"Azəri-Çıraq-Günəşli” yataqları üzrə yeni Saziş bu ildən qüvvəyə minəcək.
Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft
hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib
olunmuş Sazişi şərh edərkən bildirib.
R.Abdullayev xatırladıb ki, beynəlxalq şirkətlərlə "Azəri-Çıraq-Günəşli”
yataqlar blokunun işlənməsi haqqında ilk saziş 1994-cü ildə imzalanıb.
Həmin müqavilə xüsusi əhəmiyyət daşıdığına görə, "Əsrin müqaviləsi”
adlandırılır və 2024-cü ilə qədər 30 il müddətinə nəzərdə tutulurdu.
"Bildiyiniz kimi, biz müqavilə müddətinin bitməsindən əvvəl yeni
müqavilə barədə danışıqlara başladıq, nəticədə fərqli şərtlər üzrə yeni
müqavilə imzalandı. Əvvəlki sazişin müddətinin sona yaxınlaşdığını
nəzərə alaraq, bütün tərəfdaşlarda yeni uzunmüddətli investisiyalara
maraq yaratmaq və bununla yataqların davamlı istismarını təşkil etmək
yeni müqavilə üzrə danışıqlara başlanmasının əsas səbəbi olub. Buna görə
sona yaxınlaşan müqavilənin yeni uzunmüddətli müqavilə ilə əvəzlənməsi
həm Azərbaycanın, həm də tərəfdaşların maraqlarına uyğundur.
Azərbaycan və SOCAR
bu gün 1994-cü illə müqayisədə daha geniş maliyyə və texnoloji
imkanlara malikdirlər. Bu da öz növbəsində aparılan danışıqların
nəticələrinə təsir göstərir. Azərbaycandakı sabitlik və mülayim investisiya iqlimi investorlarda 2050-ci ilə qədər əməkdaşlığımızı davam etdirməyə maraq yaradıb.
İlk müqavilənin imzalandığı dövrdə, 90-cı illərin əvvəlində Azərbaycan öz tarixinin ən gərgin və qeyri-müəyyən dövrünü yaşayırdı. Müstəqilliyimizin ilk günlərindən ölkəmiz Ermənistanın
təcavüzünə məruz qalmışdı. Sovet İttifaqının süqutu gənc
iqtisadiyyatımızı böhrana bürümüşdü. Qızğın müharibə şəraiti və iqtisadi
böhran azmış kimi, ölkəni sarsıdan daxili siyasi çaxnaşmaların sədası
da hələ çox uzaqda deyildi. Bütün bu faktorlar investisiya
iqliminə mənfi təsir göstərərək, beynəlxalq investorlar üçün ciddi
risklər yaradırdı. Həmin dövrdə maliyyə və texnoloji imkanlarımız məhdud
olduğuna görə xarici tərəfdaşların dəstəyinə böyük ehtiyacımız var idi.
Azərbaycan Respublikası Prezidentinin qeyd etdiyi kimi, həmin dövrün şəraitinə görə ilk sazişin bağlanması da böyük uğur sayılmalıdır.
Lakin ötən onilliklər ərzində Azərbaycanın
iqtisadi potensialının dəfələrlə artması nəticəsində maliyyə və
texnoloji imkanlarımız da əvvəlki dövrlə müqayisədə qat-qat artıb. Bu
gün SOCAR
TANAP kimi nəhəng layihələri artıq operator qismində idarə etməyə,
dənizdə müasir özülləri öz imkanları ilə tikib quraşdırmağa və istismar
etməyə qadirdir.
Beləliklə, bu gün Azərbaycan daha geniş maliyyə və texnoloji imkanlarından yararlanaraq, tam müstəqil fəaliyyət göstərir. Əlbəttə, SOCAR və Azərbaycanın
hazırki mövqeyi və daha geniş olan maliyyə və texniki imkanları
aparılan bütün danışıqların nəticələrində öz əksini tapır”, - deyə SOCAR prezidenti bildirib.
Rövnəq Abdullayev, həmçinin məlumat verib ki, bu il Sazişin Milli Məclis
tərəfindən təsdiqlənməsi və yeni şərtlərin qüvvəyə minməsi gözlənilir.
Yeni müqavilədə mənfəət neftindən dövlətin payı stabil olaraq 75 faiz
müəyyən edilib. Bu düstur müqavilənin sonunadək dəyişməz qalaraq, dövlət
üçün sabit mənfəət nisbətini təmin edir və buna görə daha məqbuldur.
Bununla yanaşı, tərəfdaş şirkətlərin yerdə qalan pay hissəsində SOCAR-ın payının 25 faizə qədər artırılması onu göstərir ki, bu gün SOCAR mənfəət nisbətindən yararlanmaqdan əlavə, həm də müvafiq sərmayə yükünü qaldırmağa qadirdir.