Xəzər Xəbər

Kərə yağı nə qədər ucuzlaşacaq? Ekspert açıqladı

İqtisadiyyat | 17:37 • 7 Noyabr 2017
Kərə yağı nə qədər ucuzlaşacaq?

"Kərə yağının qiymətinin dünya bazarında son dövrlərdə ciddi dəyişmədiyini nəzərə alsaq, rüsumlar azaldılması Yeni Zelandiyadan idxal edilən kərə yağının, növündən asılı olaraq, hər kiloqramında, orta hesabla 2 manat qiymət azalmasına gətirib çıxara bilər”.

XəzərXəbər xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov kərə yağının qiyməti ətrafında gedən müzakirələri şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edərək, kərə yağı və süddən hazırlanmış digər yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarını bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşdirib:

"İndiyədək bu dərəcə 15 faiz idi. bu qərar 30 gün sonra tətbiq edilməklə, 2019-cu ilin dekabrın 31-dək qüvvədə olacaq. Kərə yağının qiyməti artan zaman biz mətbuata açıqlamamızda ilkin olaraq rüsumların aşağı salınması yolu ilə xərcin azaldılmasına nail olmağı təklif etmişdik. Paralel olaraq isə yerli istehsalı artırmaqla idxaldan asılılığı aradan qaldırmaq və nəticədə dünya bazarındakı qiymətləri daxili istehlak bazarına minimumlaşdırmaq vacibdir”.

Ekspert vurğulayıb ki, rüsumun 3 dəfə və ya 10 faiz bənd azaldılması idxal edilən məhsulların xərcinin azalmasına və nəticədə daxili bazarda qiymətlərin dəyişməsinə təsir göstərə bilər: "Məsələn, 100 min dollarlıq kərə yağı idxal edən sahibkar əvvəllər 15 faiz rüsum və 18 faiz ƏDV ödəyirdi. Nəticədə rüsum tətbiq ediləndən sonra malın xərci rüsumdan sonra 115 min dollara, ƏDV tətbiq ediləndən sonra isə 135.7 min dollaradək yüksəlirdi. Rüsum 5 faizədək azaldıldığı üçün bu halda idxal edilən kərə yağının rüsumlu xərci 105 min dollar, ƏDV tətbiq ediləndən sonra isə 123.9 min dollara olacaq. Bu isə o deməkdir ki, son güzəşt hər 100 min dollarlıq idxal kərə yağında 11.8 min dollar fərq yaradacaq”.

Vüqar Bayramov qeyd edib ki, dəyişikliyin gələn ay tətbiq ediləcəyini nəzərə alsaq, onun istehlak bazarına təsirləri ən tez, növbəti ilin əvvəlində müşahidə edilə bilər.

Xəbər lenti