Dövlət Əmək Müfəttişliyi
Xidməti (DƏMX) 94 563 manat məbləğində gecikdirilmiş sosial xarakterli
ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən
XəzərXəbər-ə verilən məlumata görə, ƏƏSMN yanında DƏMX-nin vətəndaş müraciətlərinə
əsasən, həyata keçirdiyi tədbirlər nəticəsində cari ilin 9 ayında
ümumilikdə 94 563 manat məbləğində gecikdirilmiş sosial xarakterli
ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.
Həmin
vəsaitin 93,3 faizi əmək haqlarından, 4,2 faizi işəgötürənlər
tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalan
hissəsi isə zərərə görə ödənclərdən ibarət olub. Ayrı-ayrı vətəndaşların
işdən qanunsuz şəkildə azad olunmalarına dair müraciətləri əsasında da
qanunvericiliyə uyğun tədbirlər görülüb və işindən qeyri-qanuni şəkildə
azad edildiyi aşkar olunan şəxslər yenidən əvvəlki işlərinə bərpa
etdiriliblər. Bu tədbirlər çərçivəsində aidiyyəti işəgötürənlərə əməyin
ödənilməsinin təminatları, əmək haqqının ödənilməsinin formaları,
qaydaları, müddətləri, əvəzçilik üzrə əmək haqqının ödənilməsi, əmək
müqaviləsinə xitam verilməsinin hüquqi əsasları və s. barədə
qanunvericilik əsasında izahatlar verilib.
Hesabat dövründə DƏMX
tərəfindən işəgötürənlər arasında əməyin təhlükəsizliyinin təmin
olunması, əməyin mühafizəsi ilə bağlı norma və standartlar barədə
məlumatlandırma işləri aparılıb. Əmək münasibətləri sahəsində uşaq
hüquqlarına dair maarifləndirmə tədbirləri də davam etdirilib. Bu
məqsədlə Bakıda
və respublikamızın ayrı-ayrı bölgələrində "Uşaq əməyinin istismarı və
məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə” mövzusunda keçirilən
tədbirlərdə ölkəmizin əmək qanunvericiliyində uşaqların işə qəbul
edilməsi üçün minimum yaş həddi, yaşı 18-dən az olan işçilər üçün
qanunvericilikdə əksini tapan əlavə təminat və güzəştlər barədə
məlumatlar verilib.