Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi (ƏƏSMN) tərəfindən cari ilin yanvar-iyun aylarında respublika
əhalisinin 4,4 faizi və ya 442,8 min nəfər aylıq və birdəfəlik sosial
müavinətlə təmin olunub. Onlardan 86,6 faizinə aylıq, 13,4 faizinə isə
birdəfəlik sosial müavinət ödənilib.
Bu barədə
XəzərXəbər-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Müvafiq
qanunvericiliyə uyğun olaraq əlilliyə və sağlamlıq imkanları məhdudluğa,
yaşa və ailə başçısını itirməyə görə aylıq sosial müavinət təyin
olunaraq ödənilir.
Eyni zamanda, müharibə veteranları, müharibə əlilləri və şəhid
ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi
xidmət qulluqçularının, beşdən çox uşağı olan qadınların uşaqları və b.
aylıq sosial müavinətlə təmin edilirlər. Uşağın doğulmasına görə
ailələrə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə,
penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial
yardıma ehtiyacı olan insanlara isə birdəfəlik sosial müavinətlər
verilir.
Yanvar-iyun aylarında ƏƏSMN-nin xətti ilə Azərbaycan
Respublikası Prezidentinin təqaüdləri ilə təmin olunan şəxslərin sayı
isə 58 638 nəfər təşkil edib. Həmin təqaüdləri alan vətəndaşların
sırasına Azərbaycan Respublikasının Milli Qəhrəmanları və ya onların
ailə üzvləri, şəhid ailələri, müharibə əlilləri və onlara bərabər
tutulanlar, 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçıları, 20
Yanvar əlilləri, ümumi səbəblərdən I qrup əlillər, Azərbaycan
Respublikasının fəxri adlarını alanlar və başqaları daxildir.