Xəzər Xəbər

OPEC-in baş katibi: Neft istehsalçıları 2018-ci ildə mühüm tədbirlər görə bilərlər

İqtisadiyyat | 11:23 • 9 Oktyabr 2017
OPEC-in baş katibi: Neft istehsalçıları 2018-ci ildə mühüm tədbirlər görə bilərlər

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan digər neft istehsalçısı ölkələr 2018-ci ildə bəzi mühüm tədbirlər görə bilərlər.


AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in baş katibi Məhəmməd Barkindo deyib.


"OPEC və digər böyük istehsalçısı olan ölkələr gələn il neft bazarını balanslaşdırmaq üçün bir sıra tədbirlər görəcəklər. OPEC+ sazişinə qoşulmaq istəyən digər neft istehsalçısı ölkələr noyabrın 30-da Avstriyanın paytaxtı Vyanada OPEC-ə üzv ölkələrin nazirlərinin ümumi toplantısında iştirak edə bilərlər. 2018-ci ilin mart ayından müddəti bitəcək neft hasilatının azaldılması ilə bağlı sazişin daha da uzadılması üçün də danışıqlar aparılır”, - deyə o bildirib.


M.Barkindo, həmçinin qeyd edib ki, ABŞ-da şist nefti istehsalının artmasından narahat deyil.


Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

Xəbər lenti