Xəzər Xəbər

Əhalinin manata inamı artır

İqtisadiyyat | 13:06 • 9 Noyabr 2017
Əhalinin manata inamı artır
Azərbaycanın milli valyutası beynəlxalq təsirlərdən yaranmış iqtisadi böhrandan uğurla qurtulub

"2017-ci ildə Azərbaycan makroiqtisadi sabitliyin təmin edilməsi və əhalinin milli valyutaya inamının bərpası prosesinin ilk mərhələsinin yekunu üzrə qarşıya qoyulan məqsədlərə çatıb”. Bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Milli Məclis komitələrinin 2018-ci il dövlət büdcəsi və icmal büdcə layihələrinin müzakirəsində deyib. Nazir qeyd edib ki, bu, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi tədbirlər sayəsində mümkün olub.

Mütəxəssislərin rəyinə görə, 2017 -ci ildə Mərkəzi Bank beynəlxalq konyunkturun nisbətən yaxşılaşması və qeyri-neft sektorunda iqtisadi artımın bərpası şəraitində fəaliyyət göstərib.
OPEC ölkələrinin, o cümlədən Azərbaycanın neft hasilatının tənzimlənməsi sahəsində apardıqları məqsədyönlü siyasət sayəsində neftin dünya qiymətində yüksəlmə baş verib. Təbii ki, keyfiyyətli Azərbaycan neftinin də qiyməti qalxıb və bunun nəticəsi kimi ölkəyə daxil olan valyutanın miqdarı çoxalıb. Amma daha mühüm amil hökumətin qeyri-neft sektorunun inkişafı üzrə həyata keçirdiyi tədbirlər sayəsində baş verib. Belə ki, əsasən istehlak malları, toxuculuq və yeyinti malları sahəsində idxalın azalması, bununla yanaşı ixrac məhsullarının həcminin artması valyuta gəlirlərinə müsbət təsir edib və bunun nəticəsində ölkənin tədiyyə balansında profisit bərpa olunub, strateji valyuta ehtiyatları artıb.

Cari ilin 9 ayında Mərkəzi Bankın həyata keçirdiyi antiinflyasiya xarakterli pul siyasəti də vəziyyətin müsbətə doğru dəyişməsində əhəmiyyətli rol oynayıb. Belə ki, pul təklifi gələn mənbələrin effektiv idarə edilməsi istiqaməti götürülüb və adekvat faiz siyasəti yürüdülüb. Faiz dəhlizinin parametrləri iqtisadi tsikl göstəriciləri, xüsusən də inflyasiyanın dinamikası, maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər nəzərə alınmaqla müəyyənləşdirilib. MB tərəfindən pul siyasətinə dair qərarlar qəbul edilərkən transmissiya xüsusiyyətləri nəzərə alınıb. Prosesin uğurlu alınmasında pul siyasətinin strateji çərçivəsinin daim diqqətdə saxlanılması və təkmilləşdirilməsi ardıcıllığın qorunmasına səbəb olub. İl ərzində milli valyutanın məzənnəsi valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq formalaşıb.

Vəziyyəti iqtisadi qaydalar çərçivəsində qiymətləndirəndə görünür ki, tədiyyə balansının profisiti şəraitində valyuta bazarında təklifin tələbi üstələməsi nəticəsində milli valyutanın məzənnəsinin möhkəmlənməsi dollarlaşma səviyyəsinin aşağı düşməsi ilə müşayiət olunur. Bu tendensiya iqtisadiyyatda gözlənilən inflyasiyanın səviyyəsinə azaldıcı təsir edib. Ümumilikdə, iqtisadi siyasət üzrə həyata keçirilən tədbirləri nəticəsində 2017-ci ilin 9 ayında makroiqtisadi sabitliyin təmin olunması istiqamətində müsbət meyillər formalaşıb və güclənib.

Gələn ilin dövlət büdcəsi layihələşdirilərkən baş vermiş irəliləyiş nəzərə alınıb. Azərbaycanın 2018-ci il dövlət büdcəsinin gəlirləri 20,127 milyard, xərcləri isə 20,905 milyard manat səviyyəsində proqnozlaşdırılır. Neftin qiyməti dövlət büdcəsində ötənilki səviyyədən artıq - 45 dollar/barel qeyd edilib.

Bütün bunlar əhalinin manata olan münasibətinə də yaxşı mənada güclü təsir edib. Uzun müddətdir ki, manatla xarici valyutaların mübadiləsində davam edən sabitlik ailə büdcəsinin olunmasını asanlaşdırıb. Faktiki olaraq iqtisadi təbəddülatların insanlara gətirdiyi narahatlıq əsasən aradan götürülüb. Xüsusilə, ölkə başçısının gələn il maaş və pensiyaların artırılacağı badərə verdiyi anons əhali tərəfindən rəğbətlə qarşılanmaqla yanaşı milli valyutaya olan ümidi daha da gücləndirib. Bu həm də Azərbaycan milli valyutasının kənar təsirlərlə mübarizədən qalib çıxmasının göstəricisidir./movqe.az

Xəbər lenti