Xəzər Xəbər

Paytaxt avtobuslarının yarısı yenilənəcək

İqtisadiyyat | 09:21 • 10 Oktyabr 2017
Paytaxt avtobuslarının yarısı yenilənəcək

"Aparılmış təhlillər nəticəsində Bakı şəhərinin avtobus marşrut xətlərində təkrarlanmaların mövcud olması aşkar edilib”.

Xezerxeber.az məlumat verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Onun sözlərinə görə, şəhər və şəhərsalmaya uyğun olmayan xətlər optimallaşdırılmış daşıyıcıların sayı 57-dən 48-ə, marşrut xətlərinin sayı isə 157-dən 150-yə endirilib və bu istiqamətdə işlər davam etdirilir. "Qeyd edim ki, 48 daşıyıcıya məxsus istehsalat bazası təhlil edilib və əksəriyyətinin qaraj və maddi texniki bazasının müasir tələblərə uyğun olmadığı müəyyən olunub. Agentlik tərəfindən qoyulmuş tələblər nəticəsində, daşıyıcı şirkətlər 5 yeni istehsalat bazası (qaraj) təşkil edib, 25 ədəd yeni avtobus alıb, 800-dən artıq avtobusu isə təmir edərək istismara veriblər. Bununla yanaşı, qeyd etmək istərdim ki, hazırda şəhərdə sərnişindaşıma təyinatlı 2124 avtobusdan 468 ədədinin istehsal ili 5 ilə qədər, 1577 ədədinin istehsal ili 6-10 il arası, 79 ədədinin istehsal ili isə 10 ildən çoxdur. Bir avtobusun bir dəfəyə orta hesabla 70-80 sərnişin daşıdığını nəzərə alsaq, təhlükəsiz və keyfiyyətli sərnişindaşıma üçün Bakı şəhərində fəaliyyət göstərən avtobusların 50 faizinin mərhələlərlə yenilənməsi zərurəti vardır”, - deyə V. Kərimli vurğulayıb.

Baş direktor əlavə edib ki, bütün sahələrdə olduğu kimi, ictimai nəqliyyatda da nağdsız ödənişin tətbiqinə başlanılıb: "Sizin təşəbbüsünüzlə Bakı şəhəri İcra Hakimiyyətinin tərkibində yaradılan "BakuBus” MMC-yə məxsus 300 ədəd avtobusda, digər daşıyıcılara məxsus 150 ədəd avtobusda ümumilikdə 450 avtobusda, bununla yanaşı,Havalimanı ekspress xəttində və Bakı metropolitenində də gediş haqqının ödənilməsi vahid kartla həyata keçirilir”.

Xəbər lenti