Xəzər Xəbər

İpoteka almaq istəyənlərə şad xəbər - yeni sistem istifadəyə verilir

İqtisadiyyat | 11:34 • 27 İyul 2017
İpoteka almaq istəyənlərə şad xəbər -

Avqustun 1-dən etibarən Elektron İpoteka Sistemi (EİS) Elektron Hökumət Portalının real vaxt rejimində əhalinin tam istifadəsinə veriləcək.

"Azərbaycan İpoteka Fondu"nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ASC-də Elektron İpoteka Sisteminin Elektron Hökumət Portalı ilə inteqrasiya prosesi artıq başa çatıb. Bundan sonra "Azərbaycan İpoteka Fondu" ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs birbaşa internet vasitəsilə onlayn rejimində Elektron Hökumət Portalına (www.e-gov.az) daxil olub müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət etməlidir. Müraciət zamanı qeydiyyatdan keçərkən Elektron İmza Tokeni (www.e-imza.az) və ya "ASAN İmza"nı (www.asanimza.az) əldə etməlidir.

Qeyd edək ki, Elektron İpoteka Sistemi Azərbaycan Respublikası Prezidentinin ölkədə elektron xidmətlərin tətbiqi və istehlakçıların hüquqlarının qorunması üzrə tapşırıqlarını rəhbər tutaraq, o cümlədən "Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında" 22 iyun 2016-cı il tarixli 940 nömrəli Fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədilə yaradılıb. Sistemin fəaliyyətinin təşkilinin hüquqi, təşkilati və texnoloji əsasları Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2016-cı il tarixli 1126 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron ipoteka" sistemi haqqında Əsasnamə" ilə müəyyən edilir və onun fəaliyyətinin təşkili, idarə olunması və inkişafı elektron sistemin operatoru kimi "Azərbaycan İpoteka Fondu" ASC tərəfindən təmin edilir.

EİS-in tətbiqi ipoteka kreditlərinə çıxış imkanlarının sadələşdirilməsinə, ipoteka krediti almaq istəyən şəxslər üçün bərabər şərait yaradılmasına, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsinə, habelə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından faydalanaraq tələb olunan sənədləri real vaxt rejimində əldə etməklə, sərf olunan vaxta və xərclərə qənaət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək.

Xəbər lenti