Vyanada OPEC Nazirlər
Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına
(OPEC) üzv və qeyri-üzv dövlətlərin üçüncü görüşündə neft hasilatının
azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi
uzadılması ilə bağlı razılıq əldə olunub.
OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. İclasın yekunlarına dair Energetika Nazirliyinin
mətbuat xidmətinə açıqlama verən energetika naziri Pərviz Şahbazov
deyib ki, iclasda Vyana sazişinin imzalanmasından ötən bir il müddətində
dünya neft bazarında vəziyyət təhlil edilib. Dünya iqtisadiyyatının
inkişaf templəri, gözləntilər, neft, neft məhsullarına tələbatı əks
etdirən təqdimatlar edilib. OPEC rəhbərliyi tərəfindən saziş iştirakçısı
olan ölkələrin öhdəliklərin yerinə yetirilmə səviyyəsi
dəyərləndirilib.Neftin qiymətində tərəddüdlərin tədricən sabitləşmə ilə
əvəz olunması, son dövrdə neftin bir barrelinin qiymətinin 60-63 dollar
səviyyəsinə yüksəlməsi, təklifin həcminin aşağı düşməsi, neft
ehtiyatlarının nisbətən azalması və neft bazarında tarazlığın qismən
bərpası OPEC+ çərivəsində əməkdaşlığın mütərəqqi nəticələri kimi qeyd
olunub.
Bununla belə, Vyana razılaşmasını zəruri edən
problemlərin tam aradan qalxmadığı əsas gətirilərək, Monitorinq
Komitəsinin 2018-ci ilin martından sonra neft hasilatının azaldılması
üzrə sazişin uzadılması təklifi irəli sürülüb və yekdiliklə
razılaşdırılıb. Hasilatın əlavə həcmdə azaldılması məqsədəuyğun hesab
edilməyib və öhdəliklərin olduğu kimi saxlanması qərara alınıb.
Energetika
naziri Pərviz Şahbazov çıxışında bazarda qiymət sabitliyi üçün mühüm
faktor olan tələbatın artmasının yaxın perspektivdə
proqnozlaşdırılmadığını vurğulayaraq bildirib ki, neftin hazırkı qiymət
diapazonunda belə saxlanılması üçün davamlı dəstək verilməlidir. Nazir
tədbirdə yeni ölkələrin iştirakını təqdir edərək, bunu prosesin irəli
aparılması üçün mühüm addım hesab edib. Pərviz Şahbazov OPEC
çərçivəsində irəli sürülən təşəbbüslərə ilk vaxtdan qoşulan Azərbaycanın
gündəlik hasilatı 35 min barrel azaltmaqla bağlı üzərinə götürdüyü
öhdəliyi tam yerinə yetirdiyini diqqətə çatdırıb. "Azərbaycan dövləti
olaraq mövqeyimiz bundan ibarətdir ki, hasilatın azaldılması ilə bağlı
Sazişin gələn ilin sonuna kimi uzadılması məqsədəuyğundur və belə bir
qərar neft bazarında əldə etdiyimiz nailiyyətləri uzunmüddətli etməklə
daha da möhkəmləndirə bilər”-deyə energetika naziri əlavə edib.
Görüşün
yekununda OPEC və təşkilata daxil olmayan ölkələr "Əməkdaşlıq
Bəyannaməsi”nə imza atıblar. Azərbaycan da OPEC və qeyri-OPEC
ölkələrinin növbəti bu anlaşmasını ölkənin maraqlarına uyğun hesab
edərək, öz dəstəyini ifadə edib.
Toplantıya 14 OPEC üzvü, kartelə
daxili olmayan 17 ölkə nəzərə alınmaqla ümumilikdə 32 ölkə qatılıb.
Türkmənistan, Özbəkistan, Çad, Konqo, Misir və Uqanda müşahidəçi
qismində iştirak edərək, prosesə dəstək nümayiş etdiriblər.
Xatırladaq
ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2
milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq
əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata
daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558
min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il
tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac
Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft
hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci
rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.