Xəzər Xəbər

MONEYVAL: Azərbaycanda əhəmiyyətli tərəqqi əldə edilib

İqtisadiyyat | 14:43 • 2 Oktyabr 2017
MONEYVAL: Azərbaycanda əhəmiyyətli tərəqqi əldə edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 54-cü plenar iclasında iştirak edib.

MBNP-nin mətbuat xidmətindən bildiriblər ki, plenar iclasın gündəliyinə Azərbaycan Respublikası tərəfindən pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) sahəsində həyata keçirilmiş tədbirlərə dair növbəti tərəqqi hesabatının müzakirəsi məsələsi də daxil edilib.

Hesabatda Azərbaycan hökumətinin PY/TMM rejiminin effektivliyinin artırılması istiqamətində həyata keçirdiyi geniş islahat tədbirləri, eləcə də MONEYVAL-ın 2014-cü ildə ölkədə müvafiq sahədə beynəlxalq standartlara uyğunluğun IV raund qiymətləndirilməsi çərçivəsində təqdim edilmiş tövsiyələrin icra vəziyyəti əhatə olunub.

Müzakirələr zamanı Azərbaycan nümayəndə heyəti ölkə rəhbərliyinin güclü siyasi iradəsi ilə PY/TMM ilə əlaqədar hüquqi, institusional və əməliyyat mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən maliyyə şəffaflığı və hesabatlılıq məsuliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə iclas iştirakçılarına ətraflı məlumat verib.

MONEYVAL Katibliyi hesabat dövrünü əhatə edən son üç il ərzində Azərbaycanda əhəmiyyətli tərəqqinin əldə edildiyini qeyd edib və PY/TMM rejiminin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycan hökumətinin üzərinə götürdüyü öhdəlikləri böyük ölçüdə yerinə yetirdiyini təqdir edib.

Müzakirələrin yekununda tərəqqi hesabatı MONEYVAL Komitəsi tərəfindən qəbul edilib.

Xəbər lenti