Xəzər Xəbər

Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində çalışacaq

İqtisadiyyat | 13:31 • 22 Avqust 2017
Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində çalışacaq

Sentyabrın 1-i və 2-də Qurban bayramı ilə əlaqədar Bakıda təşkil olunacaq yarmarkalarda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyib ki, hələlik bununla bağlı müvafiq göstəriş verilməyib: "Amma hər il olduğu kimi, bu il də baytarlıq qurumu bütün ölkə üzrə gücləndirilmiş iş rejimində çalışacaq”.

Onun sözlərinə görə, bayram günlərində təmsil etdiyi qurumun fəaliyyəti yarmarkaya gətirilən heyvanların baytarlıq sənədinin yoxlanılması, onların müayinəsi, icazə verilmiş yerdə kəsiminin təmin edilməsi və heyvanların sağlamlığına tam nəzarəti həyata keçirməkdən ibarət olacaq.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə hər il İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində paytaxtda və Bakıətrafı qəsəbələrdə bazarlardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışı təşkil edilir.

Xəbər lenti