3 əmlaka 11 elektron sifarişin verildiyi hərracda qalib şəxslərdən biri evindən onlayn qatılan sifarişçi olub.
Bu barədə
XəzərXəbər-ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.
Dövlət Komitəsin tərəfindən dövlət əmlakının özəlləşdirilməsi sahəsində
elektron xidmətlərin tətbiqi, sifariş və hərraclara internet vasitəsilə
onlayn şəkildə qatılmaq imkanları investorların hərraclarda iştirakını
daha da sadələşdirib. Bu isə hərraclara qatılan sərmayəçilərin sayında
artıma səbəb olur.
Dövlət Komitəsi tərəfindən bu gün keçirilən hərracda qeyri-yaşayış
sahələri və nəqliyyat vasitələrinin əksəriyyətinin rəqabətli olması buna
əyani sübutdur. Eyni zamanda, investorların hərraclara onlayn şəkildə
qatılmaq imkanları artıq öz nəticəsini verib. Bu dəfəki hərracda qalib
şəxslərdən biri onlayn şəkildə qatılan sifarişçi olub.
Özəlləşdirilən əmlaklar Bakı şəhərində yerləşir. Hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtın Xətai, Suraxanı,
Nərimanov rayonlarında yerləşir. Qeyri-yaşayış sahələrinin ümumi
faydalı sahəsi isə 17-55 kv.m arasında dəyişir. Paytaxtın Xətai
rayonunda yerləşən qeyri-yaşayış sahəsi əlverişli obyekt olmaqla
investorları özünə cəlb edib. Adı çəkilən obyektin özəlləşdirilməsi ilə
bağlı 2 sifariş verilib. Bu zaman isə investorlar tərəfindən əmlaka
edilən təkliflər ard-arda səsləndirilib. Əmlakın ilkin start qiyməti 7
min 500 manat olduğu halda, ən son 12 min 200 manata özəlləşdirilib.
Obyektin ümumi faydalı sahəsi 50 kv.m-ə yaxındır. Bu qeyri-yaşayış
sahəsi üzrə hərracın rəqabətli olması əmlakın həm münasib qiymətindən,
həm də gəlir gətirmə potensialının yüksək olmasından xəbər verir. Obyekt
investor üçün xidmət, iaşə sahəsində yaxşı qazanc gətirə bilər.
Qeyri-yaşayış sahəsi üzrə keçirilən hərraclarda yaşanan tendensiya
nəqliyyat vasitələrində də müşahidə edilib. Hərraca çıxarılan
avtomobillərə edilən təkliflərin çoxluğu prosesi daha da rəqabətli edib.
Özəlləşdirilməyə çıxarılan Toyota Land Cruiser GX markalı avtomobilə 4
sifariş verilib. Nəqliyyat vasitəsinin ilkin start qiyməti 9 min 500
manat olmasına baxmayaraq, 13 min 545 manata sahibini tapıb. Qalib
evindən internet vasitəsilə onlayn qatılan sifarişçi olub. Rəqabətli
olması ilə seçilən daha bir nəqliyyat vasitəsi Nissan Sunny olub.
Nəqliyyat vasitəsinə 5 sifariş verilib. İlkin start qiyməti 2 min manata
olan Nissan Sunny ən son 3 min manata özəlləşdirilib. Qeyd edilməlidir
ki, hər iki avtomobilin buraxılış tarixi 2001-ci ildir.
Hərracda özəlləşməyə çıxarılan əmlaklara sifarişlər elektron qaydada
verilib. Dövlət Komitəsi bütün sahələrdə olduğu kimi özəlləşmədə də
elektron xidmətlərin sferasını genişləndirir. Komitənin 32 elektron
xidmətindən 8-i özəlləşmə sahəsinə aiddir. Hərraclara sifariş vermək,
iştirakçı statusu qazanmaq elektron qaydada həyata keçirilir. Nəticədə
isə geniş investor kütləsinin cəlb edilməsinə şərait yaranır. Bu da
əmlaka verilən sifarişin sayının çox olmasında özünü büruzə verir.
Komitə tərəfindən elektron hərrac xidməti də istifadəyə verilib. Xidmət
vasitəsilə nəqliyyat vasitələrinin özəlləşdirilməsi elektron müstəviyə
keçib. Mühüm yeniliklərdən biri vətəndaşların keçirilən hərracları
olduqları yeri tərk etmədən internet vasitəsilə onlayn qaydada canlı
izləmək imkanlarıdır.
Bugünkü hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 60 kv.m-ə yaxın olub.