Əmlak Məsələləri Dövlət Komitəsi
(ƏMDK) tərəfindən 19 sentyabr tarixində keçiriləcək hərracda 166 dövlət
əmlakı özəlləşdirilməyə çıxarılıb.
Komitədən XəzərXəbər-ə verilən məlumata görə, bunlardan 63-ü kiçik dövlət müəssisə və obyekti,
83-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətidir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq,
kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair
sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə
"Azinterservis”, "Çatal Broyler”, "Ləki Sinklənmiş qablar”, "Tərtər Konserv”, "Bərdə Kərpic”, "Goranboy Sənaye”, "Şəki
Tikinti Quraşdırma” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd
edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı,
respublikanın müxtəlif bölgələrində yerləşir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı, Gəncə, Abşeron, Qəbələ, Saatlı, Masallı, İmişli
və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı
sahəsi 24 kv.m ilə 2 min 100 kv.m arasında dəyişir. Hərraca çıxarılan
kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq,
təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Həmin
müəssisələrin özəlləşdirilməsi iqtisadiyyatın bir çox sahələrinin
inkişaf etdirilməsinə imkan verir.
Torpaq sahəsi 3 min kv.m-dən çox, ümumi faydalı sahəsi isə 660 kv.m
təşkil edən Goranboyda yerləşən "Qovlar tikiş fabriki” yüngül sənayenin
inkişaf etdirilməsinə şərait yaradır. İnvestisiyalar hesabına belə
müəssisə və obyektlərin maddi-texniki bazası yenidən qurulur, yeni
sistemlər və texnologiyalar tətbiq olunur. Daha sonra fəaliyyətini
genişləndirən bu kimi zavodlar, profil üzrə tələbatın ödənilməsində öz
töhfəsini verir. Eyni zamanda gücləndirilmiş istehsal nəticəsində
müəssisələr, tələbatı ödəməklə yanaşı xarici bazarlara çıxış imkanı əldə
edir. Bu isə ölkənin iqtisadi sahədə potensialının artmasına gətirib
çıxarır.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında "Çinar" soyuducular zavodunun Şəmkir
filialını nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün
sənaye sahəsində yaxşı qazanc deməkdir. Əmlakın torpaq sahəsi 27 min 150
kv.m, ümumi faydalı sahəsi isə 3000 kv.m-ə yaxındır. Bundan başqa Astara rayonunda yerləşən 45 saylı yeməkxana da sahibi üçün iaşə sahəsində gəlirli hesab olunur.
Qeyd edək ki, fəaliyyəti yenidən tam gücü ilə bərpa edilən müəssisələrə
yeni işçilər cəlb edilir: "Müəssisələrin əksəriyyətinin rayonlarda
yerləşməsi isə bölgələrin inkişafına imkan verir. Bu isə öz növbəsində
ölkədəki iqtisadi aktivliyə müsbət təsirini göstərmiş olur”.
Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən
isə 71-i paytaxtda, qalanları isə respublikanın digər rayon və
şəhərlərində yerləşir. Bu kateqoriya üzrə özəlləşdirilən əmlakların
ümumi faydalı sahəsi 16 kv.m ilə 117 kv.m arasında dəyişir.
Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi
üçün cəmi 2 sadə prosedur keçmələri kifayət edir. Bunun üçün
privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və
10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir
ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək
verilməlidir.
Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook
sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi
vasitəsilə aparılır. Bundan əlavə, Komitənin Özəlləşdirmə portalında
onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə
suallar cavablandırılır. Bununla yanaşı dövlət əmlakının
özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları
barədə məlumat komitənin rəsmi mətbuat orqanı olan «Mülkiyyət»
qəzetində də dərc edilir.
Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə
bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla
bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı,
sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda
yerləşdirilib. ƏMDK yerli və xarici investorları, sahibkarları, iş
adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə
fəal iştirak etməyə dəvət edir.