Xəzər Xəbər

Bolqarıstan hökuməti Azərbaycan qazını bu ölkəyə nəql edəcək interkonnektorun tikintisinə icazə verib

İqtisadiyyat | 17:59 • 28 Sentyabr 2017
Bolqarıstan hökuməti Azərbaycan qazını bu ölkəyə nəql edəcək interkonnektorun tikintisinə icazə verib

Bolqarıstan hökuməti Azərbaycan təbii qazının bu ölkəyə nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (Interconnector Greece-Bulgaria - IGB) tikintisinə icazə verib.


AZƏRTAC xəbər verir ki, bu barədə Bolqarıstanın Regional İnkişaf və İctimai İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Bolqarıstanın Stara Zaqora, Haskovo və Kardzhali rayonlarının ərazisində IGB-nin tikintisi üçün icazə verilib.


Nazir Nikolay Nankovun imzaladığı sənədə əsasən, təsdiq olunmuş layihəyə uyğun olaraq nəzərdə tutulan tikinti-quraşdırma işlərinin həyata keçirilməsi üçün podratçıya icazə verilib.


Qeyd edək ki, Azərbaycan təbii qazı "Trans-Adriatik” (TAP) qaz boru kəməri ilə 2020-ci ildə Avropaya çatdırılacaq. Həmin qazı Bolqarıstana nəql edəcək IGB interkonnektoru isə 2019-cu ilin sonunda hazır olacaq.


2013-cü ilin sentyabrında "Bulgargaz EAD” "Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alışı ilə bağlı 25 illik saziş imzalayıb. Azərbaycan qazı Bolqarıstanın istehlakının dörddəbir hissəsini ödəyəcək.


Yunanıstan-Bolqarıstan interkonnektoru Bolqarıstana Azərbaycan "Şahdəniz-2” qaz-kondensat yatağından hasil edilən qazın çatdırılmasına imkan verən qaz boru kəməridir.


IGB-nin ilkin ötürmə gücü 3 milyard kubmetr qaz olacaq. Layihənin dəyəri təxminən 240 milyon avro ətrafında qiymətləndirilir.

Xəbər lenti