Xəzər Xəbər

OXUYUN: Bankda zamin duran şəxslər Bunlara diqqət!

İqtisadiyyat | 14:49 • 7 Avqust 2017
OXUYUN: Bankda zamin duran şəxslər

Kreditlə bağlı bankda zamin duran şəxslər bir sıra qaydaları bilməlidirlər.

Bu barədə Metbuat.az-a hüquqşunas Asif Abdullayev açıqlama verib:

"1. Zaminlik müqaviləsi üzrə zamin borclu şəxsin banka olan borcunu tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

2. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Müqaviləni zamin duran şəxs imzalamalıdır.

3. Borclu öz borcunu vaxtında və cədvələ uyğun ödəməsə və yaxud ümumiyyətlə ödəməsə, müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, zamin və borclu bank qarşısında birgə məsuliyyət daşıyırlar. Bank borcluya və onun zamininə qarşı məhkəmədə iddia qaldıra bilər.

4. Zamin məhkəmədə bankın tələbinə qarşı (şişirdilmiş borc, faiz və dəbbə puluna və sair məsələlərə dair) etiraz etmək hüququna malikdir. Zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin bankın tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Hətta bankdan pul götürmüş borclunun özü bankın tələb etdiyi məbləğlərə qarşı etiraz etməsə və yaxud bu tələbi qəbul etsə də, zamin öz etirazını bildirə bilər.

5. Zamin borclunun əvəzinə ödədiyi pulu borcludan tələb edə bilər və bununla bağlı məhkəməyə müraciət edə bilər. Misal üçün, bank borclunu və zamini məhkəməyə verib və məhkəmənin qətnaməsi əsasında zamindən 1.000 manat pul tutulub. Bu halda zamin həmin məbləğin ondan tutulduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməklə, 1.000 manatın borcludan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edə bilər”.

Xəbər lenti