Xəzər Xəbər

Bakı Limanında ilk istehsal müəssisəsi üçün lazımi infrastruktur yaradılıb

İqtisadiyyat | 13:18 • 2 Dekabr 2017
Bakı Limanında ilk istehsal müəssisəsi üçün lazımi infrastruktur yaradılıb

2018-ci ildə ölkəmizdə azad iqtisadi zonaların (AİZ) istifadəyə verilməsi nəzərdə tutulur. Bu məqsədlə artıq Bakı Beynəlxalq Dəniz Ticarət Limanında ilk istehsal müəssisəsinin fəaliyyətə başlaması üçün lazımi infrastruktur yaradılıb.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, bu cür ərazilərdə yerli və xarici sahibkarlar üçün əlverişli iqtisadi şəraitə malik olan və digər ərazilərə münasibətdə xüsusi hüquqi rejimli məhdud sahələrdir. Ərazidə sadələşdirilmiş gömrük və vergi prosedurları həyata keçirilir, istehsal edilən mallar milli gömrük xaricində olan obyektlər kimi qəbul edilir və bu səbəbdən də adi gömrük nəzarətinə və vergitutmaya cəlb olunmur.

Qeyd olunub ki, AİZ ərazisində tətbiq olunan vergi güzəştləri də investisiyaların cəlb edilməsi baxımından əlverişli hesab olunur. Bakı Dəniz Ticarət Limanı hazırda Azərbaycanın tranzit imkanlarının dünyaya təqdim olunması baxımından mühüm strateji məkandır və bu sahədə səmərəli vergi-fiskal siyasətin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər Azərbaycan ərazisindən xarici dövlətlərə daşınan malların 3 il müddətinə yol vergisindən azad olunmasını nəzərdə tutur ki, bu da AİZ-dəki limandan daşımaların artmasını stimullaşdıracaq. Bu siyasət ölkədən xarici dövlətlərə məhsul ixrac edən sahibkarların daşınma xərclərinin aşağı salınmasında və onların ixrac imkanlarının yaxşılaşdırılmasında mühüm rol oynayacaq.

Dəniz limanının birinci fazası üzrə illik yükaşırma qabiliyyətinin 15 milyon tona çatacağı gözlənilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti