Xəzər Xəbər

Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Şəki şəhərində yerləşir

İqtisadiyyat | 12:36 • 17 Oktyabr 2017
Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Şəki şəhərində yerləşir

Oktyabrın 17-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 6-sı kiçik dövlət müəssisəsi, 7-si istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü yarımtikili, digər 3-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 6 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 6 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri-yaşayış sahəsi, 3 yarımtikili özəlləşdirilib.

Komitədən bildirilib ki, ƏMDK tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə açıq hərracların keçirilməsi davam etdirilir. Hərraclarda yaradılmış avtomatlaşdırılmış infrastruktur əhaliyə prosesi real vaxt rejimində izləmək imkanı verir. Bunun üçün https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkinə keçid etmək kifayətdir.

Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Səbail rayonunda yerləşən ümumi faydalı sahəsi 31,4 kvadratmetr olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 10 min manat olmasına baxmayaraq, ən son 17 min manata özəlləşdirilib.

Hərracda ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi isə Şəki şəhərində yerləşən İdman Sağlamlıq Mərkəzi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 1000 kvadratmetrdən çox, torpaq sahəsi isə 6 min 500 kvadratmetrə yaxındır. Həmin əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Sənaye sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi də hərracda özəlləşdirilib. Şəmkirdə yerləşən yun qəbulu məntəqəsi bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 1300 kvadratmetrə yaxın torpaq sahəsi isə 3 min kvadratmetrdən çoxdur.

Şəmkirdə yerləşən yun qəbulu məntəqəsi kimi müəssisələrin özəlləşdirilməsi və yenidən fəaliyyətə cəlb edilməsi həm kənd təsərrüfatı, həm də yüngül sənayenin inkişafına töhfə verir. Bu isə daxili geyim tələbatımızın ödənilməsinə, xarici bazarlardan asılılığımızın aradan qaldırılmasına səbəb olur. Bundan başqa, özəlləşdirilən əmlakların paytaxtla yanaşı, regionlarda yerləşməsi bölgələrdə yeni iş yerlərinin açılmasına, regionların iqtisadi potensialının artmasına şərait yaradır.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Bu əmlaklar hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır.

Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 6-sı paytaxtda, 1-i isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 3-ü Səbail, 2-si Nəsimi, digəri isə Nizami rayonunda yerləşir. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsi Şirvan şəhərindədir. Özəlləşdirilən əmlakların sahəsi 10 kvadratmetr ilə 124 kvadratmetr arasında dəyişir. Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Nəsimi rayonunda yerləşən sahəsi 11 kvadratmetr olan qeyri-yaşayış sahəsidir. Özəlləşdirilən 3 yarımtikilidən 2-si Ağstafada, biri isə Gəncədə yerləşir.

Prosesdə müxtəlif markalı nəqliyyat vasitələri də öz sahibini tapıb. Ən ucuz qiymətə özəlləşdirilən avtomobil "QAZ-31105” markalı minik maşını olub.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r linkindən istifadə etmək olar.

Hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqi, prosedurların sadələşdirilməsi, şəffaflığın təmin olunması investorlarda marağın artmasına şərait yaradıb. Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10 faizi məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Özəlləşdirilməyə çıxarılan hər bir səhmdar cəmiyyət, müəssisə və obyektlər, eləcə də nəqliyyat vasitələrinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları Özəlləşdirilmə portalında (privatization.az) əksini tapıb. Hərraclar barədə həftəlik elanlar isə həm "Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və Özəlləşdirilmə portalında yerləşdirilir.

Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac oktyabrın 24-də keçiriləcək.

Xəbər lenti