Xəzər Xəbər

Proqnoz: Rusiyada yeni devalvasiya qaçılmazdır

İqtisadiyyat | 16:23 • 10 Oktyabr 2017
Proqnoz:

Oktyabr ayının sonunda Rusiyada illik inflyasiyanın 3%-dən aşağı düşməsi gözlənilir.

TASS agentliyinə istinadən, bu proqnoz Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin tərəfindən Ümumdünya Ticarət Təşkilatının (ÜTT) nazirlər səviyyəsində keçirdiyi konfransında səsləndirilib.

"Prinsip etibarı ilə inflyasiya tendensiyası yumşaqdır. Proqnozlarımıza görə, inflyasiya oktyabrın yekununda illik 3% həddindən aşağı olacaq. Bu isə hədəfimizdən 1 faiz bəndi aşağıdır və yaxşı hal kimi qəbul edilmir”, – deyə M.Oreşkin qeyd edib.

Nazirin sözlərinə görə, Rusiya Bankı (Mərkəzi Bank) artıq vəziyyətə reaksiya göstərib və sentyabrda uçot dərəcəsini azaldıb. Rusiyada artıq ardıcıl iki aydır ki, deflyasiya baş verir. Avqustda qiymətlər 0,5%, sentyabrda isə 0,1% azalma göstərib.

"Report Analitika Qrupu” bildirir ki, Rusiyada deflyasiyanın qarşısının alınması üçün pul kütləsinin artırılması tələb olunsa da, Rusiya Bankı bu addımı atmaq istəmir: "Çünki pul kütləsinin artırılması son nəticədə iqtisadi şərait pisləşdikdə xarici valyutaya tələbatı artırır və valyuta ehtiyatlarının azalmasına gətirib çıxarır. İnflyasiyanı artırmaq üçün hökumətin əlində yeganə alət devalvasiyadır. Qısamüddətli perspektivdə Rusiyada dolların bahalaşması qaçılmazdır”.

Xəbər lenti