Xəzər Xəbər

Neftin qiyməti son 3 həftənin maksimumuna çatır

İqtisadiyyat | 15:27 • 19 Oktyabr 2017
Neftin qiyməti son 3 həftənin maksimumuna çatır

Dünya birjalarında neftin bir barrelinin qiyməti son 3 həftənin maksimumuna yaxınlaşır.


AZƏRTAC xəbər verir ki, neftin qiymətinin bahalaşmasına səbəb kimi son günlərdə İraq hökuməti ilə İraq Kürdüstan Regional Rəhbərliyi (İKRR) arasında gərginliyin artması, eləcə də Şimali İraqdan Ceyhan limanına nəql edilən xam neftin həcminin azalması göstərilir. Bu bölgədən Ceyhana neft nəqlinin həcminin gündəlik 240 min barrelə gerilədiyi bildirilir. Əvvəllər boru kəməri ilə sutkada 600 min barrel neft nəql edilirdi.


Həmçinin ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) ölkədəki xam neft ehtiyatlarının ötən hesabat həftəsində 5,7 milyon barrel azalaraq 456,5 milyon barrelə düşdüyünü açıqlaması da "qara qızıl”ın qiymətinin bahalaşmasına təsir göstərən əsas faktorlardandır.


Hazırda "Layt” markalı neft Nyu-Yorkun NYMEX birjasında 52 dollar/barreldən, "Brent” nefti isə Londonun ICE birjasında 58 dollar/barreldən alıcı axtarır.

Xəbər lenti