Xəzər Xəbər

ABŞ-ın xam neft ehtiyatları 1,2 faiz azalıb

İqtisadiyyat | 15:20 • 19 Oktyabr 2017
ABŞ-ın xam neft ehtiyatları 1,2 faiz azalıb

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 5,7 milyon barrel (1,2 faiz) azalaraq 456,5 milyon barrel olub.

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 4,2 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə xam neft ehtiyatları 2,7 milyon barrel azalmışdı. Beləliklə də, ABŞ-ın xam neft ehtiyatları ard-arda 4 həftə azalma göstərib.

ABŞ-ın strateji neft ehtiyatları isə ötən həftə 0,8 milyon barrel (0,1 faiz) azalaraq 671,7 milyon barrel olub. Ölkənin benzin ehtiyatları keçən həftə 0,9 milyon barrel (0,4 faiz) artaraq 222,3 milyon barrel təşkil edib. Bazar proqnozları isə ehtiyatların 0,2 milyon barrel artması istiqamətində idi. Əvvəlki həftədə də benzin ehtiyatları 2,5 milyon barrel artmışdı.

Ölkənin xam neft hasilatı ötən həftə gündəlik orta hesabla 1,07 milyon barrel azalaraq 8,41 milyon barrelə düşüb. Beləliklə də ABŞ-ın neft hasilatı ard-arda 2 həftə azalıb.

Hesabat həftəsində ABŞ-ın neft idxalı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 134 min barrel azalaraq 7,48 milyon barrel olub. Ölkənin xam neft ixracı isə gündəlik 528 min barrel artaraq 1,8 milyon barrel təşkil edib.

Xəbər lenti