Xəzər Xəbər

Dolların manata qarşı orta günlük rəsmi məzənnəsi açıqlanıb

İqtisadiyyat | 15:51 • 7 Noyabr 2017
Dolların manata qarşı orta günlük rəsmi məzənnəsi açıqlanıb

Cari ilin 9 ayı ərzində manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib. Valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq manatın məzənnəsinin dinamikasında bir neçə dəfə qalxıb-enmə müşahidə edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında deyilir.


İcmalda deyilir ki, yanvar və fevral ayının birinci yarısında bahalaşan dollar fevral ayının ikinci yarısından nisbətən ucuzlaşmağa başlayıb. 2016-cı ilin sonuna dolların manata qarşı məzənnəsi 1,7707 manat səviyyəsində olubsa, 01.02.17 tarixində özünün dövr üzrə maksimum həddinə - 1.9200 manata qalxıb, 27.09.17 tarixində isə minimum həddinə - 1.7002 manata enib.

AMB bildirir ki, 2017-ci ilin 9 ayının sonuna manata nəzərən dollar ilin əvvəlindən 4% ucuzlaşıb. Hesabat dövründə 1 dolların manata qarşı orta günlük rəsmi məzənnəsi isə

1,7279 manat təşkil edib.

Dövr ərzində ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Belə ki, manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 0,5% bahalaşıb.

Yeni məzənnə rejiminin tətbiqi Mərkəzi Bankın ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir. 30 sentyabr 2017-ci il tarixinə AMB-nin xarici valyuta ehtiyatları 5,2 mlrd. dollar təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi kifayətlilik üzrə beynəlxalq təcrübədə qəbul edilmiş normaları (3 aylıq mal və xidmət idxalını örtmək, milli valyuta ilə pul təklifinə nisbət və s) üstələyib.

Xəbər lenti