Xəzər Xəbər

Azərbaycanda 539 mindən çox mənzil özəlləşdirilib

İqtisadiyyat | 14:42 • 16 Noyabr 2017
Azərbaycanda 539 mindən çox mənzil özəlləşdirilib

Daşınmaz əmlakın qeydiyyat prosedurlarının sadələşdirilməsi və müasirləşdirilməsi bu sahədə göstəriciləri artırıb. Qeydiyyat ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ildə 15 faizə yaxın artıb.

Əmlak Məsələlər Dövlət Komitəsindən xezerxeber.az-a bildirilib ki, komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatı prosedurunun sadələşdirilməsi, bu sahədə əlçatanlığın artırılması, elektron xidmətlərin genişləndirilməsi, həyata keçirilən sosial və innovativ layihələr cari ildə də əmlakların qeydiyyatının artmasına gətirib çıxarıb. Belə ki, əmlakın qeydiyyatı kalkulyatorunun istifadəyə verilməsi, Qabaqcadan qeydiyyatın tətbiqi, SMS xidmətlərinin fəaliyyət göstərməsi, bu sahədə maarifləndirmə işlərinin aparılması nəticənin müsbət olmasına təsir göstərir. Bunu statistik göstəricilər də təsdiqləyir.

Belə ki, statistik məlumatlara əsasən, 2017-ci ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı 161 min 442 olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz artım deməkdir. Bu göstəricinin 48 min 83-ü (29,8 faizi) ilkin, 113 min 359-u (70,2 faiz) isə təkrar qeydiyyata aid olub. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 31 min 156-sı fərdi yaşayış və bağ evi, 41 min 889-u mənzil, 81 min 652-si torpaq sahəsi, 2980-i qeyri-yaşayış binası, 2869-u qeyri-yaşayış sahəsi, 628-i əmlak kompleksi, 118-i çoxmərtəbəli yaşayış binası, 150-si isə çoxillik əkmələr təşkil edib.

İlkin qeydiyyatın 37,1 faizi Bakı şəhərinin, 62,9 faizi isə regionların payına düşür. Qeyd edək ki, ilkin qeydiyyat ötən ilin eyni dövri ilə müqayisədə 19,3 faiz artıb.

Bundan başqa 2017-ci ilin yanvar-oktyabr ayları ərzində ölkə üzrə 11 min 275 mənzil özəlləşdirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə özəlləşdirilmiş mənzillərin sayı 30,7 faizə yaxın artıb. Ümumilikdə isə özəlləşdirilmə başlayandan bu günədək ölkə üzrə 539 mindən çox mənzil özəlləşdirilib.

İlkin qeydiyyatın artması bu sahədə yaradılan rahat şəraitin, operativliyin nəticəsidir. Eyni zamanda, əldə olunan yüksək göstərici vətəndaşların daşınmaz əmlak bazarında leqal əmlaklara üstünlük verməsinin bariz nümunəsidir.

Təkrar qeydiyyatda da əldə olunan yüksək göstərici ölkədə iqtisadi və hüquqi əməliyyatların artması deməkdir. Belə ki, bu, alqı-satqı, ipoteka kimi əməliyyatların artmasından xəbər verir. Təkrar qeydiyyatın artması daşınmaz əmlak bazarının canlanmasına, inkişafına imkan verir.

Cari ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlakın texniki inventarlaşdırılması və texniki pasport tərtib edilməsi ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz artaraq 117,9 faiz təşkil edib.

Ötən 10 ay ərzində hüquqi və fiziki şəxslərə 127 min 226 məhdudiyyət arayışı verilib. Məhdudlaşdırmaya (yüklülüyə) dair dövlət reyestrindən arayışların verilməsində, ötən ilin eyni dövrünün statistikası ilə müqayisəsi zamanı 20,9 faiz artımın olduğu müşahidə edilib.

Bu ildə 31 min 049 ipoteka müqaviləsi bağlanılıb. Bunlardan 5778-i torpaq sahəsi, 14 min 516-sı mənzil, 7313-ü fərdi yaşayış və bağ evləri, 3442-si isə digərinə aid olub. Oktyabr ayının sonunadək 2804 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Bundan başqa əhaliyə xidmətlə bağlı 43 min 126 digər müxtəlif məzmunlu arayışlar verilib.

Komitə daşınmaz əmlakın qeydiyyatı sahəsində əlçatanlığın, optimallığın artırılması, bu sahədə yeniliklərin tətbiqi istiqamətində də işlərini davam etdirib.

Cari ildə komitə bu sahədə "Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” və "Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” elektron xidmətlərini istifadəyə verilib. Bundan başqa "Əmlakın qeydiyyatı kalkulyatoru”, "Elektron çıxarış sistemi” də vətəndaşlara xidmət göstərir.

Daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial layihələrdən biri "Kütləvi çıxarış” kampaniyasıdır. Cari ildə kampaniyanın əhatə dairəsi daha da genişlənib. "Kütləvi çıxarış” kampaniyası birbaşa ünvanlarla yanaşı, iş yerlərində, o cümlədən vətəndaşların kənd təsərrüfatı ilə məşğul olduğu sahələrdə, əkin yerlərində, ucqar kənd yerlərində təşkil edilib. Keçirilmiş 18 kampaniyanın 4-ü paytaxt rayonlarında, 14-ü isə respublikanın müxtəlif şəhər və rayonlarında keçirilib.

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə isə yanvar-oktyabr ayları ərzində vətəndaşlardan 61 min 243 müraciət qəbul olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz artıb.

Xəbər lenti