Xəzər Xəbər

Bu il Azərbaycanda əsas kapitala 10 mlrd. manata yaxın vəsait yönəldilib

İqtisadiyyat | 12:06 • 15 Sentyabr 2017
Bu il Azərbaycanda əsas kapitala 10 mlrd. manata yaxın vəsait yönəldilib

Bu ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 mlrd. 868,5 mln. manat və ya əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 0,1% çox vəsait yönəldilib.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, vəsaitin 5 mlrd. 969,9 mln. manatı neft sektoruna, 3 mlrd. 898,6 mln. manatı isə qeyri-neft sektoruna yönəldilib, ümumi sərmayənin 72,9%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

İstifadə olunmuş vəsaitin 78,7%-i məhsul istehsalı obyektlərinin, 16%-i xidmət sahələri üzrə obyektlərin, 5,3%-i isə ümumi sahəsi 1117,2 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 39%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 69,8%, bank kreditləri 11,8%, büdcə vəsaitləri 11,8%, əhalinin şəxsi vəsaitləri 4,5%, büdcədənkənar fondların vəsaitləri 1,4%, sair vəsaitlər isə 0,7% təşkil edib.

Xəbər lenti