Xəzər Xəbər

Tərtərdə 20 kəndin yolu yenidən qurulur

İqtisadiyyat | 10:39 • 19 İyul 2017
Tərtərdə 20 kəndin yolu yenidən qurulur

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Tərtər rayonunun Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisinə başlanılıb.

Bu barədə xezerxeber.az-a "Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

Uzunluğu 29,5 kilometr olan avtomobil yolu III texniki dərəcəyə uyğun yenidən qurulur. Tikinti layihəsinə uyğun olaraq 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni 12 metr təşkil edir.

Layihə çərçivəsində sözügedən yolun 18 kilometrlik hissəsində torpaq işləri yekunlaşdırılıb və asfaltlanma işlərinə başlanılıb. Ümumilikdə yolun 200 min kvadratmetrdən çox sahəsinə 2 qat olmaqla və 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənəcək.

Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun qalan 11,5 kilometrlik hissəsində isə hazırda torpaq işləri görülür, yeni yol yatağı və yol əsası inşa edilir.

Yolun yaşayış məntəqələrindən keçən ərazilərində yeni piyada səkiləri qurulub, səkilərin kənarlarına 6 min poqonmetr səki daşı düzülüb.

Yenidənqurma işləri çərçivəsində yolun 18-ci kilometrində Hincə çayı üzərində uzunluğu 12 metr olan və istismarı başa çatmış körpünün də əsaslı şəkildə bərpası işləri görülür. Bundan başqa, suların ötürülməsi üçün 42 yerdə müxtəlif diametrli dəmir-beton suötürücü borular da quraşdırılacaq.

Tikinti işləri başa çatdırıldıqdan sonra zəruri olan yerlərə 189 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd olunub ki, Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq.

Xəbər lenti