Xəzər Xəbər

GUAM ölkələri arasında azad ticarət zonasının yaradılması strateji məqsəddir

İqtisadiyyat | 17:39 • 28 Noyabr 2017
GUAM ölkələri arasında azad ticarət zonasının yaradılması strateji məqsəddir

Moldovanın GUAM-a sədrliyi dövründə GUAM ölkələri arasında nəqliyyat dəhlizinin və azad ticarət zonasının yaradılması məsələləri ilə bağlı yekun sənəd imzalanacaq.


AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində GUAM-ın baş katibi Altay Əfəndiyev söyləyib.


A.Əfəndiyev deyib ki, GUAM ölkələri arasında nəqliyyat dəhlizinin yaradılması ilə bağlı 2007-ci ildə Bakı sammitində ilkin razılıq əldə olunub və tərəflərə bu istiqamətdə işləri davam etdirmək üçün müxtəlif tapşırıqlar verilib. 2013–cü ildə Tbilisidə keçirilən tədbirdə isə müəyyən konsepsiya təsdiq olunub. Tbilisidə keçirilən "İpək yolu” forumunda Moldovanın Baş naziri Pavel Filipin bu məsələyə toxunması da təsadüfi deyil. İndi biz bu konsepsiyanı strategiyaya çevirmək istəyirik.


GUAM-ın baş katibi deyib: "Bizim qarşımızda hazırda iki əsas vəzifə dayanır. Bunlardan biri nəqliyyat dəhlizinin, digəri isə azad ticarət zonasının yaradılmasıdır. Gələn il GUAM-a sədrlik Moldovaya keçir. Gələn il GUAM ölkələrinin Baş nazirlərinin görüşü də nəzərdə tutulub. Həmin görüşdə bu strategiyanın həyata keçirilməsi məsələsi həllini tapacaq və müvafiq sənədlər imzalanacaq”.

Xəbər lenti