Xəzər Xəbər

Kənd Təsərrüfatı Nazirliyində pambıqçılıqla bağlı müşavirə keçirilib

İqtisadiyyat | 17:50 • 16 Sentyabr 2017
Kənd Təsərrüfatı Nazirliyində pambıqçılıqla bağlı müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyində "2017-ci ildə pambıq istehsalı, tədarükü və emalı ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə nazirliyin məsul işçiləri, pambıqçılıq rayonlarının Kənd Təsərrüfatı idarələrinin rəisləri, həmçinin pambıq tədarükü məntəqələrinin rəhbərləri iştirak edib.

Nazirlikdən xezerxeber.az-a bildiriblər ki, pambıq tədarükü məntəqələrində mövcud vəziyyət, qəbul olunmuş pambıq məhsulunun vəsaitinin pambıq istehsalçılarına vaxtında verilməsi, pambıq zavodları və məntəqələrinin kadr təminatı, pambıq qəbulu zamanı uçot hesabat sənədlərinin tərtibatı qaydalarının öyrənilməsi barədə məsul işçilərin, pambıq rayonlarına təhkim olunmuş mütəxəssislərin və hər bir rayon Kənd Təsərrüfatı idarələri rəislərinin məlumatları dinlənilib.

Müşavirədə nazir Heydər Əsədov pambıq yığımı kampaniyasının mütəşəkkil qaydada təşkili, texniki təminatın yaxşılaşdırılması, pambıq tayalarının standartlara uyğun qurulması, defoliantların vurulma vaxtı və tətbiqinin texniki qaydalara uyğun aparılması, toxumçuluğun təşkili və pambıqçılıqda yeni texnologiyaların tətbiqi barədə nazirliyin məsul işçilərinə, hər bir pambıqçılıq rayon Kənd Təsərrüfatı idarələrinin və pambıq tədarükü məntəqələrinin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti