Xəzər Xəbər

Kənd Təsərrüfatı Nazirliyinin brusellyozla bağlı tədqiqatı ABŞ-da təqdim olunub

İqtisadiyyat | 18:02 • 5 Dekabr 2017
Kənd Təsərrüfatı Nazirliyinin brusellyozla bağlı tədqiqatı ABŞ-da təqdim olunub

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin brusellyoz xəstəliyi ilə bağlı tədqiqatı ABŞ-da təqdim edilib.

Nazirlikdən xezerxeber.az-a bildirilib ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin brusellyoz xəstəliyinin aradan qaldırılması üzrə apardığı tədqiqatlar və mübarizə metodları ABŞ-ın Beynəlxalq Brusellyoz Cəmiyyətinin diqqətini çəkib. Cəmiyyət Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin nümayəndələrini ABŞ-ın Çikaqo şəhərində keçirilən brusellyoz üzrə 70-ci Beynəlxalq Tədqiqat Konfransına dəvət edib. Konfransda nazirliyin Dünya Bankı ilə birgə icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin direktoru Anar Əzimov ölkədə brusellyoza qarşı aparılmış mübarizə metodları və tədqiqat nəticələri barədə təqdimatla çıxış edib.

A.Əzimov bildirib ki, Azərbaycanda brusellyoz xəstəliyinə qarşı tətbiq edilən test-kəsim strategiyası mərhələli seromonitorinq və peyvəndləmə strategiyası ilə əvəz olunub. Bunun üçün Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının qaydalarına uyğun "təsadüfi seçim” üsulu ilə iri və xırdabuynuzlu heyvanlardan qan nümunələri götürülüb və xəstəliyin yayılma səviyyəsi müəyyən edilərək məlumat bazası yaradılıb. Daha sonra xırdabuynuzlu dişi heyvanlar arasında 4 il müddətinə immunitet yaradan vaksinlə peyvəndləmə aparılıb.

Layihə rəhbəri qeyd edib ki, ölkədə ilk dəfə olaraq iribuynuzlu heyvanlar arasında da brusellyoz xəstəliyinə qarşı peyvəndləmə kampaniyası həyata keçirilir. Peyvəndləmə nəticəsində ana naxırda mövcud olan xəstə və həssas heyvanlar 5-7 il müddətinə immunitet qazanmış heyvanlarla əvəz olunacaq. Layihə çərçivəsində, həmçinin 197 qışlaqda heyvan sahibləri arasında sorğular keçirilib və xəstəliyin yayılmasına səbəb olan risk faktorları müəyyən edilib və fermerlərə tövsiyələr hazırlanıb.

"Müxtəlif ölkələrin tədqiqatçılarının iştirak etdiyi və təcrübələrini paylaşdığı bu təşkilata Azərbaycan tədqiqatçılarının da qoşulduğuna çox şadıq. Azərbaycanda bu təhlükəli xəstəliyin qarşısının alınması üçün dövlətlə fermerlərin birgə fəaliyyəti təqdirəlayiqdir”, - deyə konfransın təşkilatçısı professor Rameş Vemulapalli Azərbaycan təmsilçisinin çıxışına belə münasibət bildirib.

Xəbər lenti