Xəzər Xəbər

"Yeni əsrin müqaviləsi": "Əsrin müqaviləsi"ndən başlanan yolda növbəti zirvə

İqtisadiyyat | 15:43 • 29 Sentyabr 2017
"Yeni əsrin müqaviləsi":

Bu il sentyabrın 14-də Bakıda ölkəmiz üçün tarixi əhəmiyyətli bir hadisə baş verdi. Azərbaycan 6 ölkənin 11 şirkəti ilə 2050-ci ilə qədər "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib yenidən işlənmiş saziş imzaladı. Bəlkə də bir çoxları üçün gözlənilməz olan bu hadisənin, əslində, dərin kökləri vardır. 1994-cü ildə ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı sayəsində "Əsrin müqaviləsi" imzalandı. Bununla Azərbaycan hökuməti ilə BP başda olmaqla dünyanın böyük enerji şirkətləri arasında uzunmüddətli əməkdaşlığın təməli qoyuldu. Ötən müddət ərzində əldə edilən təcrübə təsdiqləyir ki, tərəflər bir-birinə etibar edir və əməkdaşlığı davam etdirməkdə qərarlıdırlar. Həmin səbəbdən, imzalanan yeni saziş Azərbaycanın geosiyasi nüfuzunun yüksəlməsi, müstəqil dövlət quruculuğu prosesinin uğurla inkişaf etdirilməsi baxımından olduqca qiymətlidir. Məsələnin bu aspektini analiz etməyə və müəyyən müqayisələr əsasında proqnozlar verməyə ehtiyac duyuruq.

Giriş

1994-cü il Azərbaycanın müstəqillik tarixində xüsusi yer tutur. Ulu Öndər "Əsrin müqaviləsi"ni bütün maneələrə baxmayaraq reallaşdıra bildi. O zaman bu hadisənin geosiyasi çalarları heç də hər kəs üçün bütünlükdə aydın deyildi. Yalnız böyük strateji təfəkkür sahibi olan Heydər Əliyev gözəl bilirdi ki, ölkənin müstəqillik tarixində yeni bir dönəmin bünövrəsi qoyuldu. Bu yolda Azərbaycana qarşı təzyiqlər də oldu, qarayaxma və ləkələmə kampaniyaları da aparıldı, müxtəlif iftiralar da uyduruldu. Lakin müstəqil Azərbaycan dövlətinin memarını heç kim, heç bir qüvvə tutduğu yoldan döndərə bilmədi, ulu öndər Heydər Əliyev müstəqil dövlətçilik dəyərini hər şeydən üstün tutdu.

Ötən müddət ərzində Azərbaycan "Əsrin müqaviləsi"ndən geniş bəhrələndi. Ölkənin beynəlxalq aləmdə nüfuzu xeyli artdı, etibarlı tərəfdaş imici tam olaraq formalaşdı və əsas faktorlardan biri kimi, Azərbaycan zəngin məmləkətlərdən birinə çevrildi. Bütün sahələr üzrə sürətli inkişaf tempi indi də saxlanılır. Dövlət quruculuğunun bütün istiqamətləri üzrə demokratik islahatlar durmadan davam edir. Əldə olunan nailiyyətlər ölkə və xarici KİV-də geniş işıqlandırılır. Analitiklər və ekspertlər Azərbaycanın sürətli tərəqqisinin müxtəlif səbəblərini kifayət qədər dərindən araşdırıblar.

Lakin uğurların sırasında olduqca əhəmiyyətli məqamı Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanma mərasimindəki dərin məzmunlu nitqində ifadə edib. Ölkə rəhbəri vurğulayıb: "Əsrin kontraktı" bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Hesab edirəm ki, bu sahədə də bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi. Çünki neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün" (bax: Bakıda "Azəri", "Çıraq" və "Günəşli" yataqları üzrə yeni sazişin imzalanması mərasimi keçirilib /AZƏRTAC, 14 sentyabr 2017).

Neft strategiyası: dövrün çağırışlarına verilən cavab

Dövlətçilik fəlsəfəsi baxımından "Əsrin müqaviləsi"nin başlıca məqamını təşkil edən bu cəhət üzərində geniş dayanmağa ehtiyac vardır. Məsələ ondan ibarətdir ki, Prezident İlham Əliyevin xüsusi vurğuladığı kimi, zəngin neft ehtiyatı hələ ölkənin zəngin olması anlamına gəlmir. Müasir dövrdə böyük dövlətlər arasında gedən nüfuz və maraq savaşı ehtiyatsız atılmış bir addım ucbatından zənginliyi başağrısına çevirə bilər. İndi enerji ilə zəngin ərəb ölkələrinin bəzilərində müşahidə edilən proseslər bunun bariz nümunəsidir. Həmin dövlətlərdə müharibə, ixtilaflar, silahlı toqquşmalar səngimək bilmir. Üstəlik, onların dövlətçiliyi belə ciddi təhlükə qarşısındadır.

Ölkə başçısının vurğuladığı məqamın başqa tərəfi Cənubi Qafqaz regionunda geosiyasi dinamikanın böyük ziddiyyətlərə düçar olması ilə bağlıdır. Sirr deyil ki, müstəqilliyin ilk illərindən başlayaraq böyük güclər Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə ən azından göz yumdular (biz hələ "təşkil etdilər", demirik). Bu, Azərbaycana bir siqnal idi. Yəni, Azərbaycanın real olaraq müstəqil dövlət kimi formalaşması çox çətin olacaqdı. Heydər Əliyev hakimiyyətə yenidən dəvət edilənə qədər doğrudan da bu təhlükə getdikcə böyüdü. Ulu Öndərdən əvvəl ölkəyə başçılıq edənlər düzgün, dövrün tələblərinə uyğun siyasət yeridə bilmədiklərindən düşmən bu fürsətdən yararlandı. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi ciddi təhlükə altına düşdü. Həmin kontekstdə "Əsrin müqaviləsi" çox güclü təsiredici faktor oldu. Bir neçə dəfə onun baş tutmasını pozmağa çalışsalar da, Heydər Əliyev yeritdiyi siyasətlə hətta ən güclü siyasətçilərin oyunlarını belə darmadağın etdi.

Lakin bütün bunlar inkişaf üçün zəmin hazırlayırdı, yaranmış imkandan konkret əməldə istifadə etmək lazım idi. Burada isə Heydər Əliyev dühası özünü göstərdi, sonra isə İlham Əliyev bu yolu olduqca səmərəli surətdə inkişaf etdirməkdədir. Və bu prosesdə dövlət başçısının vurğuladığı kimi, insan kapitalı başlıca yeri tutmaqdadır. Azərbaycan rəhbərliyi neft kapitalını insan kapitalına çevirə bildi və bu, müstəqilliyini əldə etmiş gənc dövlətlər sırasında yeganə müsbət nümunədir.

Bu ideyanın arxasında çox məqamlar yatır. Əsas tezis bundan ibarətdir ki, ölkə rəhbərliyi neftdən gələn gəlirləri vətəndaşın sosial-mədəni, iqtisadi, mənəvi və fərdi inkişafına sərf etməyə imkan verən idarəetmə sistemi ortaya qoydu. Qazanılan kapital hər şeydən öncə Azərbaycan vətəndaşının rifahına və ordu quruculuğuna xərclənməkdə davam edir. Dövlət başçısı bu kontekstdə fikirlərini yeni sazişin imzalanma mərasimində söylədiyi nitqində ayrıca vurğulayıb: "Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri, – dünyanın ən gözəl şəhərlərindən biridir, – tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi – bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır" (bax: əvvəlki mənbəyə).

Ötən 23 il ərzində "Azəri-Çıraq-Günəşli"dən 436 milyon ton neft hasil edilib. Həmin müddətdə Dövlət Neft Fondundan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük vəsait ayrılıb. 250 min köçkün yeni salınan 100-ə yaxın qəsəbədə gözəl evlərlə, mənzillərlə təmin edilib (bax: əvvəlki mənbəyə).

Bunlardan başqa, Azərbaycan rəhbərliyi sazişin imzalanmasından sonrakı 23 il müddətində elm və təhsilə, vətəndaşların sosial təminatına böyük miqdarda vəsait ayırıb. Onlar ölkədə elm, təhsil, texnologiyanın inkişafına ciddi təkan verməkdədir. Şəxsiyyətin hərtərəfli inkişafı üçün lazım olan şəraitin yaradılması, ilk növbədə, elm və təhsilin inkişafı ilə əlaqəlidir.

Prezident İlham Əliyev Bilik Günündə Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının açılışı zamanı kollektivə etdiyi müraciətində həmin bağlılıqda çox əhəmiyyətli məqamları vurğulayıb. Dövlət başçısı hər bir ölkənin inkişafını intellektual potensialının müəyyən etdiyini ayrıca vurğulayıb. İnnovasiyaların, texnologiyaların inkişaf etdiyi ölkələr dünya miqyasında aparıcı mövqe tuturlar. Ölkə rəhbəri sözlərinə davam edərək ifadə edib: "Gələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edəcək... Biz Azərbaycanda elmə, təhsilə, texnoloji inkişafa çox böyük əhəmiyyət veririk ki, gənclərimiz, cəmiyyətimiz bilikli olsun və Azərbaycan da texnoloji inkişaf baxımından geridə qalmasın. Maddi-texniki baza möhkəmlənir, təhsilin keyfiyyəti yaxşılaşır. Bu sahəyə investisiyalar qoyulur, insan kapitalına investisiyalar qoyulur" (bax: Prezident İlham Əliyev Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının açılışında iştirak edib /AZƏRTAC, 15 sentyabr 2017).

Bütün bunlara görə, Prezident İlham Əliyev şagirdlərə müraciət edərək çox mühüm bir tezisi lakonik ifadə edib: "Təhsil, vətənpərvərlik, milli dəyərlər, güclü Azərbaycan – budur bizim əsas prinsiplərimiz" (bax: əvvəlki mənbəyə).

Daha bir addım: yeni əməkdaşlıq üfüqləri

Yuxarıda vurğulanan bütün məqamlar onu təsdiq edir ki, Azərbaycan rəhbərliyi 23 il ərzində enerji layihələrindən əldə edilən gəlirləri əsas olaraq Azərbaycanın sosial-mədəni, intellektual, mənəvi, iqtisadi və ekoloji inkişafına sərf edib. Və onların hamısının kökündə "Əsrin müqaviləsi" dayanır! Bu, müasir mərhələdə müstəqil dövlət quruculuğunun ən səmərəli yoludur. Azərbaycan təcrübəsi bunu tam təsdiqləyir. Çox vacib məqamdır ki, ölkə rəhbərliyi həmin istiqamətdə prinsipial əhəmiyyətli yeni bir addım atıb.

Biz sentyabrın 14-də Bakıda BP, "Chevron", "Inpex", "Statoil", "ExxonMobil", TP, "Itochu" və "ONGC Videsh" şirkətlərinin iştirakı ilə "Azəri", "Çıraq" yataqları və "Günəşli" yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanmasını nəzərdə tuturuq (bax: Bakıda "Azəri", "Çıraq" və "Günəşli" yataqları üzrə yeni sazişin imzalanması mərasimi keçirilib /AZƏRTAC, 14 sentyabr 2017).

Bu saziş şübhəsiz ki, 1994-cü ildə imzalanmış müqavilənin yalnız zaman baxımından deyil, həm də geosiyasi, iqtisadi, mədəni və siyasi aspektdə davamıdır. Ölkə başçısı yeni sazişin imzalanması mərasimində söylədiyi nitqində bunu xüsusi ifadə edib. Yuxarıda təsvir edilən faktlardan da görünür ki, 1994-cü il müqaviləsi strateji məzmun kəsb edib. İndi imzalanan müqavilə də məhz bu prizmadan olduqca vacib hadisədir. Prezident İlham Əliyevin ifadə etdiyi fikirlərin işığında bu məqamın bir neçə aspekti üzərində geniş dayanmaq istərdik.

Öncə informasiya savaşı aspektində vacib saydığımız bir hadisəni xatırlayaq. Yeni sazişin imzalanmasından bir neçə gün əvvəl bir sıra Avropa ölkələrinin KİV-i və qeyri-hökumət təşkilatları Azərbaycana qarşı çirkin təbliğat kampaniyasına başladılar. O zaman ekspertlər belə qiymət verdilər ki, (o cümlədən Newtimes.az portalının analitik yazılarında bu ayrıca vurğulanırdı – red.) bu kimi qarayaxma kampaniyası adətən Azərbaycanın hansısa əhəmiyyətli addımı ərəfəsində konkret dairələr tərəfindən aparılır. Məsələn, 1994-cü ildə "Əsrin müqaviləsi"nə mane olmaq üçün çox dəhşətli hadisələr törədildi. Dövlət adamlarına qarşı sui-qəsdlər planlaşdırıldı. Hətta o zaman ölkəyə rəhbərlik edən Heydər Əliyevə sui-qəsd etməyə cəhd göstərildi. Sonra "Eurovision" mahnı müsabiqəsi ərəfəsində Azərbaycana qarşı olduqca çirkin təbliğat kampaniyası aparıldı. Hətta bəzi qonşu ölkələrin jurnalistləri Bakıda etik normalara sığmayan hərəkətlər etdi, ölkəmizə qarşı qərəzli informasiyalar yaydılar.

İndi də eyni ssenari təkrarlanır. Lakin bu dəfə düşmənlər 1994-cü ildə olduğu kimi, Azərbaycanda sui-qəsdlər və terror aktları təşkil edə bilmirlər. Yəni "Əsrin müqaviləsi”nin imzalanmasından sonra ölkəmiz bütün istiqamətlərdə sürətlə inkişaf edib və təhlükəsizliyini tam təmin edə bilir. Bu səbəbdən də yeni enerji sazişinin imzalanması ərəfəsi müəyyən dairələr yalnız ideoloji kampaniya aparmağa çalışdılar, onun da qarşısını Prezident İlham Əliyevin müdrik addımları dərhal aldı. İndi dünyanın hər yerində Azərbaycanda həyata keçirilən islahatlardan danışırlar.

Bəli, bu dəfə də düşmənin arzusu gözündə qaldı – Azərbaycan "Yeni əsrin müqaviləsi"ni imzaladı! Ölkə başçısının imzalama mərasimində ifadə etdiyi bir fikri bu bağlılıqda tarixi əhəmiyyət daşıyır. İlham Əliyev ifadə etmişdi: "Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. "Azəri-Çıraq-Günəşli" nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır. Bu tarixi mərasimdə bizimlə bərabər iştirak etmək üçün xaricdən gələn bütün qonaqları səmimiyyətlə salamlayıram. Onların bu tədbirdə iştirakı bir daha bugünkü tədbirin önəmini əks etdirir" (bax: əvvəlki mənbəyə).

Geosiyasi aspektdə bu yeni dövrün özəllikləri nədən ibarətdir? Ölkə başçısı onları söylədiyi nitqində hərtərəfli və konkret ifadə edib. Hər şeydən öncə, yeni imzalanan kontrakt "Azərbaycan üçün daha da əlverişlidir... bu dəfə daha yaxşı şərtlərlə kontrakt imzalanır" (bax: əvvəlki mənbəyə). Təbii ki, 1994-cü il kontraktı da çox əlverişli idi. Burada İlham Əliyev dəyişən geosiyasi, iqtisadi, maliyyə şərtləri müstəvisində yeni sazişin ölkənin maraqlarına tam uyğun olmasını vurğulayıb. Çünki bütün dünyada dərin maliyyə-iqtisadi böhran hökm sürür.

Təbii resurslar uğrunda böyük dövlətlər ölüm-dirim savaşı aparırlar. Demək olar ki, dünyanın bütün regionlarında təbii ehtiyatların bölgüsü prosesi gedir. Bunu gizlətmək mümkün deyildir. Belə bir şəraitdə Azərbaycan dünyanın nəhəng dövlətlərini təmsil edən şirkətlərlə milli maraqlara uyğun saziş imzalayırsa, deməli, həqiqətən də bu kontrakt Azərbaycan üçün daha da əlverişlidir.

Yeni sazişin əsas parametrləri: üç faktorun işığında

Sazişin əsas parametrləri dövlət başçısının tam haqlı olduğunu göstərməkdədir. Birincisi, "ölkəmizə xarici sərmayəçilər tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək" (bax: əvvəlki mənbəyə). Müqayisə üçün deyək ki, 2017-ci ildə Ermənistanın konsolidasiya olunmuş büdcəsinin gəlir hissəsi 2,6 milyard ABŞ dolları həcmində nəzərdə tutulub. Hərbi xərcləri isə 2017-ci il üçün 439,7 milyon ABŞ dolları həcmindədir (bax: Армения в 2017 году увеличит расходы на оборону / "Panarmenian.net", 29 sentyabr 2016).

Göründüyü kimi, Azərbaycanın yeni enerji sazişindən alacağı yalnız bonus Ermənistanın büdcəsinin gəlir hissəsindən 1 milyard ABŞ dolları qədər çoxdur! Onu da qeyd edək ki, məhz bu kimi faktlara görə Ermənistan və onun havadarları Azərbaycanın atdığı hər uğurlu addımdan təlaşa düşür, Azərbaycanla bağlı ağlasığmayan, iftira dolu, yalan məlumatlar yaymaqla özlərinə təsəlli verməyə çalışırlar. Ancaq təcrübə göstərir ki, bu kimi hərəkətlər Azərbaycan rəhbərliyini seçdiyi yoldan qətiyyən yayındıra bilmir, bilməyəcək də. Prezident İlham Əliyev təmkinli, uzaqgörən və düşünülmüş siyasəti ilə qarşıya çıxarılan bütün maneələri keçir və ölkəni yeni zirvələrə doğru aparır.

İkincisi, "SOCAR-ın "AzAÇG" şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək" (bax: Bakıda "Azəri", "Çıraq" və "Günəşli" yataqları üzrə yeni sazişin imzalanması mərasimi keçirilib /AZƏRTAC, 14 sentyabr 2017). Bu, o deməkdir ki, SOCAR artıq dünyanın ən güclü enerji şirkətləri ilə bərabər əsasda işbirliyindədir. O, podratçı kimi yeni enerji layihəsində iştirak etməklə həm təcrübə qazanır, həm də beynəlxalq miqyasda nüfuzunu daha da artırır. Şübhəsiz ki, bundan sonra SOCAR-ın başqa böyük layihələrdə iştirakı heç kəsi təəccübləndirməməlidir.

Üçüncüsü, "SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək" (bax: əvvəlki mənbəyə). Bu, çox əhəmiyyətli şərtdir. Çünki hazırkı dönəmdə Azərbaycanın Dövlət Neft Şirkətinin beynəlxalq layihədə payı 2 dəfədən çox artırılırsa və ölkəyə çatacaq mənfəət səviyyəsi də 75% təşkil edirsə, bu, ciddi uğurdur! Azərbaycan faktiki olaraq beynəlxalq enerji layihəsində mövqeyini xeyli möhkəmləndirib.

Dövlət başçısının nitqində vurğuladığı bir fikrin işığında bu tezisin əhəmiyyəti daha aydın görünür. İlham Əliyev ifadə edib ki, Azərbaycan BP ilə yollarına davam etmək qərarı verib, hərçənd, başqa variantlar da var idi, yəni bu, bir seçimdir. Prezident vurğulayıb: "Əsrin kontraktı"nın ömrü artıq sona çatır. Əlbəttə ki, kontraktın müddəti bitəndən sonra Azərbaycan istənilən başqa tərəfdaşla yeni kontrakt imzalaya bilərdi və bu imkanlar bizdə var idi. Ancaq BP ilə SOCAR arasında yaranmış qarşılıqlı etimad, işgüzar münasibətlər əlbəttə ki, bugünkü seçimi şərtləndirdi. Mən buna çox şadam. Əminəm ki, bundan sonra da BP ilə SOCAR uzun illər ərzində Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinin uğurunu təmin edəcəklər" (bax: əvvəlki mənbəyə).

Geosiyasi aspektdə Azərbaycan Prezidentinin ifadə etdiyi bu fikirlərin çox mühüm başqa bir əhəmiyyəti də vardır. Məsələ ondan ibarətdir ki, bir sıra dairələr Azərbaycanı mühafizəkar və beynəlxalq hüquqa əməl etməyən ölkə kimi təqdim etməyə çalışırlar. "Əsrin müqaviləsi"nin iştirakçısı olan 6 müxtəlif ölkənin 11 şirkəti isə tamamilə başqa mənzərəni ortaya qoyur. Böyük Britaniyanın dövlət naziri Alan Dunkan yeni müqavilənin imzalanma mərasimində çıxışı zamanı bu kontekstdə vurğulayıb: "Əlbəttə ki, ən mühüm hadisələrdən biri 1994-cü ildə baş verdi, BP və SOCAR arasında "Əsrin müqaviləsi" imzalandı. O vaxtdan bəri bu iki qurum arasında çox mükəmməl uğurlu tərəfdaşlıq formalaşdı və tərəfdaşlığın növbəti fəslinin başlanmasının səfərimlə üst-üstə düşməsi məni məmnun edir. Ulu Öndər Heydər Əliyev Birləşmiş Krallığın dünya səviyyəli şirkətlərini zəngin təcrübələrini paylaşmaq, Azərbaycanda neft və qaz infrastrukturunu inkişaf etdirməyə kömək göstərmək məqsədilə dəvət etdiyi üçün öz uzaqgörənliyinə görə təqdir olunmalıdır. Ötən iyirmi üç il ərzində buraya milyardlarla dollar sərmayə yatırılmış və üç milyard bareldən çox neft dünya bazarlarına çıxarılmışdır. Beləliklə, "Azəri-Çıraq-Günəşli" yatağı Azərbaycanın iqtisadi inkişafına böyük töhfə verdi" (bax: əvvəlki mənbəyə).

Britaniyalı nazir açıq bəyan edir ki, BP SOCAR-la əməkdaşlıqdan məmnundur, onu mükəmməl hesab edir və bundan sonra da əməkdaşlıqda maraqlıdır. Bu prosesin banisi isə Ulu öndər Heydər Əliyevdir. İndi BP-nin baş icraçı direktorunun söylədiyi fikirlərin bir qisminə diqqət edək. Cənab Robert Dadli çıxışı zamanı deyib: "...Bütün bu nailiyyətlər yalnız mərhum Prezident Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün olmuşdur. Onun da xatirəsini dərin ehtiramla yad etmək istəyirəm. 1994-cü ildə imzalanmış və haqlı olaraq "Əsrin müqaviləsi" adlandırdığımız saziş məhz onun uzaqgörənliyinin bəhrəsidir... Buna görə də, haqlı olaraq qeyd etmək olar ki, cənab Prezident, məhz Sizin və atanız, mərhum Prezident Heydər Əliyevin enerji sahəsində verdiyi qərarlar bu möhtəşəm ölkənin iqtisadi inkişafına yol açıb və dünyanın enerji xəritəsini həmişəlik dəyişdirib.

Bu gün biz sazişin müddətini əsrin ortasınadək uzadırıq və bu, çox əlamətdar bir andır. Biz burada bu tarixi hadisəni qeyd etmək üçün toplaşmışıq və hesab edirəm, bunu "Yeni əsrin müqaviləsi" adlandırmaq düzgün olar"... (bax: əvvəlki mənbəyə).

Bu fikirlər təsdiq edir ki, dünyanın qüdrətli enerji şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Deməli, Prezident İlham Əliyevin "bizim başqa seçimimiz də vardı" fikrini ifadə etməsi faktiki olaraq Azərbaycanın tərəfdaş ölkə kimi böyük nüfuza malik olmasını əks etdirir. Etiraf edilməlidir ki, bu səviyyəyə nail olunmasında neft strategiyasının, o cümlədən "Əsrin müqaviləsi"nin müstəsna rolu olub. Bunu çox mühüm nəticə hesab edirik.

Neft ehtiyatı: iftira kampaniyasına layiqli cavab

"Yeni əsrin müqaviləsi"nin dünyaya nümayiş etdirdiyi başqa əhəmiyyətli faktoru da ölkə başçısı nitqində ifadə edib. Bu, "Azəri-Çıraq-Günəşli"nin proqnozlaşdırılan neft ehtiyatlarının miqdarı ilə bağlıdır. 1994-cü ildə kontrakt imzalanarkən təxmin edilirdi ki, yataqlarda 511 milyon ton neft var. "Ancaq bugünkü məlumat, – əminəm ki, bu, son məlumat deyil, ehtiyatlar daha da artacaq, – onu göstərir ki, hələ də "Azəri-Çıraq-Günəşli"də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yenə də qeyd etmək istəyirəm ki, bu, ilkin hesablamalardır. Əminəm ki, kontraktın icrası müddətində bu rəqəm daha da artacaq" (bax: əvvəlki mənbəyə). Deməli, bugünkü hesablamalara görə, "Azəri-Çıraq-Günəşli"də 1 milyard tondan çox neft ehtiyatı vardır.

Bu, hər fürsətdə Azərbaycana qara yaxmağa çalışan dairələrə çox gözəl və konkret cavabdır. Ermənilər başda olmaqla bir sıra üzdəniraq analitik və ekspertlər zaman-zaman hay-həşir salırlar ki, Azərbaycanın neft ehtiyatları azalır, azərbaycanlılar bir azdan nə edəcəklər? 6 ölkənin 11 şirkəti isə 2050-ci ilə qədər Azərbaycanın yalnız "Azəri-Çıraq-Günəşli"sində işləmək üçün müqavilə imzalayırlar! Onlar ürəkdən vurğulayırlar ki, bu əməkdaşlıq qürur doğurur. Britaniyalı nümayəndələrlə yanaşı, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Gürcüstanın energetika naziri Elia Eloşvili, Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Hori və başqaları çıxışlarında Azərbaycanla enerji, təhsil, elm, texnologiyalar, nəqliyyat və s. sferalarda əməkdaşlığın yüksək perspektivliyini vurğulayıblar. İndi yeni müqavilədə Azərbaycan hökuməti ilə bərabər SOCAR-ın, BP, "Chevron", IMPEX, "Statoil", "ExxonMobil", "TP", ITOCHU və "ONGC Videsh" şirkətlərinin rəsmilərinin imzaları vardır.

Deməli, "Yeni əsrin müqaviləsi" Azərbaycana qarşı aparılan çirkin təbliğata da ciddi zərbə vurmaqdadır. Faktlar göstərir ki, Azərbaycanda neft ehtiyatları böyükdür və ən güclü dövlətlərin şirkətləri ölkəmizlə əməkdaşlığa can atırlar. Onlar Azərbaycanın müstəqillik yolunda qətiyyətli addımlar atdığını, demokratikləşməyə, elmi-texnoloji inkişafa ciddi önəm verdiyini birbaşa ifadə edirlər. Məsələn, BP-nin baş icraçı direktoru çıxışında Azərbaycanda elmin, təhsilin və texnologiyaların inkişafına verdikləri dəstəkdən ayrıca qürur duyduğunu açıq bildirib.

Bütün bunların fonunda dövlət başçısının nitqində üzərində dayandığı bir məqamı da xüsusi vurğulamaq yerinə düşərdi. "Əsrin müqaviləsi" imzalandıqdan sonrakı 23 il müddətində həyata keçirilən neft strategiyası sayəsində çox mühüm hadisələr baş verib. 1996-cı ildə dünyanın ən böyük qaz yataqlarından biri olan "Şahdəniz" yatağı üzrə kontrakt imzalanıb. "Çıraq" platformasından ilk neft 1997-ci ildə çıxarılıb. 1998-ci ildə bu neft fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlayıb. 1999-cu ildə Qara dənizin digər limanına – Supsaya Bakıdan neft kəməri çəkilib. 2002-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulub. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri Türkiyənin Ceyhan limanında istifadəyə verilib. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib. 2012-ci ildə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP layihəsinə imza atılıb. 2013-cü ildə TAP layihəsi qaz kəməri kimi seçilib (bax: əvvəlki mənbəyə).

Dövlət başçısının sistemli olaraq ifadə etdiyi bu ardıcıllığın geosiyasi və siyasi əhəmiyyəti çoxdur. Çünki bu xronologiyadan görünür ki, 23 il müddətində Azərbaycanla beynəlxalq əməkdaşlıq konsorsiumu arasında intensiv əməkdaşlıq prosesi gedib. Ancaq Qərbin bir sıra dairələri bu müddətdə öz tərəfdaşı olan Azərbaycana qarşı hansı iftiraları atmadı? Onlar təcavüzkar Ermənistana Azərbaycanı nümunə göstərmək əvəzinə, yalançı hesabatları ilə Sarkisyanın hərbi xunta rejiminin "demokratikliyindən", "insan haqlarına əməl etməsindən" cəfəng şeylər yazdılar. Bunun fonunda da Azərbaycanda gah "siyasi məhbus", "gah hüququ tapdanan milli azlıq" axtardılar. Onlar adi bir faktı – Ermənistanda niyə qeyri-ermənilərin yaşamadığını dillərinə belə gətirmədilər. Sanki bu, belə də olmalıdır. Əsrlərlə Ermənistan adlanan ərazinin aborigeni olan Azərbaycan türklərinin deportasiyasına tam kor qaldılar.

İndi faktlar başqa mənzərəni ortaya qoyur. Sən demə, Qərbin Cənubi Qafqazda yeganə real tərəfdaşı Azərbaycanmış, sən demə, Rusiyanın buradakı "Qafqaz pələngi" Azərbaycanmış! Uğurlu müstəqil dövlət quruculuğu kursunun bəhrəsi budur! Baxın Ermənistana və Gürcüstana, nələr görmək olar? Yenə də köhnə problemlərlə əlləşirlər, inkişaf çox ləngdir, təhlükəsizlik təminatı yoxdur. Azərbaycan isə artıq dünya nəhəngləri ilə uzunmüddətli və bərabərhüquqlu müqavilələr imzalayır! Fərqi adi gözlə belə görmək çətin deyil!

Nəticə

Bütün bu deyilənlərin məntiqi nəticəsini ölkə başçısı nitqində çox lakonik və maraqlı ifadə edib. İlham Əliyev vurğulayıb: "Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığın azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur" (bax: əvvəlki mənbəyə).

"Yeni əsrin müqaviləsi" Azərbaycanın dövlətçilik tarixində mühüm hadisələrdən biridir. O, faktiki olaraq dövlət quruculuğunun yeni mərhələyə qədəm qoymasını ifadə edən faktorlar sırasındadır. Bu prosesin geosiyasi aspektdə çox vacib cəhəti ondan ibarətdir ki, Azərbaycan müstəqil dövlət quruculuğunu beynəlxalq aləmdə nüfuzunu sürətlə yüksəltməklə inkişaf etdirir. Artıq ölkənin etibarlı tərəfdaş obrazı formalaşıb. Dünyanın nəhəng enerji şirkətlərinin hər biri Bakı ilə əlaqələrin qurulmasına can atır. Bu prosesin əsasını Ulu öndər Heydər Əliyevin uzaqgörən neft strategiyası qoyub. Hazırda onu Prezident İlham Əliyev böyük uğurla inkişaf etdirməkdədir. "Yeni əsrin müqaviləsi" məhz bu titanik zəhmətin bəhrəsidir.

Çox əhəmiyyətlidir ki, bir sıra dairələrin bütün çirkli qarayaxma kampaniyalarına baxmayaraq, dünyanın işgüzar dairələri Bakı ilə əməkdaşlığa böyük önəm verirlər. Yəni informasiya savaşında rəsmi Bakı atdığı konkret addımlarla əks tərəfin qələbə imkanlarını sıfıra endirib. Bütün cəhdlərinə baxmayaraq, bədxah qüvvələr Azərbaycanın dünyada nüfuzunun artmasına, əməkdaşlıq dairəsinin genişlənməsinə mane ola bilmirlər. Ekspertlər bu prosesin daha da inkişaf edəcəyini proqnozlaşdırırlar. Bunun əyani sübutlarından biri kimi "Yeni əsrin müqaviləsi"ni göstərmək olar.

Nəhayət, region və Azərbaycan üçün geosiyasi aspektdə əhəmiyyətli olan bir məqamın üzərində dayanmaq istərdik. Hazırda dünyanın müxtəlif aparıcı analitik mərkəzləri uzunmüddətli inkişaf proqnozları, o cümlədən 2050-ci ilə aid olan proqnozlar verirlər. Onlar çoxlu sayda ölkələrin reytinqlərini tərtib edir, onları sıralamağa çalışırlar. Bir sıra faktorlara görə ölkələrin inkişaf perspektivləri barədə proqnozlar verilir. Bu proqnozlarda adətən Rusiya, Türkiyə, Çin, Braziliya, Meksika kimi ölkələrin sürətlə inkişaf edəcəyindən bəhs edirlər. Lakin hətta sadalanan ölkələrin belə 2050-ci ilə qədər işləyəcək layihələri mövcud deyil. Doğrudur, məsələn, Rusiyanın Çinlə, yaxud Türkiyənin Rusiya və Çinlə uzunmüddətli proqramları vardır. Ancaq konkret rəqəmlər üzrə, mərhələ-mərhələ hansı işlərin görüləcəyi və ondan nə qədər gəlir əldə ediləcəyi barədə informasiyalar yoxdur.

Azərbaycan isə milyardlarla ABŞ dolları həcmində gəliri olacaq konkret beynəlxalq müqaviləyə sahibdir. "Yeni əsrin müqaviləsi"nin şərtlərinə görə, şirkətlər Azərbaycana 40 milyard ABŞ dolları həcmində sərmayə qoyacaqlar. Zamanı da nəzərə alsaq, bu, kiçik rəqəm deyil. Böyük qazanca yol açacaq bir rəqəmdir. Azərbaycan bundan sonra da sürətlə və qətiyyətlə inkişaf edəcək! Yeni əsrdə yeni zirvələr fəth ediləcək!

Newtimes.az

Xəbər lenti