Xəzər Xəbər

TANAP və “Şahdəniz-2” 2018-ci ildə Azərbaycanın iqtisadi artımına təkan verəcək

İqtisadiyyat | 12:37 • 22 Noyabr 2017
TANAP və “Şahdəniz-2” 2018-ci ildə Azərbaycanın iqtisadi artımına təkan verəcək

TANAP və "Şahdəniz-2” layihələrinin reallaşdırılması 2018-ci ildə Azərbaycanın iqtisadi artımına təkan verəcək.

Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) hesabatında deyilir. Bildirilir ki, Azərbaycanın ÜDM-i 2018-ci ildə 2 faiz artacaq.

"Mühüm qaz infrastruktur layihələrinin ("Şahdəniz-2”, TANAP) reallaşdırılmasının 2018-ci ildə ölkədə iqtisadi artıma təkan verəcəyi gözlənilir. ÜDM-in isə gələn il 2 faiz artacağı proqnozlaşdırılır”, - deyə hesabatda qeyd edilir.

Qeyd edək ki, EBRD 1992-ci ildən Azərbaycanla əməkdaşlıq edir. Bu müddət ərzində bank ölkə iqtisadiyyatına təxminən 2,8 milyard dollar sərmayə yatırıb.

TANAP layihəsi ilə Azərbaycanın "Şahdəniz-2” yatağından hasil olunacaq təbii qazın Türkiyənin qərb sərhədlərinə və oradan da Avropaya nəqli nəzərdə tutulur. Təbii qaz 2018-ci ilin ortalarında Türkiyəyə çatdırılacaq. TAP boru kəmərinin tikintisi başa çatdıqdan sonra isə təbii qaz 2020-ci ilin əvvəlində Avropaya göndəriləcək.

TANAP-ın uzunluğu 1850 kilometrdir və ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr qazdır. Bu qaz həcminin 6 milyard kubmetrinin Türkiyəyə, qalan 10 milyard kubmetrinin isə Avropa bazarına ötürülməsi nəzərdə tutulur. (AZƏRTAC)

Xəbər lenti