən
komitənin Strateji araşdırmalar, innovasiyalar, monitorinq və təhlil
şöbəsinin müdiri Şamil Şirinov bildirib ki, ölkə rəhbərinin müvafiq
fərman və tapşırıqlarına əsasən daşınmaz əmlakın özəlləşdirilməsi və
idarə edilməsinin səmərəliliyinin artırılması istiqamətində,
innovasiyaların tətbiqi, bu sahədə şəffaflığın təmin edilməsi və
vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində daim yeniliklər
edilir. Qeyd edilib ki,
Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə prosesinin sürətləndirilməsi, iqtisadiyyata
investisiya
cəlb edilməsi, özəlləşdirmə prosedurlarının elektron üsullarla
reallaşdırılması istiqamətində işlərini davam etdirir. Dövlət əmlakının
özəlləşdirilməsinin şəffaf və açıq şəraitdə, ictimai nəzarət və
səmərəlilik prinsipləri təmin olunmaqla həyata keçirilməsi ilə bağlı
fəaliyyətini təkmilləşdirir. Komitə dövlət əmlakının idarə edilməsi və
özəlləşdirilməsi sahəsində daima innovativ yeniliklər tətbiq edir.
Bildirilib
ki, "Dövlət əmlakının özəlləşdirilməsində elektron hərracların tətbiqi:
müasirlik və şəffaflıq” mövzusuna həsr olunmuş bu tədbir də belə
yeniliklərin davamıdır. Qeyd edilib ki, özəlləşdirmə hərraclarının
onlayn rejimdə elektron formasiya şəkilində tətbiq edilməsi bu prosesdə
optimallığı daha da artırır, yerli və xarici investsisiyaların cəlb
olunması imkanlarını genişləndirir, çevikliyi təmin edir, şəffaflıq
prinsiplərini qoruyur. Elektron hərracların istifadəyə verilməsinin
prioritet prinsiplərdən biri də məkan məfhumunun aradan qaldırılması,
zaman faktorunun minimumlaşdırılması, iştirak prosedurlarının
sadələşdirilməsi, statistik göstəricilərin yüksəldilməsidir. Bunun
nəticəsində prosesdən büdcə daxilolmalarının artmasına şərait yaranır.
Eyni zamanda, bu layihələrin reallaşdırılması vətəndaş məmur
münasibətlərinin minimuma endirir, investorların özəlləşdirilməyə cəlb
olunması ilə bağlı geniş imkanlar yaradır.
Qeyd edilib ki,
hərraclarda elektron iştirak etmək Komitənin emdk.gov.az rəsmi səhifəsi
ilə izləmək mümkündür. Bu məqsədlə saytda xüsusi keçid də yaradılıb.
Elektron hərracdan istifadə mexanizmi kifayət qədər sadə və rasionaldır.
Bununla yanaşı Komitənin https://privatization.az saytı vasitəsilə bir
virtual məkanda özəlləşdiriləcək əmlak və müəssisələr barədə məlumat
əldə etmək və onlayn rejimdə hərracda iştirak etmək imkanları
yaradılıbdır.
Tədbirdə bildirilib ki, istənilən vətəndaş, iş
adamı elektron imzadan istifadə edərək Əmlak Məsələləri Dövlət
komitəsinin rəsmi saytından (e-emdk.gov) və ya Elektron Hökumət
Portalından (e-gov.az ) qeydiyyatdan keçmiş hər bir sifarişçi hərrac
günü onlayn qaydada aktiv hərraca qatılmaq imkanı qazanır. Hərraclarda
iştirak etmək üçün sifariş vermək də elektron qaydada həyata keçirilir.
Qeyd edilməlidir ki, Komitə tərəfindən mütəmadi olaraq İnformasiya
Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində açıq və şəffaf hərraclar
keçirilir. Hərraclar vasitəsilə müxtəlif növ iqtisadi sahələrə aid olan
səhmdar cəmiyyətlərin səhm paketləri, kiçik dövlət müəssisələri,
istifadəsiz qeyri-yaşayış sahələri, nəqliyyat vasitələri özəlləşdirməyə
çıxarılır.
Tədbirdə "Dövlətə məxsus əmlakların özəlləşdirilməsi
ilə bağlı elektron hərrac” xidmətinin istifadə qaydaları, üstünlükləri
və faydaları barədə təqdimat olub və bu proses əyani nümayiş etdirilib.
Qeyd edilib ki, yeni funksiya özəlləşdirmə prosesinin operativliyini
artıraraq bu sahənin innovativ üsullarla daha da inkişaf etməsinə şərait
yaradacaq. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak
Məsələləri Dövlət komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron
Hökumət Portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir.
Hərracda
iştirak qaydaları ilə tanış olduqdan sonra davam etmək üçün "Razıyam”
düyməsini seçərək qaydaları qəbul etmiş olur. Sifariş verdiyi əmlakın
ilkin satış qiymətinin 10 faiz beh məbləği haqqında məlumatla tanış
olduqdan sonra telefon nömrəsini, poçt ünvanını daxil edir və "Sifariş
ver” düyməsini sıxır. Sifariş blankındakı məlumatların düzgünlüyünü
yoxladıqdan sonra "Beh ödə” düyməsindən istifadə edir. Behi ödənildikdən
sonra istifadəçiyə Təsdiqetmə bildirişi təqdim edilir və təhlükəsizlik
kodu poçt ünvanına göndərilir.
Qeydiyyatdan keçmiş şəxs
(iştirakçı) hərracda canlı və yaxud onlayn rejimində iştirak edə bilər.
Bunun üçün iştirakçı hərrac günü göstərilən vaxt hərrac keçirildiyi yerə
gəlməli, yaxud hərracın keçirildiyi zaman Komitənin portalında müvafiq
bölməyə keçərək hərracda iştirak etməlidir. Sifarişlərin qəbulu hərracın
başlanmasına ən gec üç bank günü qalmış bitir. İştirakçı elektron
hərrac proqramına daxil olduqdan sonra hərracda iştirak etmə qaydaları
ilə bir daha tanış ola bilər. İştirakçı "Lotların idarə edilməsi”
bölməsini seçir. "Sifarişlərim” menyusuna keçərək sifariş verdiyi lotun
sağ tərəfindəki hərraca qədər qeyri-aktiv, hərrac zamanı isə aktiv olan
"Hərraca qoşul” düyməsini sıxır. Yeni açılmış pəncərədə satışa çıxarılan
əmlakın start qiyməti göstərilmiş "Start qiyməti” xanasının aşağısında
"Lotun Cari qiymət” xanasına nəzər yetirərək "Təklif” və
"Təklif”(təkrar) xanalarında təklif etmək istədiyi məbləği daxil edir və
yaxud üzərində rəqəmlər olan düyməni 2 dəfə sıxdıqda minimum təklif
olunmalı məbləği sistemə əlavə edir.
Hərrac rəqabətli keçdikdə
ilkin satış qiyməti iştirakçılar tərəfindən əlavə etmə yolu ilə
aparılır. Hər yeni təklif ilkin satış qiymətinin 1 faizindən az
olmamalıdır, bu barədə qırmızı şriftlə olan yazı iştirakçını xəbərdar
edir. Digər qırmızı şriftlə olan yazı son təklif vermiş iştirakçının lot
nömrəsini göstərir. Hərrac İştirakçısı 60 saniyə ərzində "Təklif” və
"Təklif”(təkrar) xanalarına öz təkliflərini daxil edərək "Əlavə et”
düyməsi ilə təkliflərini təqdim etmiş olur. Hərracın aparıcısı elan
etdiyi qiymətə birinci münasibət bildirən iştirakçını seçir,
administrator isə bu məlumatı kompyüterə daxil edir. Hər son təklifdən
sonra sistem avtomatik olaraq hərracı 60 saniyə uzadır. "İştirakçı
nömrəsi” və "Cari qiymət” xanalarında müvafiq olaraq hər bir
iştirakçının lot nömrəsi və təklif etdiyi qiymət öz əksini tapır.
Hərracda ən yüksək qiymət təklif etmiş iştirakçı qalib elan edilir.
Ekranda hərracın tarixi, əmlakın satılması barədə məlumat, satış qiyməti
və qalib alıcının nömrəsi qeyd olunur.
Hərrac günü müəyyən
olunmuş vaxtda hər bir istifadəçi (qeydiyyatdan keçmiş və keçməmiş)
e-hərracın gedişini https://e-emdk.gov.az/eHerrac/Home/Presentation
linkindən izləyə bilər. Qanunvericiliyə uyğun olaraq hərracın canlı və
ya virtual iştirak etmiş qalibi 30 (otuz) bank günü müddətində
ödənilməli olan pul vəsaitini satıcının müəyyən etdiyi hesaba köçürür.
Alıcı göstərilən müddət ərzində ödənilməli olan məbləği ödəmədiyi halda
onun tərəfindən ödənilmiş beh geri qaytarılmır, tam məbləğdə dövlət
büdcəsinə köçürülür, əmlak isə satıcının sərəncamında qalır. Ödəniş tam
keçdikdən sonra əmlak müvafiq qurumlar tərəfindən qalib alıcının adına
rəsmiləşdirilir. Qeyd edilməlidir ki, Komitənin fəaliyyət istiqamətləri
üzrə istifadə edilən 36 elektron xidmətdən 11-i dövlət əmlakının
özəlləşdirilməsi ilə bağlıdır.