Robert Kalina dünya
şöhrətli dizaynerdir. O, T382 dizaynının yaradıcısı kimi dünyada
tanınır. 1996-cı ildə Avro banknotlarının yarışında qalib olan Kalina
avronun, Azərbaycan manatının, Suriya funtunun, Bosniya və Hersoqovina
markının dizaynının müəllifidir. O, uzun müddət Avstriya Milli Bankında
işləyib.
Robert Kalinanın
AzVision.az-a eksklüziv müsahibəsini təqdim edirik:
-Cənab Kalina, hazırda işləriniz necədir? Hansı layihələr üzərinə çalışırsınız?-
Əvvəla, özümlə bağlı sizə məlumat verib. 1955-ci ildə Vyana şəhərində
anadan olmuşam. İndiyədək doğma şəhərimdə - Vyanada yaşayıram. Evliyəm,
bir qızım və bir oğlum, həmçinin iki nəvəm var. 1976-cı ildən bəri
banknot dizayneriyəm və 35 il ərzində Avstriyanın Mərkəzi Bankında
işləmişəm.
1982-ci ildə buraxılan bütün Avstriya şillinqinə dizayn vermişəm. 1996-cı ildə Avropa Monetar İnstitutunun (Keçmiş Avropa Mərkəzi Bankı) Avropa üçün ilk vahid valyuta banknotlarının dizaynı üzrə yarışmada qalib olmuşam. Növbəti illərdə Avropa İttifaqından kənarda olan bir sıra ölkələrin (Bosniya-Herseqovina, Malayziya və Suriyada)
banknotlarının dizaynını hazırlamışam. Mənim üçün ən maraqlı
çağırışlardan biri də Azərbaycan Respublikası üçün banknot və qəpiklərin
hazırlanması idi.
-Necə oldu ki, dizayner olmağa qərar verdiniz? -Dizayner
olmaq barədə qərarı lap əvvəldən vermişdim. Artıq 15 yaşında mən
Vyanada dizayn, foto və çap texnologiyaları sahəsində məşhur olan
"Höhere Graphische Bundes- Lehr- und Versuchsanstalt” müəssisəsində
təhsil almağa başladım. Mən burada beş il, 4 il "qrafik dizayn”
sahəsində və bir il magistraturada təhsil aldım. Baza təhsilini
bitirdikdən sonra 1956-1970-cı illərdə Avstriya Şillinqinin dizaynın
yaradılmasına cavabdeh olan məşhur rəssam-qrafik və banknot dizayneri
olan professor Roman Hellmanla birgə Avstriya Mərkəzi Bankında
banknotların tipoqrafiyada hazırlanması üzrə xüsusi kurs keçdim. 1980-cı
ildə isə "Banca d’Italia"da (İtaliya bankı) rəssam və banknot dizayneri
Qulelmo Savani ilə birgə işləyərək beynəlxalq təcrübə qazandım.
-Siz həm də Azərbayacanın milli valyutasının dizaynerisiniz. Bununla bağlı sizə təklif gələndə reaksiyanız necə oldu?-Səhv
etmirəmsə, məhz 2003-cü ildə ilk dəfə Azərbaycanın yeni banknotlarının
dizaynı üzrə təkliflərlə bağlı eskizləri hazırladım. Bu ekzotik, lakin
maraqlı ölkə üçün bir sıra banknotların hazırlanması imkanını əldə etmək
sevindirici, həm də qürurverici hal idi.
- Azərbaycanın
milli valyutasının dizayanını hazırladığınız günləri necə
xatırlayırsınız? Ornametlərdən hansını hazırlamaq sizin daha çox
vaxtınızı aldı? Ümumilikdə, bu prosses nə qədər davam etdi? -Ümumilikdə,
dizayn prosesi bir neçə il davam etdi. Ən əsas şərtlərdən biri
Azərbaycan Mərkəz Bankdan (AMB) olan şəxslərlə sıx işləmək idi. Bu anda
mən bank rəhbərinin himayəsini xüsusi vurğulamaq istəyirəm. Onlar dizayn
işlərini və bir çox ideaları şəxsən dəstəklədi. Həmçinin məni
Azərbaycan Mərkəzi Bankının heyətindən olan digər şəxslər də
dəstəklədilər. Biz birlikdə 6 pul vahidi üçün müxtəlif mövzular
düşünməli idik. Beləliklə, bir manat Azərbaycanın varlı və müasir
mədəniyyətini, həmçinin qədim xalçalarında olan dekorativ elementləri və
ənənəvi musiqi alətlərini göstərir. 5 manat Azərbaycanın dünya
ədəbiyyatına verdiyi töhfəni simvolizə edir. 10 manat Azərbaycanın qədim
ənənə və zəngin tarixini, 20 manat Azərbaycanın ərazi bütövlüyünü, 50
manat Azərbaycanın təhsilə və onun gələcək nəsillərə aidliyini, 100
manat isə iqtisadi inkişafı və Azərbaycan xalqının çiçəklənməsini
simvolizə edir. Bu simvolik dəyərlərlə yanaşı təhlükəsizlik məsələsi də
olduqca önəmlidir. Saxtalaşdırmadan qorunma ən yüksək prioritetdir.
Azərbaycan valyutası Avro banknotları kimi yüksək standarta, çap
keyfiyyətinə və təhlükəsizlik funksiyalarına malikdir.
-Həmin vaxt Azərbaycanla bağlı hansı məlumatlara malik idiniz? -O
zaman Azərbaycanla bağlı çox az bilgiyə malik idim. Sadəcə gözəl
naxışlarla bəzədilmiş məşhur xalçaları sevirdim. Araşdırma üçün ölkənin
tarixi və görməli yerləri haqda xeyli kitablar aldım. Başlanğıcda
internetdə bu barədə araşdırma aparmaq bizə yardımçı oldu.
- İndiyədək Azərbaycanda, Bakı şəhərində olmusunuzmu?-Bəli, Bakıya
tez-tez səfər edirdim. Bu sizin ölkənizin mədəniyyətini və insanların
necə yaşadığını öyrənmək üçün yeganə yol idi. Bundan əlavə, mən bir
tərəfdən AMB-dən olan şəxslərlə ideya və dizayn məsələlərini müzakirə
edir, digər tərəfdən isə dizaynlarda istifadə etmək istədiyim motivlərin
fotolarını çəkirdim. Olduqca maraqlı vaxtlar idi. Muzeyləri, eyni
zamanda demək olar ki, Bakının bütün görməli yerlərinə səfər edirdim. Bu gözəl şəhəri görmək üçün yaradılan imkana görə təşəkkür edirəm.
- Siz həm də avronun dizaynerisiniz...-
Bəli. Avro banknotlarının dizaynı olduqca xüsusi və unikal çağırış idi.
Banknotları hazırlamaq üçün müxtəlif mədəniyyətlərə malik xalqların
qəbul edəcəyi motivləri axtarıb tapırdım. Avro üçün mənim ideyam Avropanın müxtəlif dövrlərindən, epoxalarından olan körpüləri bir istiqamətdə göstərmək idi. Bu körpülər Avropa qitəsində olan ölkələr arasında əlaqəni, həmçinin Avropa ilə dünyanın digər hissələri ilə əlaqəni simvolizə edir. Banknotların ön hissəsində Avropanın
müxtəlif dövrlərindən olan qapılar və pəncərələr əks olunub. Bu,
şəffaflıq və açıqlığı, həmçinin gələcəyə baxışı simvolizə edir. Hər iki
motiv – körpülər və açıq qapılar Avropa dəyərlərini nümayiş etdirir.
Maraqlı fakt ondan ibarətdir ki,körpülər, pəncərələr və qapılardan heç bir reallıqda mövcud deyil. Çünki Avropa İttifaqının heç bir üzvü bu faktla ön plana çəkilməməli idi. Avropa İttifaqı ölkələrinin vahid valyutası ilə hər hansı bir ölkənin - Avstriya, Suriya və ya Azərbaycanın valyutasının dizaynında böyük fərqlər var.
-Siz hansı valyutadan istifadə edirsiniz: avro, yoxsa dollardan? -Hər gün avro ilə ödəniş etdiyim üçün daha çox avroya üstünlük verirəm. Yeri gəlmişkən, bütün dünyada hamı, dollarla yanaşı avronu da qəbul edir.
- Bəs, dolların dizanyını bəyənirsinizmi?-Dollar çox qədim və ənənəvi valyutadır, hətta onun yeni dizaynı belə köhnə kimi görünür.
-Necə düşünürsünüz, pulun dizaynının hansısa psixoloji əhəmiyyəti varmı?-Köhnə
görünüşlü dizayn sabitlik və təhlükəsizlik simvolu kimi dəyərləndirilə
bilər, lakin bu eyni zamanda köhnəlmiş və bir az da "tozlu” olaraq
görünür. Digər tərəfdən çox müasir və təcrübə xarakterli dizayn isə
əksinə davamlı və təhlükəsiz olmayan valyuta kimi dəyərləndirilə bilər.
Dizaynerin məqsədi yaxşı kompromis tapmaqdır.
Mən bu mərhələdə
yenidən saxta əskinzalardan müdafiəyə qayıtmalıyam. Saxta əskinazlardan
qorunmağa dair yaxşı müdafiəyə malik banknotlar etibarlıdır və insanlar
onları daha çox sevəcək və inanacaqlar. Təhlükəsizlik banknotların ən
əhəmiyyətli funksiyasıdır.