Xəzər Xəbər

Mingəçevir-Bəhramtəpə yolu yenidən qurulur - FOTO

İqtisadiyyat | 12:38 • 21 İyul 2017
Mingəçevir-Bəhramtəpə yolu yenidən qurulur -

Mingəçevir-Bəhramtəpə avtomobil yolunun (R18) 138 km-lik hissəsi yenidən qurulur.

Bu barədə xezerxeber.az-a "Azəravtoyol” ASC-dən məlumat verilib.

Avtomobil yolu 2 hissə üzrə yenidən qurulur:

Aran-Qarağacı hissəsi (km 0-26), Qarağacı-Bəhramtəpə hissəsi (km 26-138)

Bundan öncə yolun Mingəçevir şəhəri-Mingəçevir stansiyası arasında olan 16.5 km-lik hissəsi yüksək səviyyədə qurularaq aprel ayında vətəndaşların istifadəsinə verilib. Yolun 16.5-154.5 km-lik hissəsində isə hazırda işlər sürətlə davam etdirilir. Bu hissədə yol 2 hərəkət zolaqlı olmaqla, 3-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yol yatağının eni isə 12 metr təşkil edir.

Ümumilikdə asfalt-beton örtük isə 27 sm təşkil edəcək. Mingəçevir-Bəhramtəpə yolunda yolun altından suların ötürülməsi üçün 268 ədəd suötürücü borunun quraşdırılması və 32 yerdə suötürücü keçidin inşası nəzərdə tutulub və bu istiqamətdə işlər aparılır. Bundan başqa, yolun altından keçidi təmin etmək məqsədi ilə 22 yerdə alt keçidin inşası aparılır.

Yol boyu 5 yeni körpü də inşa edilir. Körpülər - 0 km, qovşaq - 63 m (M2-R18 kəsişmə), 9.3 km, körpü – 33.8 m (İncəçay), 34.7 km, körpü – 111.4 m (Tərtərçay), 57.3 km, körpü – 61.1 m (Xaçın çayı), 85.2 km, körpü – 38 m (Qarqarçay).

Hazırda layihə çərçivəsində yol boyu torpaq işləri görülür, yeni yol yatağı və yol əsasının inşası aparılır. Hazır hissələrə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib. Bundan başqa yol boyu kommunikasiya xətlərinin köçürülməsi, suötürücü boruların, su və yeraltı keçidlərin inşası işləri də görülür.

Bütün işlər "Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulması ilə yol boyu yaşayan vətəndaşların istər Gəncə-Qazax, istər Qax-Balakən, istərsə də Beyləqan-Füzuli, Saatlı-Şirvan və Bakı istiqamətlərinə rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunacaq.

Xəbər lenti