Xəzər Xəbər

Kommunal xidmətlərlə bağlı yeniliklər tariflər, xidmətlər

İqtisadiyyat | 18:11 • 4 Oktyabr 2017
Kommunal xidmətlərlə bağlı yeniliklər

Respublikada bütün yaşayış məntəqələrinin təbii qaz, su, elektrik enerjisi, istilik sistemləri ilə təminatı dövlət siyasətinin başlıca qayəsi hesab edilir. Ölkədə sosial problemlərin həlli istiqamətində bir sıra dövlət proqramları hazırlanır. Ötən ilin dekabr ayında Prezident İlham Əliyev bir sıra dövlər qurumları qarşısında yeni vəzifələr müəyyənləşdirdi. Prezidentin imzaladığı Strateji Yol Xəritələri şübhəsiz ki, sosial və iqtisadiyat sahələri üzrə inkişafa xidmət edir.

Bu ilin ilk altı ayı ərzində "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 17 faizinin icrası tamamlanıb, 38 faizinin icrası üzrə işlərə başlanılıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində ötən ilin ilk 6 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə yığım faizi "Azərişıq” ASC üzrə 3 faiz bəndi artaraq 90 faiz, "Azərsu” ASC üzrə isə 3,6 faiz bəndi artaraq 91 faiz təşkil edib.

Gəncə, Bərdə, Sabirabad, Masallı və Qəbələ şəhərlərində yerləşən "ASAN xidmət” mərkəzlərində, Bakı şəhəri üzrə 1 və 2 saylı "ASAN Kommunal” mərkəzlərində, 3, 4 və 5 saylı "ASAN xidmət” mərkəzləri isə əhalinin kommunal problemlərinin həllini daha da asanlaşdırıb. Bu Xidmət Mərkəzləri vasitəsilə istehlakçılara "Azəriqaz” İB-nin 17 növ, "Azərişıq” ASC-nin 10 növ, "Azərsu” ASC-nin 14 növ xidməti göstərilir.

Yeni elektrik tarifləri

Strateji Yol Xəritələrində göstərildiyi kimi, elektrik enerjisi və təbii qaz tarifləri diferensiallaşdırılıb, ikipilləli tarif sisteminin tətbiqinə başlanılıb. Bu ilin 6 ayı ərzində Asiya İnkişaf Bankının I Tranşı üzrə ayırdığı kredit hesabına 110 kV-Iuq elektrik şəbəkələri üzrə 3 ədəd yarımstansiyanın tikintisi, 62 km elektrik verilişi xətlərinin çəkilişi, 35 kV-luq elektrik şəbəkələri üzrə 5 ədəd yarımstansiyanın tikintisi, 148 km elektrik verilişi xətlərinin çəkilişi həyata keçirilib. Bu da "Master Plan” üzrə görülməsi nəzərdə tutulan işlərin 4 faizini təşkil edir. Eyni zamanda, 137 min ədəd elektron tipli elektrik sayğacı quraşdırılıb və "Azərişıq” ASC tərəfindən Şəbəkənin Avtomatlaşdırılmış İdarəetmə Sistemi (ŞAİS) yaradılıb.

"Azərişıq” ASC tərəfindən bu müddət ərzində 137 min ədəd induksion sayğaclar elektron tipli sayğaclarla əvəz olunub. Elektrik enerjisi uçotunun dəqiq aparılması üçün 3 dəst 110 kV-luq, 90 dəst 35 kV-luq, 320 dəst 10-6 kV-luq cərəyan transformatorları faktiki yükə uyğun quraşdırılıb.

Bununla yanaşı mövcud sayğacların çoxtarifli sistemə uyğunluğu və bazaya qoşulması ilə daha əlverişli imkanların yaradılması planlaşdırılır. Həmçinin pik saatlarda yüklənməni azaltmaq üçün günün müxtəlif vaxtlarına uyğun (gecə və gündüz) elektrik enerjisi tariflərinin tətbiq edilməsi də planlaşdırılır. Bu da istehlakçıların da maliyyə nəticələrinə təsir edəcək. İlkin hesablamalara görə, "Şimal” Elektrik Stansiyasının 2-ci enerji blokunun 2018-ci ilin may ayında istismara verilməsi mümkün olacaq. Gücü 385 MVt olan Səngəçal-2 elektrik stansiyasının tikintisi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən torpağın ayrılmasına dair qərar verilib.

Qaz itkisini azaldacaq yeni təkliflər

Qaz təchizatının yaxşılaşdırılması, qaz itkilərinin qarşısının alınması, qaz təchizatının tələbata uyğun təmin edilməsi və şəbəkənin gücləndirilməsi məqsədilə 98,1 km, o cümlədən Bakı şəhərində 69,8 km, regionlarda 28,3 km qaz xətti əsaslı təmir olunub. Həmçinin, qaz itkilərinin qarşısının alınması məqsədilə bu ilin 6 ayında texniki vəziyyəti qeyri-qənaətbəxş olan 166 km, o cümlədən Bakı şəhərində 51 km, regionlarda 115 km qaz xətti daxili imkanlar hesabına cari təmir olunaraq, yeni borularla əvəz edilib.

Qaz itkilərinin səviyyəsinin tələb olunan minimal göstəriciyə çatdırılması üçün Bakı şəhəri və Abşeron rayonunun hazırda ən yüksək qaz itkisi olan 22 şəhər və rayon mərkəzlərinin qaz təchizatı sisteminin köklü surətdə yenidən qurulması üçün təkliflər planı hazırlanıb.

Yaşayış məntəqələrinin içməli su ilə tam təmin edilməsi də Strateji Yol Xəritəsində diqqətçəkən məqamlardandır. Belə ki, "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 28 rayon üzrə 170 yaşayış məntəqəsinin içməli su sisteminin qurulması ilə əlaqədar layihə sənədləri hazırlanıb.

Sayğacdan istifadə səviyyəsinin artırılması məqsədilə konkret hədəflər və qiymətləndirmə aparılıb. Müəyyən edilmiş 359816 sayğacsız istifadəçidən ilkin mərhələdə 86200 istehlakçının sayğacla təmin olunması nəzərdə tutulub. Eyni zamanda, ölkə əhalisinin 81,4 min nəfəri fasiləsiz su təchizatı rejiminə keçirilib, 29,5 min nəfərin su təchizatı qrafiki yaxşılaşdırılıb. Abonentlərin daha keyfiyyətli və təmiz su ilə təmin edilməsi üçün də müvafiq addımlar atılır. Araşdırmalar zamanı müəyyən edilib ki, su təchizatı və kanalizasiya sistemində istismar edilən nasosların 85,3 faizi normativ istismar müddətini bitirib. Su kəməri şəbəkəsinin 70 faizindən çox hissəsi normativ istismar müddətini 2 dəfədən artıq başa vurduğundan böyük həcmdə su itkiləri yaranır, istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatında problemlər baş verir. "Master Plan” çərçivəsində Abşeron yarımadasında 16 qəsəbə və Respublikanın regionlarında yerləşən 8 şəhərində su təchizatı sistemlərinin yenidən qurulması layihələrinin davam etdirilməsilə yararsız şəbəkə və qurğuların istismardan çıxarılması nəzərdə tutulub. Bununla da layihə ərazisi üzrə itkilərin ən çox baş verdiyi fərdi yaşayış evləri və digər yaşayış sahələri üzrə müsbət nəticələr əldə ediləcək. Abşeron yarımadası üzrə 2017-ci ilin 2-ci yarımilliyində görülməsi nəzərdə tutulan işlərin davamı olaraq yarımadanın 30 qəsəbəsində və regionlarda yerləşən şəhərlərdə su təchizatı və kanalizasiya layihələrinin davam etdirilməsi, su itkilərinin minimuma endirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi üçün hazırlanmış baş planlara uyğun olaraq maliyyə mənbələrinin müəyyən edilməsi məqsədilə təkliflərin hazırlanması nəzərdə tutulub.

İstilik təchizatı sistemlərinin davamlı fəaliyyətilə bağlı qazanxana və istilik məntəqələrinin avtomatik idarəedilmə sisteminə keçirilməsinə hazırlıq məqsədilə istilik obyektlərində texnoloji rejimə uzaqdan və müəyyən edilmiş parametrlərdən kənarlaşma hallarının dərhal aşkar edilərək aradan qaldırılmasına imkan verən nəzarət sisteminin yaradılmasına başlanılıb. Artıq 140 qazanxanada bu sistem tətbiq edilir. 2017-ci ilin I yarımilliyində itkilər təsdiq edilmiş norma daxilində olmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.2 faiz azaldılıb. "Azəristiliktəchizat” ASC-nin 2017-ci ilin I yarımilliyi üçün təsdiq edilmiş tədbirlər planına əsasən 506 qazanxana 54 kompleks yoxlanılmış, 316 odluq təmir edilərək tənzimlənib, 4289 m istilik xətti dəyişdirilib, 37 qazan aqreqatı, 48 nasos, 7 elektrik mühərriki, 668 siyirtmə əsaslı təmir edilib, 5252 m2 istilik izolyasiya qatı və 802 m2 qazanların kərpic örtüyü dəyişdirilib, 537 ədəd tüstü yolları, 687 qazan aqreqatı mexaniki, 155 qazan aqreqatı kimyəvi üsulla təmizlənib.

2017-2018-ci illər istilik mövsümünə qədər ilkin olaraq 20 qazanxanada quraşdırılması nəzərdə tutulur. Qazanxanalarda yanma prosesinin optimallaşdırılması üçün nəzarət və tənzimləməni həyata keçirən 13 ədəd xüsusi kompakt ölçü cihazı alınıb. Bununla yanaşı bəzi büdcə təşkilatlarında istilik sayğaclarının quraşdırılmasının təmin edilməsi, sonrakı mərhələlərdə isə ehtiyac yarandığı təqdirdə bütün bu tipli müəssisələrin sayğaclaşdırılması və müvafiq laboratoriyanın qurulması qarşıda duran vəzifələr sırasındadır. Həmçinin istilik təchizatı xidmətindən istifadə qaydaları layihəsinin qısa müddətdə təkmilləşdiriləcək. İstilik təchizatı tarifləri mənzillərin ümumi sahəsinə tətbiq ediləcək. İstilik təchizatı xidmətindən istifadə qaydaları təsdiq edildikdən sonra ilkin mərhələdə istilik təchizatı tariflərinin müəyyən qədər qaldırılması və xərclərin optimallaşdırma və liberallaşdırma işləri istiqamətində işlərə başlanılması da gözlənilir.

Hazırda kommunal xidmətlərin keyfiyyətini artırmaq üçün "Kommunal xidmətlər haqqında” Azərbaycan Respublikası qanununun layihəsi hazırlanır.

Xəbər lenti