Xəzər Xəbər

Texniki baxışda müasir ölçü cihazlarından istifadəyə başlanıb - FOTO

İqtisadiyyat | 14:18 • 24 İyul 2017
Texniki baxışda müasir ölçü cihazlarından istifadəyə başlanıb -

Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin Bakı şəhər şöbəsi Müfəttişliyin "Səyyar Xidmət” Qrupu ilə birlikdə bu gün "Azərsu” ASC-nin balansında olan traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxış keçirib.

Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin texniki baxışı zamanı tüstüyə operativ nəzarət portativ cihazı, mexaniki nəqliyyat vasitələrinin sükan idarəetməsinin boşluğunun ölçü cihazı, yolda sınama metodu ilə tormoz sisteminin effektivliyinin ölçü cihazı kimi müasir cihazlardan istifadə edilib.

Texniki baxışa təqdim edilən nəqliyyat vasitələrinin texniki vəziyyətinin dövlət standartlarının və digər normativ-hüquqi aktların tələblərinə uyğunluğu yoxlanılıb və nəticədə həmin nəqliyyat vasitələrinə dövlət texniki baxışdan keçməsinə dair akt tərtib edilərək, dövlət texniki baxış talonu verilib. Bu barədə elektron daşıyıcılarda müvafiq qeydiyyat aparılıb.

Həmçinin, nəqliyyat vasitələrinin mülkiyyətçilərinə müəyyən edilmiş müddətdə dövlət texniki baxışından keçmədiyi təqdirdə "İnzibati Xətalar Məcəlləsi”nin 340.1-ci maddəsinə əsasən "fiziki şəxslərin əlli manat məbləğində, vəzifəli şəxslərin yüz manat məbləğində, hüquqi şəxslərin üç yüz manat məbləğində cərimə edilməsi” izah edilib.

Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin "Səyyar Xidmət” qurupu tərəfindən bu tədbirlər respublikanın digər rayonlarında da davam etdiriləcək.

Xəbər lenti